Cəmiyyət

Mövludun doğum gününə

17 Mart 2017 10:40
1 Şərh     Baxış: 2 313

Qeyd: Bu yazını altı il öncə, 2011-ci ildə Mövlud Mövludun doğum günündə yazmışam. Çoxdan fəaliyyətini dayandırmış saytların birində dərc olunmuşdu bu yazı. Bu gün isə Mövludun intiharını, artıq həyatda olmadığını düşünüb, sadəcə, susa bilirəm. Sadəcə, bunu yazmağa gücüm çatır: "Görüşəcəyik dostum, mütləq görüşəcəyik!"

Mövlud Mövludu ədəbi camiədə çox az adam tanımır.
14 yaşından ədəbi mühitin içərisindədir.
Bu gün ədəbi mühitdə öz imzasını kifayət qədər təsdiq edə bilmiş qələm adamlarının, demək olar ki, hamısı heç olmasa bir dəfə Mövludla çay (daha doğrusu araq) içib.
Hərdən mənə elə gəlir ki, Mövludu tanımayan qələm adamını Azərbaycanda heç kəs tanımır.
Çünki Mövlud bütün ədəbi çevrələrdə "görünüb".
Mənə elə gəlir ki, bütün istedadlı adamlar Mövludu tanıyır.
Mövlud da ədəbiyyatı, sözü çox yaxşı tanıyır.
Mövlud çox yaxşı bilir ki, ədəbiyyatda kimin yeri hardadır.
Hər kəsə layiq olduğu münasibəti göstərməyə çalışır...
Təbii ki, bəzi istisnalar da var.
Bütün mövzularda deyəcək heç olmasa bir cümləsi var.

***

O, istedadlı, səmimi və mehribandır. 
O, dostcanlıdır.
O, çoxlarından qat-qat etibarlıdır.
Bizi sayğıdəyər dostum Xanəmir tanış edib.
Onda Mövlud özəl telekanallardan birində çalışır, mən isə Gəncədə yaşayırdım.
Çox az-az görüşürdük.
Hətta bir dəfə ona balaca bir haqsızlıq eləmişdim.
Mən onun inciyib küsəcəyini düşünsəm də, Mövlud heç nə olmamış kimi, salam-kəlamı davam etdirmişdi.
Sonradan münasibətlərimiz  daha da sıxlaşmışdı.
Onun ədəbi istedadına "Çətirsiz" yazısından sonra qəti əmin olmuşdum.
Rövşən Naziroğluna həsr elədiyi yazını oxuyanda onun duyumuna paxıllığım tutmuşdu.
Aşıq Ədalətə həsr elədiyi yazıda onun sənətə münasibətinə qibtə eləmişdim.
Və aylar keçdikcə mən bu gənc oğlanı qardaşım kimi sevməyə başlamışdım.
Bakıda tez-tez görüşüb dərdləşir, olub-bitənlərdən, ədəbiyyatdan danışırıq.
Mövlud yaşca məndən kiçik olsa da məni xeyli istedadlı qələm adamı ilə tanış edib.
Hər tanışlıqdan sonra da deyir ki, "Mən istəyirəm ki, bütün istedadlı, yaxşı adamlar bir-birini tanısın".
Onun isti münasibəti mənə hər zaman stimul verib.
Çatışmayan xüsusiyyətləri ilə də o sevimlidir.
Mövlud ağlamağı da, ağlatmağı da, gülməyi və güldürməyi bacardığı kimi bacarır.
Onun ağıllı gözlərində kədər də, sevinc də eyni qədər parıltılı görünür.
 Nə hikmətdirsə, yazılarında da, söhbətlərində də həmişə kədərin dozası çox olur.

***

Bu gün onun doğum günüdür.
Dostların sevimlisi olmağı bu illər ərzində bacara bilib.
Bu, onun ən böyük qazancıdır, məncə.
İndi Bakıda olsaydı, yəqin ki, hardasa məclis qurub dostları da başına yığmışdı.
Məclis qurmaq məsələsində olduqca peşəkardır.
Pul olanda da, pulsuz vaxtında da bu missiyanı şərəflə yerinə yetirir.
Ən lazımlı anda Xızır kimi yetişir.
Onun xoş günündə, sevincli günündə yazmaq, onu xatırlamaq keçdi ürəyimdən.
Çünki o, bütün dostların sevimlisidir.
Hər dəfə görüşəndə ondan az içməsini xahiş edirəm.
Amma nədənsə hər xahişdən sonra kafelərdən birinə çəkilib, bir balaca "boğazımızı yaşlayırıq".
Mövlud isə heç vaxt içkini atacağına söz vermir.
Onun içkiyə meyli bəlkə də istədiklərini əldə edə bilmədiyindən yaranır.
Kim bilir ürəyində nə qədər arzuları var dostumun.
Sənin haqqında çox da yaza bilərəm, amma bu doğum günündə bu yazı da kifayətdi, məncə.
Sonra ağzıgöyçəklər deyəcək Mövludu tərifləyib göyə qaldırır.
Amma öz aramızdı göylərə qaldırılmağa haqqı olan oğlansan.
Doğum günün mübarək, Mövlud!!!
İnandıqların səni qorusun!!!

15.08.2011
Cəlil Cavanşir
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Celil muellime · 17 Mart 10:5910

    Salam. Ilk once ALLAH REHMET ELESIN! Men dunenden nece pis olmuwam rehmetlik haqda oxuduglarima heyatdan tez kocub getmesine. Bes valideyinleri hecmi pis olmayiblar definde bele iwtirak etmeyibler?( bes heyat yoldawi? Bu haqsizliq deyilmi?(( xalasi Xumar xanim? Bu qeder insanlar qeddarlawib demek.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.