Cəmiyyət

Hər şey evin arxa tərəfinə asfalt salınanda başladı...

16 Mart 2017 22:51
0 Şərh     Baxış: 1 676

"9 il əvvəl asfaltı düz çəkməyiblər. Hər dəfə yağış yağanda, sular əvvəlcə evin arxasına yığılır, sonra süzülüb evə dolur. Özüm ürək əməliyyatı keçirmişəm, 3 azyaşlı övladım var, hərəsi bir xəstəlik tapıb".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Goranboyun Dəliməmmədli kəndində yaşayan Sevil Nəbiyevayaşadığı şəraitdən danışır. Deyir, əslində, zar-zor özünə və övladlarına bir ev qurub rahat yaşayırmış. O gün ki evin arxa küçəsindən yol çəkiblər, bax, həmin vaxtdan ailə rahatlığını da, sağlamlığını da itirib.

"Özləri də etiraf edirlər ki..."

Sevil Nəbiyevanın sözlərinə görə, müxtəlif qurumlara müraciət edəndən sonra gəlib baxış keçiriblər:

"Özləri də etiraf edirlər ki, vətəndaşın evi öz səhlənkarlıqları üzündən bu hala düşüb. Vaxtında asfaltı düz çəkməyiblər, suyun axar yeri olmadığından, gəlib evin arxasına yığılır. Güclü yağış yağanda, su divar boyunca qalxır. Bu neçə ildə divarların suvağını yuyub aparıb, daşlar aralanıb. Güclü yağış yağanda, evdə qalmırıq, çünki otaqlara su dolur".

Dəliməmmədli sakini yorğan-döşəkdən tutmuş, elektrik cihazlarınadək hər şey xarab olduğuna diqqət çəkir. Ancaq zərər təkcə dünya malına dəysəydi, nə vardı ki: "Ciyərlərimiz, böyrəklərimiz sıradan çıxıb. Özüm ürək xəstəliyinə tutulmuşam. Bu yaxınlarda ürəyimdə əməliyyat da olunub".

"Dediyiniz kimidirsə, bir tədbir görülər"

Goranboy Rayon İcra Hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını bildiriblər: "Kəndiçi yolları bələdiyyə asfaltlayır. Ailənin vəziyyətini araşdıracağıq. Əgər dediyiniz kimidirsə, bir tədbir görülər".

Sağlamlığa vurulan zərərin əvəzini kim ödəyəcək?

Asfalt döşəyənlərin birini ürək, üçünü böyrək xəstəsinə çevirdiyi ailə üzvlərinin gözü qapıdadır. Bu insanların ötən 9 ildə sağlamlığına vurulan zərərin əvəzini kimin ödəyəcəyi də bilinməz qalır. Hüquqşünas Vaqif Alıyev deyir, ailə başçısı məhkəməyə müraciət edib sağlamlığa və əmlaka vurulan zərərə görə asfalt döşəyən qurumdan kompensasiya və mənəvi zərərə görə təzminat tələb edə bilər:

"Əlbəttə, daha öncə ailənin çəkdiyi zərərlərin məhz asfaltın düzgün çəkilməməsindən qaynaqlandığı sübut olunmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.