Cəmiyyət

Facebook-un azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...” - FOTO

16 Mart 2017 22:28
5 Şərh     Baxış: 2 325

Lənkəranlı müəllimənin Facebooka qədər uzanan uğur hekayəsi: "Həyat yoldaşım da bu şirkətdə çalışır, amma gün boyu burda bir-birimizin üzünü görmürük"

"Sizə gözəl sürprizim var. Xəbəriniz varmı ki, Facebook (İnstaqram) şirkətlərində azərbaycanlı ər-arvad işləyir? İstəsəz, sizə onların nömrəsini verərəm və San Fransisko səfəriniz zamanı onlarla da görüşərsiz"...

Milli.Az musavat.com-a istinadən bildirir ki, Amerika səfərimə can yandıran, müsahib axtarışlarımda yoluma yaşıl işıq yandıran telejurnalist, Vaşinqtonda yaşayan Aynur Talıbova idi bu anonsun müəllifi. Hələ Bakıda olanda, yəni, Amerikaya yola düşmədən bu anonsu verdi, həmin ailənin xanımı ilə əlaqələrimi yaratdı... Amma və lakin... Hamını bir araya yığan bu məşhur sosial şəbəkənin içinə girmək Ağ Evə girməkdən daha çətin imiş. 10 gün öncədən rəsmi məktub yazdıq - "sizə qonaq gələ bilərikmi?" janrında. Əsaslandırılmış, rəhbərlik tərəfindən imzalanmış, möhürlü bir sənədi onların rəsmi ünvanlarına yolladıq. Tamam, hər şey bitdi, deyərkən... Çikaqo səfərimin ilk günündə elə Facebook rəsmisindən "qara kağız" gəldi. Xüsusi izahat da verilmədi. Sadəcə, üzgün imişlər, bizə yardım edə bilmirlərmiş, binaya girməyə icazə vermirlərmiş... Olsun, Mark müəllim yüz milyonların sevinc-kədərlərini, iç üzlərini, fəaliyyətlərini, cikini-bikini bir internet ünvanına toplasa da, öz məkanını olduqca mərhəm saxlayır. Hər istəyən ayaq basa bilməzmiş.

Hətta o qədər ki, Facebook (İnstaqram)da çalışan azərbaycanlı həmvətənimizlə şirkətin həyətində görüşmək istəyəndə belə mühafizəçinin sorğu-sualı ilə qarşılaşdıq. Həmyerlimiz Aytəkin Əliyeva bizimlə Facebook loqosunun qabağında müsahibə vermək üçün anlaşmışdı. Onun gəlişinə qədər maşında yarım saata qədər gözlədik. Bu arada mühafizəçi üç dəfə (!) gəldi, gözlədiyimiz adamın kimliyini, niyə gecikdiyini soruşdu. Şirkətin işçisi, bizim potensial müsahibimiz Aytəkin xanım Facebookun, öz qanuni iş yerinin loqosunun qabağında dayanıb, müsahibə vermək istəyəndə isə... məlum oldu ki, bu da yasaqmış.

Amerikalılara demokratiya dərsi verilməz... deyib yaxınlıqdakı kafelərdən birinə üz tutduq biz də. Aytəkin xanım bizə Azərbaycandan bu məşhur məkana uzanan hekayəsinin detallarını danışmağa başladı.

- Aytəkin xanım, ilk sual bəllidir. Hamının beynində bir məsələ cavablanmamış qalıb: haradan haraya? Necə oldu ki, yolunuz bu nəhəng şirkətə düşdü?

- Mən özüm əslən Lənkərandanam. Lənkəran Dövlət Universitetini bitirdikdən sonra orda müəllimə işləmişəm. Orda çalışdığım ilk günü xatırlayıram. Sentyabrda ilk dərs günündə bütün məktəb şagirdlərinin və direktorunun qarşısında çıxışım olub. Gələcək planlar, uşaqların inkişafı haqda idi bu çıxış. Orda 5-6 il yaşamışam və müəllimə işləmişəm. Buna baxmayaraq, hər zaman düşünürdüm ki, müəllimlik sənətini nə qədər sevsəm də, müəllim ailəsində doğulsam da, mənim xəyallarım daha böyükdür. Daha böyük işlər görmək istəyirəm. Cəmiyyətə daha böyük aspektdən fayda vermək istəyirəm. Müəllim işlədiyim vaxt British Councel və Amerikan Councel-ın tədbirlərində çox iştirak edirdim. Amerikaya ilk dəfə müəllim kimi səyahət etmişəm.

ACCELSin TEA proqramı ilə gəlmişəm. Burda 2.5 aylıq müəllimlik kursunda iştirak etmişəm. Amerika barədə təəssüratım o qədər yüksək oldu ki, qərar verdim bura bir daha gəlim və öz üzərimdə daha çox işləyim. Qərarım bu oldu ki, öz öyrəndiyim məlumatı və bilikləri Azərbaycandakı digər insanlarla paylaşmalıyam. Bundan sonra mən Amerikaya müxtəlif mübadilə proqramları ilə daha 4 dəfə səyahət etdim. Sonra geri qayıtdım. Ən son iştirak etdiyim mübadilə proqramı 2000-ci ildə olub. Mən burda master proqramı ilə, media üzrə oxudum.

- Bəs müəllimlikdən mediaya keçid necə oldu?

- Lənkəranda müəllim kimi çalışanda düşünürdüm ki, müəllimlik çərçivəsindən daha kənara çıxmaq lazımdır. O baxımdan beynəlxalq layihələrə müraciət edirdim. İREX proqramında işə götürüldüm. Sonra orda çoxlu sayda regional layihələri uğurla yerinə yetirdiyim üçün məni baş ofisə çalışmağa dəvət etdilər. Demək olar ki, mənim bu həyata çıxışım ordan başlayıb. Orda işlədikdən sonra mənim layihələrim daha çox media ilə bağlı oldu. Mən media ilə işlər görməyə başladım və sosial mediaya marağım ordan artdı. O vaxtdan facebook-a olan sevgim də yarandı. Orda çalışarkən düşündüm ki, mən media sahəsində işləsəm də, media üzrə, xüsusən sosial media üzrə təhsilim olmadığı üçün bu, mənim işlərimi axsadır. Düşündüm ki, Amerika sosial medianın özəyi olduğuna görə bu sahədə təhsil alım. 2010-cu ildə EDMUND MUSKIE Mubadile Proframi ile New Media/Yeni Media ixtisası üzrə təhsil almışam.

- Sosial mediaya olan marağınız və ardınca dünyanın bir nömrəli sosial şəbəkəsinə düşən yolunuz... Ondan danışaq mümkünsə.

- Burda universitetdə oxuyanda mən tezisimi sosial media üzrə yazmışdım. Araşdırdıqca Faceboka olan marağım daha da böyüyürdü. Universiteti bitirdiyim il iş üçün Facebooka müraciət etdim. Amma mən indi anlayıram ki, o vaxt mənim sosial media üzrə təcrübəm yetərli olmadığına görə müraciətim qəbul olunmadı. İndi təhlil edirəm ki, əgər 5 il öncəki rezümemlə indikini müqayisə etsəm, fərq çox böyükdür. Qəbul olunmamağımı da müsbət qarşılayıram. Nə yaxşı ki, həmin vaxt qəbul olunmayıb. İndi daha təcrübəliyəm və mənzərəni daha rahat görürəm. Bəli, alınmadı və mən öz təcrübəmi 3 ay boyunca media şirkətində davam etdirdim. Ondan sonra ailə ilə bağlı müvəqqəti olaraq müəyyən işlərdən uzaqlaşdım. Sonra ailə biznesimizi qurmağı düşündük. Mənim marketinqə marağım böyük olduğu üçün həyat yoldaşımın şirkətinin reklam olunması və marketinqini özüm evdən yerinə yetirirdim. Amma sonradan düşündüm ki, evdən çalışmaq heç bir karyera inkişafına kömək etmir. Mən artıq digər şirkətlər üçün çalışmalıyam ki, öz üzərimdə işləyim və irəliləyim. Mən başladım iş axtarmağa. Bir kampaniyada işə düzəldim. Amma gördüm ki, orda gördüyüm iş mənim ixtisasıma uyğun deyil. Başladım yeni axtarışlar etməyə. Rezümemi təqdim etdim bir neçə yerə. Sonra mənə zəng gəldi. Dedilər ki, biz sizin rezümenizi görmüşük, İnstaqramda kontraktor işi var, sizinlə bu haqda danışmaq istəyirik. Bu, təbii ki, mənim üçün inanılmaz oldu. Düşündüm ki, illər öncəki xəyallarım baş tutur. Üstəlik, mən özüm baş vurmamışam, onlar mənə müraciət ediblər. Həmin ayın həyəcanını sizə izah edə bilmərəm (gülür). Çox həyəcanlı oldu hər şey. İntervü prosesi, təklif, iş görüşməsi... İndi də danışdıqca həyəcanlanıram. Orda mənə kontraktor işi təklif etdilər və mən hazırda orda kontraktor vəzifəsindəyəm.

- Necədi burdakı işiniz? Nəylə məşğul olursuz? Gününüz necə keçir?

- Hazırda mənim iş mühitim arzuladığım iş mühitidir. Burda hər kəs bir-birinə hörmətlə yanaşır. Bundan artıq detallara girə bilməyəcəm. Çünki bizim iş müqaviləmizdə mediaya daxili iş qaydaları, iş mühiti ilə bağlı açıqlama verməmək tapşırılıb.

- Bildiyim qədər həyat yoldaşınız da Facebookda çalışır. Bir təsadüf, ya...?

- Mən İnstaqramın bir layihəsində çalışıram. Həyat yoldaşım isə kontraktor olaraq Facebookun bir layihəsində çalışır. İlk başda mən İnstaqramda çalışdım. Məndən sonra isə yoldaşım Facebookda işə başladı. O da Facebookda iş fürsəti olduğu üçün bunu dəyərləndirdi. Facebook ümumi şəbəkə olsa da, İnstaqram onun daxilində bir layihə kimi fəaliyyət göstərsə də, eyni şirkət daxilində çalışsaq da, işdə bir-birimizi görmürük. İş cədvəlimiz bir-birinə uyğun deyil (gülür). Onun işlədiyi saatlar mən işləmirəm. Mənim işlədiyim saatlar isə o çalışmır. Orada iş etikası o qədər yüksəkdir ki, biz bir-birimizin işinə müdaxilə etmirik, sorğu-suala girmirik. Çünki onun işinin ayrı layihə strukturu var, mənim işimin ayrı layihə strukturu. Biznes etikası orda yüksək səviyyədə gözlənilir.

- İnsana inandırıcı gəlmir ki, Azərbaycandan, onun bir rayonundan, Lənkərandan bir nəfər müəllimə əzm edir və böyük bir şirkətdə işləməyi bacarır. Bunun üçün əsas olan şansdırmı? Yoxsa başqa detallar və ip ucları var?

- Gözəl sualdır. İlk gələndə bu sual barədə çox düşünmüşdüm. Hətta yeni ana olduğum vaxtlarda kənardan iş qadınlarını görəndə bu, mənə əlçatmaz kimi görünürdü. Necə etmək olar ki, yüksək səviyyəli bir şirkətdə işləyəsən, ya da müstəqil şəkildə iş qurasan? Kənardan müşahidə aparmağa başladım bir neçə insanı. Onların həyat tərzini, işini araşdırdım. Anladım ki, Amerikada öz üzərində çalışdıqca, yaxşı şəbəkə qurduqca bu, sənin xəyallarını reallaşdırmağa 70 faiz kömək edir. Digər 30 faiz nədir? Təslim olmamalısan, daim öz xəyallarının arxasınca getməlisən. Amerikanı digər ölkələrdən fərqləndirən ən üstün cəhət odur ki, bura imkanlar yaradan ölkədir. Əgər insanlar hər hansı məqsədi qarşısına qoyursa, daim öz üzərində çalışırsa, buna nail olur. Bu, bəzən 5 il vaxt aparır, bəzən daha çox. Amma bu müddət ərzində təslim olmamaq lazımdır. Ən önəmlisi odur ki, sənin sferanda çalışan insanlarla biliyini genişləndirə bilərsən. Onlar sənə məqsədə çatmaq üçün daha praktik və qısa yolu göstərə bilər, təcrübələrini paylaşarlar. Fürsətdən istifadə edib deyim ki, biz özümüz burda olanda ailə biznesi yaratdıq. Həmin vaxt mən burda miqrant olaraq biznes qurmağın necə çətin olduğunu gördüm. Xüsusən də miqrant qadınlar üçün çətinlikləri hiss etdim. Hazırda mən bununla bağlı miqrant qadınlara yardım etmək məqsədilə bir şəbəkə qurmağa çalışıram. Bu şəbəkə vasitəsilə miqrant qadının Amerikada özünü necə inkişaf etdirəcəyi, qısa yollardan keçərək, uğura imza atmasının mümkünlüyü təbliğ olunacaq.

- Yaxın gələcək üçün planlarınız necədir? Hazırkı iş yerində qalıb davam etmək, yaxud daha yüksək pillələrlə irəliyə doğru?

- Mən hazırda işimi həddən artıq sevirəm. Burada "happy friday" (xoşbəxt cümə) anlayışı var, iş həftəsi bitəndə insanlar sevinirlər. Amma məndə "happy Monday" (xoşbəxt bazar ertəsi) üstündür. Çünki bilirəm ki, bazar ertəsi gələndə mən işə gedib xoşbəxt olacam. Çox sevinirəm ki, bazar ertəsi oldu. İnstaqram layihələrində işimi davam etdirməyi düşünürəm. Bununla paralel, miqrant qadınların biznesi ilə bağlı layihəmə fokus olmuşam. İstəyirəm ki, şəbəkəm genişlənsin və digər qadınlara faydalı olan məlumatlarımı paylaşa bilim.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Türkan · 16 Mart 22:4860

    İlahi nece sadedi.maşallah olsun bu xanıma.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 16 Mart 23:1350

    Ugurlar bol olsun.

    Cavab yaz
  • Anonim
    FF111 · 17 Mart 00:1040

    UGURLAR !

    Cavab yaz
  • Anonim
    Bakili · 17 Mart 00:3930

    Yeni - yeni ugurlar arzulayiram !

    Cavab yaz
  • Anonim
    Anonim · 17 Mart 02:3120

    ALLAH komeyi olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.