Cəmiyyət

"Digər qurumlar da nəzarət etməlidir" - Kamran Əliyev

9 Mart 2017 21:31
4 Şərh     Baxış: 1 379

Sərnişindaşıma qaydalarının pozulması hallarına qarşı dövlət yol polisi əməkdaşları mütəmadi tədbirlər həyata keçirirlər, amma bu məsələyə digər qurumlar da nəzarət etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda çoxsaylı şəxsin ölməsi və yaralanması ilə nəticələnən qəza ilə bağlı açıqlamasında bildirib.

K.Əliyev əlavə edib: "Qəza törədən mikroavtobus nəzarət postundan keçib. Lakin pik saatlar olduğundan ola bilsin ki, əməkdaşlarımızın diqqətindən yayınıb. Çünki yol polisi təkcə sərnişin daşınmasına nəzarət etmir. O qədər qayda pozuntuları olur ki, həmin pozuntulara nəzarət olunan halda bir mikroavtobusun içərisində 2 nəfər artıq sərnişinin olması gözdən yayına bilər. Dayanacaqlarda sərnişinlərin minib-düşməsinə nəzarət olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar var. Bu səlahiyyətlər yol polisi ilə yanaşı, digər əlaqədar qurumlara da həvalə olunub. Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qaranlıq məqamlara istintaq aydınlıq gətirəcək".

Qəza ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan mikroavtobus sürücüləri yollarda "kamikadze"lik edirlər.

Ekspert qeyd edib ki, 12 nəfərlik sərnişin tutumu olan avtobusda 25-30 sərnişinin daşınması məsələsinə aydınlıq gətirilməlidir:

"Qəza törədən mikroavtobus bəlkə sərnişin daşınması üçün nəzərdə tutulmayıb? Həmin mikroavtobuslar yük avtomobilləridir, konstruksiyası dəyişdirilərək sərnişin avtobusu kimi istifadə edilir. Avtomobilin qeydiyyat şəhadətnaməsində bu nəqliyyat vasitələrinin yük üçün nəzərdə tutulduğu yazılıb".

Ekspert həmçinin deyib ki, şəhərlərarası marşrut avtobuslarında hər bir oturacaqda təhlükəsizlik kəməri olmalı və sərnişinlər bundan istifadə etməlidirlər:

"Şəhərdaxili marşrutlarda təhlükəsizlik kəmərləri nəzərdə tutulmayıb. Amma şəhərlərarası marşrut avtobuslarının hər birində sərnişinlərin oturacaqlarında təhlükəsizlik kəmərləri olmalıdır. Bu, beynəlxalq normadır. "Yol hərəkəti haqqında" qanunda da göstərilib ki, idarə edilən bütün avtomobillər beynəlxalq və milli standartlara uyğun olmalıdır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də qeyd edib ki, Azərbaycanda şəhərlərarası marşrut avtobuslarında arxa oturacaqlarda təhlükəsizlik kəmərləri yoxdur:

"Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə sərnişin daşınması haqqında" Qaydalar var. Həmin qaydalara görə, sərnişin avtobusları nəqliyyat vasitəsindəki sərnişin yerlərinə görə sərnişin qəbul edə bilərlər. Şəhərdaxili marşrutlardakı avtobuslarda oturacaq yerlərindən əlavə, avtobusda ayaq üstə daşınması üçün sərnişin sayı da göstərilir. Bu say avtomobilin texniki pasportunda qeyd olunur. Amma Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 12-15 nəfərlik mikroavtobusda 25 nəfər olub. Əslində, marşrut avtobusu texniki baxışdan keçməli, sürücü hər gün tibbi müayinə olunmalıdır. Avtomobil və sürücünün marşruta çıxmasına gündəlik icazə verilməlidir. Avtomobil hər gün texniki müayinə edilməli, sərnişin daşımaya yararlı olduğu halda xəttə buraxılmağa yazılı icazə verilməlidir".

Ekspert bildirib ki, Azərbaycanda rayon və şəhərlərarası marşrut üzrə hərəkət edən mikroavtobuslarda qabaq oturacaqlarda təhlükəsizlik kəmərləri olsa da, salonda və arxa oturacaqlarda bu kəmərlər yoxdur:

"Məsələn, qonşu İranda bir şəhərdən digər şəhərə sərnişin daşıyan avtobus polis postunda saxlanılır, təhlükəsizlik kəmərləri yoxlanılır. Onlarda təhlükəsizlik kəmərləri olmayan avtobuslar marşrutdan kənarlaşdırılır. Həmin avtobus hərəkətdə olarkən sürücü yolboyu sərnişinlərə bir neçə dəfə təhlükəsizlik kəmərlərindən istifadə edilməsi barədə xəbərdarlıqlar edir. Təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişin sürücünün göstərişi ilə avtobusu tərk edir. Təhlükəsizlik kəmərindən istifadə Azərbaycanda aşağı səviyyədədir. Amma əslində, bu kəmər qəza anında insan həyatının ən azı 50 faizini sığortalayır. Əgər Azərbaycanda bu təcrübədən istifadə olunsa, müsbətə doğru böyük dəyişikliklər olar. Azərbaycanda hazırda minik avtomobillərində təhlükəsizlik kəmərlərindən istifadə edilməsi yoxlanılır, amma sərnişin avtobuslarında yoxlanılmır. Azərbaycanda sərnişin mikroavtobuslarının əksəriyyətində oturacaqlarda təhlükəsizlik kəmərlərinin yeri yoxdur".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan 50 BN 132 dövlət nömrə nişanlı "Ford-tranzit" markalı mikroavtobusun yük maşınına çıpılması nəticəsində mikroavtobusun içərisində olan 5 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sebiş · 9 Mart 22:2120

    Bizde nəyə görə qaydalara əməl olunmur sürücülər cox özbaşınalıq edirlər dünən avtobusa bir nefer gürcüstan vetendaşı mindi burda astanovkadan kənar saxlayırlar siqaret cekirlər ancaq gürcüstanda bela deyil orda qayda qanun var

    Cavab yaz
  • Anonim
    mu xa · 9 Mart 22:4720

    Bizda avtobus va taksi xidmati yox vaziyatindadir.ancaq baki bus lardan basqa.cunki cavabdeh qurum ozu bilir na isla masquldur natica balidi.hala axsamlar ahmadli metrosunun qabaqinda na vaziyyat yarandiqini hec kim gormur daqiqada paturul masini bela gedib galir guya kordu gormur balli di niya cox hormatli kamran mullim deyir basqa qurumlarda nazarat etmalidir onda o isa nazarat edan adamlar na isla masquldur

    Cavab yaz
  • Anonim
    Sevda · 9 Mart 23:3820

    Ğərək ölüm itim olsun sonra hərəkətə kecəsiniz Eh xeyri yoxdur bir müddət kecəndən sonra yenə özbaşınalıq tüğyan edəçək

    Cavab yaz
  • Anonim
    səbinə · 10 Mart 08:5510

    günah şərnişin avtobusun sahibkarın günahıdır çün ki yüksək plan şürücülə çox kobdur onları mən qınamıram plan üçün vuruşurlar həmdə 1 qün saat 5-dən sər axşam 12 yə kimi buna nə əsəb nədə səbir davam gətirir həmdə sərnişinlərdə elə bil taksiyə miniblə harda gəldi saxlayırlar sürücüdə günahı var birdəfə saxlamasar əla olar milət bir adım piyada getməyi öyrənər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.