Cəmiyyət

“Ağcabədi, saga ver, saxla”: nömrə əvəzinə söz yazmaq olarmı?

25 Fevral 2017 20:36
4 Şərh     Baxış: 6 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toy karvanlarında "Dostum evlənir", "Dostumun toyudur", "Xoşbəxt olun" kimi lövhələr yapışdırılan avtomobilləri, yəqin ki, çoxu görüb. Hətta bəzən tanınmış şəxslər və müğənnilərin nömrə əvəzinə avtomobilinə öz adlarını da yapışdırdıqlarının şahidi oluruq. Bu dəfə isə yük avtomobilinin sürücüsü avtomobilini arxa tərəfinə telefon nömrəsi və yaşadığı rayonun adı yazılmış lövhə yapışdıraraq idarə edir. Fotoşəkildən də görünür ki, "04 BL 054" nömrəli yük maşını qeydiyyat nişanının yanına yaşadığı rayonunun adın - Ağcabədi və digər bir tərəfinə isə öz telefon nömrəsini bərkidib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bir çox ölkələrdə nömrə yerinə hər hansı digər sözlərin və ya adın yazılmasına qanunla icazə verilsə də, Azərbaycanda "Yol hərəkəti haqqında" qanun hər bir mexaniki nəqliyyat vasitəsini, hətta onun qoşqusunun dövlət qeydiyyat nişanı olmadan idarə etməni qadağan edir. Çünki qanunvericiliyə görə, dövlət qeydiyyat nişanı həmin nəqliyyat vasitəsini digərlərindən fərqləndirmək, yəni onu fərdiləşdirmək üçün əsas vasitədir. Bəs nömrə göründüyü halda avtomobilə bu cür ad, telefon nömrəsi və ya digər söz yazılmış lövhə yapışdırmağa qanunla icazə varmı?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin bildirdiyinə görə, bu reklam qaydalarının pozulmasıdır:

"Qanunvericiliyə görə, nəqliyyat vasitələrinin arxa hissəsində reklam yerləşdirilməsinə icazə verilmir. Yük maşınlarının bortunda əlavə olaraq 30 sm hündürlüyündə dövlət qeydiyyat nişanları təkrar yazılmalıdır. Başqa reklam xarakterli hər hansı məlumatın yerləşdirilməsinə icazə verilmir. Qanunvericiliyə görə, bu halda avtomobil idarə edən fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər isə 1500-2000 manat məbləğində cərimə olunurlar".

İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəssində göstərilir ki, dövlət qeydiyyat nişanları saxta olan, mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş nəqliyyat nişanları ilə avtomobilin idarə olunmasına görə 60 manat məbləğində cərimə nəzərdə tutulub.

Qeyd edək ki, bəzi ölkələrdə, o cümlədən, qonşu Gürcüstanda avtomobilinin üzərində ad, digər söz və ya nömrə yazdırmaq qanunla qadağan deyil. Bunun üçün həmin avtomobil sahibinin dövlət büdcəsinə müəyyən qədər vəsait ödəməsi tələb olunur.

Məsələn, Ukraynada bu elə də böyük xərc tələb etmir. İstənilən şəxs cəmi 3000 qrivna (təxminən 200 manat - virtualaz.org) dövlət rüsumu ödəməklə asanlıqla istədiyi sözü maşınının nömrə yerinə yazdıra bilər. Gürcüstanda isə 2 min dollara nömrə yerinə söz yazdırmaq mümkündür. Bundan başqa, Avropa Birliyinə daxil olan ölkələrdə də belə bir məhdudiyyət yoxdur. Məsələn, Almaniyanın Frankfurt şəhərində yaşayan bir azərbaycanlı 800 dollara nömrə əvəzinə öz adını yazdırıb.

ABŞ-da da hər bir vətəndaş müəyyən məhdudiyyətlərlə istədiyi rəqəm və ya ifadəni öz avtomobilinin nömrə nişanı kimi yazdıra bilər. Bu ölkədə avtomobil sahibinə standart və ya xüsusi nömrə seçmək imkanı da verilir. Standart dövlət, xüsusi isə avtomobilin sahibi tərəfindən müəyyən edilir. Xüsusi nömrə maksimum 7 işarə və 1 boşluqdan ibarət ola bilər. Sifariş etməzdən əvvəl vətəndaşın istədiyi nömrənin istifadədə olub-olmadığını yoxlamaq imkanı var.

Nömrələrin qiymətinə gəldikdə isə, xüsusu nömrələrin qiyməti nömrənin fon görüntüsündən asılı olaraq 10-25 dollar arasında dəyişir. Mürəkkəb quruluşa malik olmayan nömrələrin böyük əksəriyyəni 10 dollaradır. Nömrə təxminən 3 həftə ərzində ev ünvanına göndərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.