Cəmiyyət

Güclü olacaqsan, qardaşım…

24 Fevral 2017 17:42
9 Şərh     Baxış: 1 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azacıq kövrək, sentimental, duyğusal oldunsa evin yıxıldı. Çünki kövrəkliyi acizlik kimi, çarəsizliyi deyingənlik kimi anlayır adamlar. Nə qədər çox çarəsiz görünsən, bir o qədər təklənəcəksən, əzəcəklər, güləcəklər. Anlasalar, bilsələr ki, ürəyin şüşədəndir mütləq qıracaqlar. Yıxıldığını görəndə əl uzatmaq əvəzinə qaçacaqlar. Adamlar üçün yıxılana kənardan baxıb qalxmaq üçün çabalamasını seyr etmək daha əyləncəlidir. Yıxılmaq sənin günahındır, ona görə güclü olub qalxmağı bacarmalısan. Yox, əgər səni yıxıblarsa, bu da sənin günahındır, güclü olub səni yıxmaq istəyənlərə imkan verməyəcəksən. İçində bir güc, təpər tapıb qalxmalısan ki, zəif, aciz görünməyəsən. Aciz olduğunu bilsələr, əzib üstündən keçəcəklər. Ən çarəsiz halında belə, özündən yapışıb qalxmağı bacarmalısan.

...Uşaqlıqda ən sevdiyim kitabalardan biri Rudolf Erix Raspenin "Baron Münhauzenin sərgüzəştləri"ydi. Baron Münhauzenin uydurduğu məzəli əhvalatları oxuduqca kefim açılırdı. 

O uydurma əhvalatlardan biri uzun illərdir mənə yaşamaq gücü verir. Xatırladıqca gülsəm də, bataqlıqda batan Baron Münhauzenin öz saçlarından (ya da parikindən) yapışıb özünü dartıb çirkabdan çıxarması, özündən yapışıb özünü xilas etməsi tez-tez yadıma düşür. Bataqlıqda batan adamın saçlarından yapışıb özünü girdabdan çıxarması, sözsüz ki, mümkünsüz, ağlabatmaz görünür. Amma insanın özünə güvənib, özündən yapışıb dikəlməsi, düşdüyü çətin vəziyyətdən çıxmsı mümkündür. Dəfələrlə Münhauzensayağı öz saçlarımdan yapışıb bataqlıqdan çıxmışam. Və anlamışam ki, ən çətin vəziyyətdə belə insan özünə güvənməli, öz daxili gücünü, enerjisini, bilgilərini, təcrübəsini səfərbər etməlidir.

Güclü olacaqsan qardaşım, başqa yolun yoxdur. Nə qədər kövrəksənsə, bir o qədər tez çiliklənib töküləcəksən ayaqlar altına. Dərdin varmı - içində çək. Xəstəlindinmi - başının çarəsinə bax. Ağladıqca, sızladıqca, ahu-fəğan etdikcə səninlə məzələnəcklər, güləcəklər. Ən yaxşı halda təsəlli verib izdihamın içinə qarışacaqlar, gedəcəklər. Kimsənin arxasınca baxmayacaqsan, kimsədən mədət ummayacaqsan. Öz gücünə inanacaqsan.

...Dörd il əvvəl həkimlər təhlükəli bir xəstəliyimin olduğunu aşkarladı. Əvvəlcə çox ümidsiz, inamsız olsam da, yavaş-yavaş toparlandım. Ölüm riski, yaşamaq şansından daha çox olsa da, heç nəyə baxmadan yaşamağa, xəstəliklə savaşmağa başladım. Xəstəliyimin ilk mərhələsində, dostlar, tanışlar, ailəm bu yolda çox kömək etdi, danmıram. Əsas iş isə, sözsüz ki, özümə düşürdü. Həm çalışmalı, müalicəmin pulunu qazanmalı, həm də var gücümlə bu xəstəliklə müalicə aparmalıydım.
Bu yaxınlarda xəstəlik şiddətləndi, ciddi fəsadlar yarandı. Riskli olsa da, xəstəxanada yatmağı qəbul etmədim. Özüm-özümə ağrıkəsici iynə vurub heç nə olmamış kimi işimə davam etdim. Sözsüz ki, yenə də dostların, yaxınların dəstəyini hiss edirdim və bu gün də hiss edirəm. Ağrıdan sabaha qədər qıvrılsam da, heç kəsi narahat etmədən işimə davam etməyi üstün tutdum. Bir neçə gün öncə də, təkbaşına əməliyyat masasına uzandım, sadəcə, ağrıkəsici ilə əməliyyat olundum, yaramın qanı qurumamış, taksiyə minib evə gəldim. Ailəmə, dostlara, yaxınlara əməliyyatdan sonra xəbər verdim. Özümə qarşı nə qədər riskli davransam da, bu addımımdan zövq aldım, özümə inamım artdı.

Özümə inandıqca, giley-güzardan, duyğusallıqdan, sentimentallıqdan uzaqlaşdıqca ağrılarım azalır. Güclü olmaq, özümə qalib gəlmək, hislərimi məğlub etmək mənə zövq verir. Və düşünürəm ki, hələ yolun lap başındayam, bu, ilk qələbədir. Təcrübəmi bölüşməyimdə bir hikmət vardır sözsüz. Yoxsa boş yerə sizin niyə vaxtınızı alım? "Mən güclüyəm, mənim kimi olun" demirəm. Sizinlə dərdləşirəm, düşünün. Sizə bunları çatdırdıqca, sanki, gələcəyim üçün qeydlər edirəm. Əslində, bu yazını özümə, özümçün yazıram. Və bir daha üzümü özümə tutub deyirəm:

- Güclü olacaqsan, qardaşım, başqa yolun yoxdur. Nə qədər kövrəksənsə, bir o qədər tez çiliklənib töküləcəksən ayaqlar altına. Dərdin varmı - içində çək. Xəstələndinmi - başının çarəsinə bax. Ağladıqca, sızladıqca, ahu-fəğan etdikcə səninlə məzələnəcəklər, güləcəklər. Ən yaxşı halda təsəlli verib izdihamın içinə qarışacaqlar, gedəcəklər. Kimsənin arxasınca baxmayacaqsan, kimsədən mədət ummayacaqsan. Öz gücünə inanacaqsan.

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.