Cəmiyyət

Rafiq Əliyev: “Eynşteyn də, Nyuton da Allah adamı olub” - MÜSAHİBƏ - FOTO

2 Fevral 2017 23:57
18 Şərh     Baxış: 3 195

Milli.Az texnika elmləri doktoru, professor Rafiq Əliyev lent.az-a müsahibəsini təqdim edir

- Rafiq müəllim, bir məqalənizdə yazırsınız ki, sizin təfəkkürünüz Qərbdir, əxlaqınız isə Şərq. Nə deməkdir bu? Qərb təfəkkürü, Şərq əxlaqı necə olur?

- Mən Azərbaycanda da, Amerikada da bir dərs deyirəm. Dərsin birində Yaponiya təcrübəsindən misal gətirirəm. Məsələn, Yaponiyada hər hansı adi fəhlənin ixtiyarı var, yəni ona səlahiyyət verilib ki, əgər fors-major situasiya yaranarsa, o, bütün istehsal sahəsinin fəaliyyətini dayandıra bilər. Bizdə isə belədir ki, gərək sex rəisinə zəng vurulsun, sex rəisi direktora, direktor nazirə zəng vursun və s. Səbəb nədir? Bizdə bir "əşi" sözü var. "Əşi, keçər də". "Əşi, birtəhər yola ver də". Qərbdə isə "əşi" sözü yoxdur. Orda səlahiyyət də verilib, cavabdehlik də. Yaxud bizdə elm adamlarının böyük əksəriyyəti Azərbaycan üçün olan elmlə məşğuldurlar. Axı elmin vətəni yoxdur. Mən humanitar elmləri nəzərdə tutmuram. Qərbdə sənin elmi işin bütün dünyada olanlardan, heç olmasa, bircə damcı yaxşı deyilsə, o müəllif həmin elmi işi çapa verməz. Amma Şərq dünyasında belə deyil. Bu baxımdan deyirəm ki, mənim təfəkkürüm Qərb təfəkkürüdür. Çünki uzun müddətdir, Qərbdə çalışıram.

- Bəs əxlaqınız niyə Şərq əxlaqıdır?

- Genetik yaddaşdan gələn, hətta bəzən lazımsız olan şeylər var ki, oturub mənim qanımda. Məsələn, məndə ifrat dərəcədə qısqanclıq var. Söhbət kiməsə paxıllıqdan getmir. Məişət qısqanclığından söhbət gedir. Belə şeylər qan yaddaşından irəli gəlir. Bu xarakteri atmaq, tərgitmək mümkün deyil.

- Təfəkkür də, əxlaq da beyin işi deyil? Bəs necə ola bilir, Qərb təfəkkürünə malik bir insan ailədə, məişətdə qısqanc olur?

- Kəramət bəy, təfəkkür və əxlaq ayrı-ayrı kateqoriyalardır. Təfəkkür beyindən gələn bir şeydir. Əxlaq isə beyindən gəlmir, qandan gəlir.

- Deməli, genetikaya inanırsınız?

- Yüz faiz! Düzdür, sonradan qazanma, mühitdən götürmə də var. Amma çox xarakterlər, xüsusiyyətlər genetik gəlir. Söhbət təkcə xarici oxşarlıqdan getmir, biz davranış oxşarlığından da danışırıq. Məsələn, mən atamdan nəyi götürmüşəm? Həyatım boyu nə bir manat rüşvət vermişəm, nə də bir manat rüşvət almışam. Və həmişə yazılarımda demişəm ki, rüşvət mənim millətimi içdən yeyən qurddur.

Uşaq vaxtı bir dəfə həyətdə oyun oynayırdıq, komandalar yaratmaq lazım idi. Bir nəfər çıxdı ki, kim mənimlə? Mən əlimi qaldırdım, o birisi əlini qaldırdı. Beşimiz bir tərəfdə, beşimiz də bir tərəfdə bölünüb oynadıq. Demə, anam pəncərədən baxırmış. Evə gələndə dedi, oğul, "mən kimlə" yox, "kim mənimlə" xüsusiyyətinə söykən. Sonra mən Amerikaya, Almaniyaya, başqa ölkələrə getdim, orda dərs dedim. Bir dərs var idi, adı "Liderlik hissi"dir. Lider olmaq üçün hansı xüsusiyyətləri bilmək lazımdır. Başa düşdüm ki, "Liderlik hissi" dərsinin əsas mahiyyəti anamın mənə dediyi  o aksiomadan ibarət imiş. Yəni mən kimlə yox, kim mənlə. Mənim kiminsə yanında durmağa həvəsim yoxdur.

Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kimə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmin invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir, sınır. Amma palıda külək dəyə bilmir.

Kəramət bəy, bu xüsusiyyət sizdə də var. Elə bilirsiniz, yazarların hamısı sizdən razıdır? Yox. Nə üçün? Çünki bəzən çox kəskin yazılarınız olur. Siz də asılı olmayan insansınız. Amma harasa gedib yarınan insanlar ki var, onların heç bir xeyri yoxdur. Yarınan adamdan həmişə müvəqqəti olaraq istifadə edirlər. Amma invariant adamlara, əyilməyən, sınmayan adamlara hamı hörmət edir, bəlkə üzünə demirlər, amma ürəklərində mütləq hörmət edirlər.

- Maraqlıdır, dünyanı gəzmiş insansınız, böyük bir alimsiniz. Amma elə çıxışlarınız olur, bəzən elə söhbətlər edirsiniz ki, dəhşətli dərəcədə sadəlövh insan təsiri bağışlayırsınız.

- Bütün bunlar ona görədir ki, mən söz deməkdən çəkinmirəm. Düzdü, bəzən susduğum olub. 2008-ci ildə mən bir məqalə yazdım. Orda demişdim ki, Azərbaycanı post-neft dövrü gözləyir. Göstərmişdim ki, 2012-ci ildən sonra neftin istehsalı azalacaq, Azərbaycanın iqtisadi modeli barədə düşünmək lazımdır. Eyni mövzuda məqaləni 2011-ci ildə daha geniş şəkildə bir də yazdım. Birinci devalvasiya baş verəndə jurnalistlər mənim birinci və ikinci məqaləmi alt-alta sayta qoydular. Məndən isə soruşdular ki, post-neft dövrü nəyə deyirdiniz? Mən də dedim ki, elə bu günü deyirdim. Axı jurnalistlər bir az çevik, həm də maraqlı olurlar.

Mən kobud söz deyə bilmirəm, nə də bərkdən qışqıra bilirəm. Adətən, fikirlərimi sakitcə və birbaşa deyirəm. Mən elm adamıyam və demişəm ki, Azərbaycanda post-neft dövrü gəlir. Bundan artıq nə deyim?

- Namaz qılırsınız?

- Yox. Mənim imanım dinimdən yuxarıdadır. Din o qədər incə mövzudur ki, orda qələt eləmək olmaz. Ona görə də ruhani alimlərdən soruşdum ki, bəlkə səhv fikirləşirəm, iman üstün olmalıdır, yoxsa din? Onlar da dedilər ki, düz yoldayam, iman üstün olmalıdır. Mən atributları yerinə yetirmirəm: namaz qılmaq, oruc tutmaq. Salavat çevirirəm. Amma rüşvət almıram, Allah uzaq eləsin, baş kəsmirəm, pislik eləmirəm. İmanın atributları bunlardır.

Eynşteyn xristian olub, namaz qılmayıb, nə olsun?! Amma onda həmişə Allah xofu olub. Nyuton da Allah adamı olub. Eynşteyn dünyasını dəyişəndə ağzından bir kəlmə çıxarıb. Deyib ki, Allah kainatla zər oyunu oynamır. Gör, nə qədər böyük insan olub ki, dünyasını dəyişməmişdən bir neçə saat qabaq deyib, Nobel mükafatı alan məqaləmi gətirin göstərin. Gətirdilər, baxdı, baxdı, məqaləni atdı. Dedi, mən düz almamışam. Eynşteynin fikri nə idi? Deyirdi ki, bütün dünyanı ehtimallarla idarə eləmək olmaz. Ehtimal nəzəriyyəsi də qumardan gəlir. Ona görə deyirdi ki, Allah kainatla zər oyunu oynamır. Eynşteyn ağzından bir ifadə də çıxarıb: ehtimal yox, mümkünlük. Bu isə indiki qeyri-səlis məntiq nəzəriyyəsidir. Düzdür, bu nəzəriyyənin yaradıcısı Zadədir, amma Eynşteynin ağzından belə bir söz çıxmışdı.

- Maraqlıdır, ehtimal nəzəriyyəsinə əsasən, ehtimal varmı ki, siz Nobel mükafatı alasınız?

- Ehtimal var, amma onu gərək düz hesablayasan. Klassik ehtimal nəzəriyyəsi reallığı çox vaxt düz ehtiva etmir. Xüsusən o yerdə ki insan qərar qəbul edir. Məsələn, obyektiv ehtimal nəzəriyyəsinə görə, qaradərili Obamanın ABŞ prezidenti olma ehtimalı sıfır (heç vaxt ABŞ-da qara dərili prezident olmamışdı) bölünsün 43 (Obamadan əvvəlki prezidentlərin sayı) bərabərdir sıfırdır. Amma həyat başqa cür göstərdi. Belə yerdə subyektiv, qeyri-səlis ehtimal işləyir. Əgər mən də müsəlmanamsa, əgər mən də Şərq dünyasındayamsa və Şərq dünyasından elm sahəsində müsəlman olan cəmi üç nəfər Nobel alıbsa, eyni zamanda elm sahəsi üzrə bütün nobelçilərin sayı tutaq ki, üç yüzdürsə, deməli, üç bölünsün üç yüz, yəni yüzdə bir ehtimal. Bu ehtimal bu cür hesablanmamalıdır. Amma o kişi - Allah hər şeyi hamıdan yaxşı hesablayır.

- Nobel mükafatı sizin üçün ölçüdürmü?

- Çox böyük ölçüdür. Ədəbiyyat və sülh üzrə mükafatları deyə bilmərəm, bunlarda müəyyən sapmalar olur, amma elmdə Nobel mükafatına təsir eləmək mümkün deyil. Və mənim üçün elm sahəsində Nobel mükafatından böyük ölçü yoxdur. Nobelə layiq olmaq üçün isə mühit olmalıdır, ayaqlar çəkilməməlidir, "əşi" təfəkkürü olmamalıdır.

- Adətən, elmin dərinliklərinə getdikcə dini düşüncədən, dini təfəkkürdən uzaqlaşırsan. Sizdə isə əksinədir. Niyə belədir?

- Bayaq dediyim kimi, dinə, Allaha bağlılıq mənim qan yaddaşımdan gələn bir şeydir. Məsələn, Qarabağ regionunda ən böyük məscid Ağdamda idi. Ətraf yerlərdən inanclı insanlar Aşura günlərində Ağdam məscidinə gələrdilər. Mən də məscidə tez-tez gedirdim. Yəni qan yaddaşı deyəndə bunları nəzərdə tuturam.

İkincisi, mənim fikrim belədir ki, hansı elm olur-olsun, hansı nəzəriyyə olur-olsun, hansı Allahın yaratdığını daha dürüst təmsil eləyə bilirsə, kim Allahın yaratdığını daha yaxşı imitasiya eləyə bilirsə, yamsılaya bilirsə, o, ən gözəl elmdir.

Mən 50 ildir, elmlə məşğul oluram. Bu ömrün iyirmi ilini sərf eləmişdim ki, hər hansı bir məsələnin optimal həllini riyazi olaraq necə tapmaq olar. Yadınızda olar, orta məktəbdə funksiyanın ekstremal qiymətlərini tapmaq üçün törəmə alırdıq, sıfıra bərabər eləyirdik və s. Bir müddət bu yolla getdik. Sonra başa düşdük ki, səhv yolla getmişik. Ən düzgün yol Allahın yaratdığı təbii seçmədir. Məsələn, meşələrdə zəiflər sıradan çıxır. Yəni təbiətdə baş verən hadisələri, məsələn, təkamül seçməni riyazi simvollarla yaza bilirsənsə, bu, elmin ən böyük nailiyyətidir.

- Allahın yaratdığını yamsılamaq buna deyirsiniz?

- Bəli. Məsələn, dünyanın yaranması ilə bağlı aparılan fiziki eksperimentləri mən o qədər də qəbul etmirəm. Bir ingilis filosofu öz dostu ingilis fizikdən soruşur ki, dünyanın bir partlayışdan yaranması məsələsinə necə baxır? Fizik deyir, biz bunu isbat eləmək istəyirik, doğrudan da, ola bilər ki, dünya bir partlayışdan yaranıb. Filosof soruşur ki, bəs zamanı kim yaratdı? Deyir, dayan, burada Allahı düşünmək lazımdır. Mən bu dünyada Allahsız alim tanımıram. Ümumiyyətlə, Allahsız heç bir şeyi tanımıram. Mən son dərəcə Allaha bağlı adamam.

- "Din və qeyri-səlis məntiq" məqalənizdə qeyd etmisiniz ki, İlqar İbrahimoğluna minnətdaram, çünki bəzi şeyləri onunla məsləhətləşdim.

- Bəli, məqaləni yazdıqdan sonra İlqar İbrahimoğlu ilə məsləhətləşdim, soruşdum, burda səhv yoxdur ki?

- Elm dindən məsləhət alır?

- Mən elə bir adamam, düşünürəm ki, hətta çobanla da məsləhətləşmək lazımdır. Çobanın dünyada, həyatda o qədər bildikləri şeylər var. Məsələn, buluda baxar, bizə  deyər ki, hava necə olacaq. Kimdənsə nəsə soruşmaqda pis nə var ki?! Məndə elə bir kompleks yoxdur. Axı ilahiyyat elmi də var. Bu yaxınlarda ABŞ-da "Qeyri-səlis məntiq və Quran" adlı bir tutarlı monoqrafiya çap olunub.

- Rafiq müəllim, sizcə, sizin kimi bir alimi dini dünya görüşünüzə görə niyə sərt tənqid edirlər?

- Bir söz desəm, inciməzsiniz?

- Yox, təbii ki...

- Siz də o cür insansınız! Təkcə siz yox, yazarlarımızın bir qismi belədir. Çox hörmət elədiyim Zamin Hacı mənim haqqımda yazmışdı ki, Rafiq Əliyev indi də mələklərin trayektoriyasını hesablasın. Sarkazmla yazmışdı. Adı yadımdan çıxıb, bir nəfər də məni yarımsərt tənqid eləmişdi. Halbuki mən onları qınamıram ki, onlar niyə ateistdirlər. İkili Aristotel məntiqindən tolerantlıq məntiqinə - qeyri səlis məntiqə keçmək lazımdır. Bu, yeni sivilizasiya məntiqidir. 

- Bəzi alimlər iddia edir ki, təkamül nəzəriyyəsi sübut olunub. Siz necə düşünürsünüz?

- Əksinə. Bu gün dünyada ən çox tənqid olunan Darvinin nəzəriyyəsidir. Əksər fikirlər darvinizmin əleyhinədir. Əlbəttə, mən də əleyhinəyəm. O nəzəriyyə yaxşı nəzəriyyə sayılır ki, real həyata daha yaxındır. İnsanın meymundan əmələ gəlməsini dünya qəbul eləmir. Elə yer var ki, ora sonsuzluqdur və sonsuzluq olan yerdə Allah var. Ona görə də insan nədən əmələ gəldi, necə əmələ gəldi, mən buralara yuvarlanmaq istəməzdim.

- Quranda insanın yaranması haqqında deyilən fikirləri qəbul edirsiniz?

- Bilirsiniz, Kəramət bəy, Tövratın beş min təfsiri var. Biri bu cür anlayır, biri başqa cür başa düşür. Yəni beş min cür başa düşülməyi var. Quranı isə oxuyub dərk eləmək, anlamaq çox çətin məsələdir. Ona görə də onun təfsiri necədir, başa düşülməyi necədir, mən bu sualları sonsuzluğa buraxıram.

- Məşhur bir fikir var. Deyir, axmaq-axmaq suallar verib böyük bir alimə sübut eləmək olar ki, sən heç nə bilmirsən. Suallarım bir az cığal ola bilər, amma maraqlıdır, heç düşünmüsünüz ki, hamını Allah yaradıbsa, bəs insanlara niyə bir yox, bir neçə kitab göndərib?

- Təbii ki, dinlər içərisində ən təkamülü, moderni, müasiri İslamdır. Zaman-zaman da peyğəmbərlər çıxıb və köhnəni təkmilləşdirmək istəyiblər. Təkmilləşdirmək isə o demək deyil ki, tamam yeni bir şey yaradırsan. Quranda da, İncildə də bir çox şeylər var ki, oxşardır. Bəli, islam dini digər dinlərin yeniləşdirilmiş, təkmilləşdirilmiş formasıdır. Və təbii ki, digər dinlərlə müqayisədə Quranda insana qarşı daha çox tolerantlıq var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

18 Şərh:

  • Anonim
    XAN · 3 Fevral 00:2440

    Bu intervuye gore Milli az -a da, Keramet beye de sonsuz tewekkurler

    Cavab yaz
  • Anonim
    nnn · 3 Fevral 01:1611

    var olsun bele deyerli insanlarimiz.seve seve oxudum.cox tewekkurler milli.az

    Cavab yaz
  • Anonim
    M · 3 Fevral 01:2204

    Rafiq Eliyev-e, siz bilmeyen çox şeyler var.

    Cavab yaz
  • Anonim
    Ema. · 3 Fevral 05:0421

    təşəkkurlər hörmətli Rafiq bəyə

    Cavab yaz
  • Anonim
    insan*** · 3 Fevral 07:2010

    tesekkurler, maragli musahibe idi.

    Cavab yaz
  • Anonim
    Mömine · 3 Fevral 08:0512

    ALLAH tealaya- "o kişi" demek ne derecede düzgündür? Estegfurullah,Onun kişi oldugu hansı mentiqe esaslanır?

    Cavab yaz
  • Anonim
    te · 3 Fevral 08:5810

    Bele bir alimi tanidigima gore cox sevindim.Bele insanlari tanitmaq lazimdir.Millet elmle qabaga gedecek.

    Cavab yaz
  • Anonim
    orbet. · 3 Fevral 09:0673

    Elmdə tam dəqiq nəticə yoxdur. Elmi nəzəri cəhətdən nəyisə təsdiq edirik amma elmi praktikaya tətbiq etdikdə tam dəqiq nəticə alınmır. Elmdə hər şey nisbi nəzərdə tutulur. Misal üçün Ehtimal nəzəriyyəsinə görə biz qəpiyi göyə fırlayıb atsaq yerə hansı şəkildə düşməsinin iki ehtimalı olduğunu söyləyərik. Qəpiyin iki üzü var deyilər və ehtimal da budur. Amma halbuki qəpiyin düz maşın təkərinin işləmə halında olduğu kimi düşmə ehtimalı da var. Bu ehtimal az da olsa var. Bu elementar bir misal idi. Daha geniş şəkildə dərinə getsək elmin daha dəqiq olmayan nəticələrə nail olunduqlarını görə bilərik Ona görə də elmi sübutlarla insan həyatını tam planlaşdırmaq doğru deyil. İnsan yaranandan nə qədər çalışsa da insan orqanizmi və onun yaşama düsturunu hesablayıb sübut etsin amma bacarmır. Rafiq müəllim, inamlı olmağınızla düz yoldasınız bu yol sizi heç də yanıltmayacaq sonunda nəticəsini də görəcəksiniz. Müsahibə yaxşı qiymət vermək olar. Hər ikinizə təşəkkürlər

    Cavab yaz
    • Anonim
      oxucu · 3 Fevral 15:4715

      Elmde netice yoxdu amma 1400 il evvel erebistanda yazilmis hedislerde var ?? Elm kumulyativdi, daim, kohne bilikler yenilerir, artir, uzerine her gune elave olunur. Camaat zehmet cekir, dunyani arasdidir, siz hazira nazir oturun. Alimler dunyada en bilikli insanlardir. Senden menden 100 defe agilli savadli insanlardir, secilmislerdir. Hansisa molla uc dene hedis oxuyub dunyani onlardan daha yaxsi derk edecek?? Bir de ki, en esasi elmli insanin yaradan bir quvvenin varligina inanmagi Islama inanmagi demek deyil tebii ki. Dunyada min dene din var. Insan yaradilisa inan biler, ama bu o demek deyil ki Adem ve Hevvaya inanir

      Cavab yaz
      • Anonim
        Oxucuya · 3 Fevral 16:5611

        Gərək zəhləmizi tökəsən?

        Cavab yaz
  • Anonim
    Sevil · 3 Fevral 09:5710

    Cox saq olsun Karamat muallim bizi malumatlandirdigina gora var olsun bele deyerli insanlarimiz

    Cavab yaz
  • Anonim
    Melek · 3 Fevral 09:5900

    Melekzade

    Cavab yaz
  • Anonim
    Elil · 3 Fevral 10:1700

    Bele meqalelerden tez tez derc edin mümkünse !

    Cavab yaz
  • Anonim
    etibar · 3 Fevral 10:5200

    zövqle oxudum teşekkürler

    Cavab yaz
  • Anonim
    Emi · 3 Fevral 11:4500

    Aciq sozlu,dusunduyunu deyen Rafiq muellim,musahibenizi cox beyendim./Azad Mirzecanzadenin de bu tipli musahibelerini hevesle oxuyurdum/.Fikrimce dusunduyunuzu qarsinizdakinin uzune demeyiniz de qerb tefekkuru ile baglidir.Subhesiz ki,movqeyi,musteqil fikri olan insan hami terefinden sevile bilmez,cunki sexsiyyet birmenali qarsilanmir.

    Cavab yaz
  • Anonim
    şaiq. · 3 Fevral 12:1201

    dünyanı elim xilas edəcək rafiq müəllimə elmi suallar vermək lazımdır. cəmiyəti müəyən təbəqələrə bölən suallar yox...

    Cavab yaz
  • Anonim
    Anar · 3 Fevral 12:3720

    Rafiq müəllim xalqımızın mənəvi sərvətidir, Allah onun canını sağ eləsin.

    Cavab yaz
  • Anonim
    M · 3 Fevral 20:4600

    şerhimi verin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.