Cəmiyyət

"Xəstəxana göstərdiyi xidmətə görə müvafiq vəsait qazanacaq" - Zaur Əliyev

24 Yanvar 2017 23:36
0 Şərh     Baxış: 2 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın zamanda müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır".

Milli.Az bildiriri ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.

O bildirib ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi Yevlax və Mingəçevirdə pilot layihənin icrasından asılı olacaq: "Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibb sığortanın mərhələli şəkildə tətbiqinə başlaya bilərik.

Amma hansısa dəyişikliklərə ehtiyac olacaqsa, bu məsələ müəyyən qədər vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən ölkənin bir çox ərazisində icbari tibbi sığortanı tətbiq etməyi düşünürük".

Agentlik direktorunun sözlərinə görə, icbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir:

"Agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən, ödəniş edəcək. Bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq.

Eyni zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan tibb təchizatçıları qarşısında tələblər qoyacaq. "Bəlli olduğu kimi, tibb müəssisələri bu günə qədər dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevrildilər.

Fevraldan başlayaraq, pilot ərazilərdəki tibb müəssisələrinin maliyyələşmə prinsipi dəyişəcək. Yəni xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq. Bu amil xəstəxana rəhbərliklərindən vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etməyi tələb edir.

Amma xəstəxanaların işi ilə bağlı kadr potensialının güclənməsinə ehtiyac var. Çünki əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasında bu məsələnin çox böyük rolu var", - deyə Z.Əliyev qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.