Cəmiyyət

Recep İvedikdəki səhnə və "dalay-dalay" deyənlər - Ölüb yerə girdim...

23 Yanvar 2017 21:09
14 Şərh     Baxış: 3 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hünkarım, öncə ərz edim ki, komediya, gülüş ciddi məsələdir. Və saniyən ərz edim ki  "Aşığın sözü qurtaranda dalay-dalay deyər" zərbü-məsəli nə qədər gülməli və komik olsa da, o da ciddi söhbətdir. Yəqin eşitmisiniz. Yox, söhbət mənnik deyil, zərbi-məsəldir.

Amma dəqiq söhbətdi, ictimailəşdirmək olar. Niyə? Ona görə ki, uzun müddətdir ki, sözü qurtaran növrəstələr, növcavanlar, ahıllar zərbü-məsəldəki aşıq kimi eləcə "dalay-dalay" deyir. Ciddi, taleyüklü məsələlərin üstündən sükutla keçən "aşıqlar", hansısa komediya aktyorunu, hansısa komediya filmini həvəslə, daha doğrusu əsəblə, qəzəblə tənqid edir, günlərlə müzakirə mövzusuna çevirir. İstedadlı adamlar bu meydangir aşıqların əlindən iş görə bilmir, gördüyü işdən zövq almağa fürsəti olmur. Yazı-pozu adamları da qorxusundan komediya janrına müraciət etmir, satirik, yumoristik yazılar yazılmır, teatr səhnəsində fərli komediya defesitdir...

Hünkarım, and ola tacu-taxtına, mülki-maluna, gül camalına ki, şəxsən mən bu "aşıqlar"ın əlindən yazı yaza bilmirəm. Şikayət eləmirəm ha, dərdimi danışıram. Yazıya şərh əvəzinə yazmadıqları söyüş, təhqir, qan-qarğış qalmır. Əksəriyyətinin də məzmunu "dalay-dalay"... Çoxusunu utandığımdan açıb oxuya da bilmirəm.

Vəlinemətim, bu xalq komediyanı, satiranı, yumoru çox ciddiyə alır. Mən jurnalist tanıyıram ki, "bir rus, bir erməni, bir azərbaycanlı ..." şablonu ilə başlayan lətifələrdəki azərbaycanlını tapıb, ondan müsahibə almaq istəyir. İlk sualı da hazırdır: "Sizcə rus və erməni ilə birlikdə eyni lətifədə təmsil olunmaq, vətənə, torpağa xəyanət deyilmi?"

Gözüm nuru, özün hər şeyi bilirsən də, mən nə deyim. Vallahi, billahi və tallahi ki, son günlər komediyaya gülmək əvəzinə ona baxıb kövrələn, bu barədə qəmli fikirlər paylaşan adamlarla rastlaşıram. Elə pis oluram ki, şahım....

Fərdanın "Selfinaz"ı youtube-a yerləşdirildi - dalay-dalay, Elməddinlə Fərda "Xoxan"dan sonra "Naxox"u təqdim etdi - ay aman, dalay-dalay, Taleh Yüzbəyov videonu sildi, dalay-dalay, Kənanla Erkinə də dalay-dalay, Hüseyn Əzizoğlu nəsə paylaşıb, sildi - dalay...

İndi soruşacaqsız ki, niyə Hüseyndə bir dalay deyirlər. Haqlı sualdır. Dəqiq bilmirəm, amma subyektiv olaraq düşünürəm ki, Hüseyn uşaq olduğuna görə ona bir dənə "dalay" deyib, söhbəti bağlayırlar. Yoxsa onu da üzdən-gözdən salıb bihörmət edərdilər. Hərçənd o gün növcavan aktyoru xəstəxanalıq etmişdilər, anası da ah-fəğan edib, nifrin yağdırırdı...

Bu həftə də cəmi "aşıqların" sözü qurtardığından başladılar Türkiyədə və Azərbaycanda sevilən komediya aktyoru Şahan Gökbaharın "Recep İvedik -5" filmini "dalay-dalay" janrında tənqid etməyə.  

Bir-iki həftə əvvəl Fərdanı plagiatda ittiham edənlərin, milli stəndapçımızı zarafatları Cem Yılmazdan "oğurlamaqda" günahlandıranların diqqətini bu dəfə Şahanın filmindəki komik döyüş səhnəsi cəlb etdi. Sən demə, filmin qəhrəmanı Recep İvediyin bir yumruğa "uçurduğu" boksçu azərbaycanlı imiş, üstəlik uçarkən sinəsindəki Azərbaycan bayrağı da açıq-aydın görünürmüş. Komediya filmindəki önəmsiz və komik bir səhnə vətənşüvənləri necə coşdurdusa, söhbətə akademiklər, millət vəkilləri, siyasətçilər qarışdı. Prosesi utana-utana izlədim, qaraguruha qoşulan ictimai xadimlərin açıqlamalarını oxuduqca ölüb yerə girdim, köynək-köynək ət tökdüm. 

Yüzlərlə tarixi kitablarda, tarixi filmlərdə təhrif olunan faktlara göz yuman toplumun orta səviyyədən də aşağı komediya filminin kiçik bir səhnəsinə bu qədər hiddətlənməsi, həqiqətən, təəccüblüdür, anlaşılmazdır. Yazının əvvəlində "dalay-dalay" janrında tənqid olunduğunu qeyd etdiyim aktyorlar və filmlər də komediya olduğu halda tənqid, hətta təhqir olunur.

Hünkarım, "dalay-dalay" deyib fəğan edən kütləni sakitləşdirməyin bir yolu var, Şahan kimi geriyə addım atmaq, üzr istəmək, filmi "qayçılayıb" bir anda qardaş xalqların qəhrəmanına çevrilmək. Əgər kütlənin təhqirinə sərt cavab verdinsə, qanın getdi. Çün bu kütlə, bu qaragüruh komediyanı çox ciddiyə alır, yumor duyumunu, zarafat hissini çoxdan itirib.

Əlahəzrət, sən bilərsən Milan Kunderanın "Zarafat" adlı bir romanı var. Romanın qəhrəmanı sevgilisinə zarafatla məktub yazır, məktub da Kommunist rejiminin alovlu keşikçilərinin əlinə düşür. Nəticədə "zarafatcıl" vətəndaş kompartiyadan, tutduğu vəzifədən, təhsil aldığı ali məktəbdən çıxarılır.

Deməyim  o ki, zarafatı, yumoru, komediyanı, satiranı anlamayan kütlə komrejim kimi korşalır, duyğusuzlaşır, vəhşiləşir və qəddarlaşır. Hünkarım, sizin son günlər baş verən intiharlardan, cinayətlərdən xəbəriniz varmı?

Hünkarım, özün yaxşı bilirsən ki, mən gülməyi bacarıram, sevirəm. Şahana da, Cem Yılmaza da, Fərdaya da, Elməddinə də gülürəm. Və and ola cəddinə ki, kədərlənmək üçün, vətənpərvərlik duyğularımı rövnəqləndirmək üçün komediyaya baxmıram, satira oxumuram...

Camalına sadağa olduğum, mənim sözüm qurtarsa da "dalay-dalay" demirəm...

P.S: Bu yazını güzgüylə qabaq-qənşər oturub, hünkarıma - özümə müraciətlə yazmışam. Özüm də fərman vermişəm, yayımlansın!

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.