Cəmiyyət

Salamlaşmaq və bu ritualın qısa mahiyyəti

21 Yanvar 2017 22:20
17 Şərh     Baxış: 4 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salam - Allah-Taalanın gözəl adlarından biridir. Əmin-amanlığın, güvənin, sülhün qaynağı, hər cür qüsurdan, eyibdən uzaq və bu kimi gözəl mənaları var.

Salam - Hər cür eyblərdən, qüsurlardan, dərddən, bəladan salim olmaq deməkdir. Səlamət, əmniyyət, sülh, asayiş, bütün qorxduqlarından əmin olmaq mənalarına gəlir.

Müsəlmanların bir-birinə salam verməsi əslində çox gözəl duadır, yəni Allah səni hər cür bəladan qorusun; hər zaman Allahın yolunda olasan, çünki təhlükədən bəladan uzaq olmağın yolu Allahın yolunda olmaqdır; Allaha təslimiyyət üzrə olasan; Allah bizi Allaha təslimiyyət yolunda birləşdirsin; Allaha təslimiyyətdə birləşək ki, hər cür cür bəladan uzaq olaq... Bəli, bir salamın bu qədər və hələ saydığımızdan daha çox mənaları var.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, salam vermək Allahın rizasına qovuşmaq üçün möminlərin bir-biri üçün etdiyi duadır. Möminlər bir-birilə qarşılaşanda böyük kiçiyə, yeriyən durana, azlıq çoxluğa, heyvan və ya hər hansı nəqliyyat vasitəsi üzərində olan yerdə olana, yüksəkdəki aşağıdakına salam verər.

Birinci salam verən salam alandan daha çox savab qazanar.

Salam vermək sünnət, salamı almaq fərzdir.

Salam vermək "Allah səni hər cür bəladan, dərddən qorusun" anlamına gəlir. Salamın bir başqa anlamı da var: "Məndən sənə haqsızlıq gəlməz, sən məndən zərər görməzsən."

Rəsulullah (s.ə.s.) buyurmuşdur ki, mənim qəbrimə salam vermək, özümə salam vermək kimidir.

Tanımadığına da salam vermək lazımdır. Amma bir adamın günah işlədiyini gözünlə gördüyün halda ona salam vermək düzgün deyil.

Salam hay-küyü sevməz.

Salamdan öncə söz deyilməz.

Salam israf edilməz, yəni istəməyənə salam verilməz.

Məzara da salam vermək var.

Şappıltı ilə əl görüşmək çirkinlikdir.

Əl tutuşmaq sünnətdir.

Fərqli dillərdə salam vermək ləzzəti itirir.

Qarşılaşanda olduğu kimi, ayrılanda da salamlaşmaq lazıldır.

Əgər biri ilə ədavətin, düşmənçiliyin varsa, ona salam verməyə bilərsən, amma verilən salamı almağa məcbursan.

Salam verin, salam alın, Allah-Taala sizləri bu sözün, bu duanın və nəhayət bu Gözəl Adının bərəkətindən məhrum qoymasın!

Sonsuz Nur

Peyğəmbərimizin nəsihətləri:

- Sözlərin ən doğrusu Allahın kitabı, yapışılacaq ən etibarlı tutacaq təqvadır (hər işdə Allahdan qorxaraq, günahdan çəkinmək).

- Dinlərin ən xeyirlisi İslamdır.

- Yolların ən xeyirlisi Hz. Muhammədin (s.ə.s.) yoludur.

- Sözlərin ən şərəflisi zikrullahdır (Allahın adını çəkmək).

- Qissələrin ən gözəli Quranda nəql edilənlərdir.

- Ən gözəl gedişat (yol) Peyğəmbərlərin yoludur.

- Ən gözəl ölüm şəhidlərin ölümüdür.

- Ən qatı korluq doğru yolda olduqdan sonra ondan sapmaqdır.

- Ən xeyirli elm faydalı olandır.

- Korluğun pisi qəlb korluğudur.

- Verən əl alan əldən üstündür.

- Faydasız bəhanə ölüm anında söylənəndir.

- Peşimanlığın pisi Qiyamət günü yaşanandır.

- Yanlışları ən çox olan dili çoxlu yalan söyləyəndir.

- Xeyirli zənginlik göz toxluğudur.

- Ən xeyirli qida təqvadır.

- Hikmətin başı Allah qorxusudur...

Həyat düsturu

Gözəl əxlaq

Bir nəfər peyğəmbərimizlə üzbəüz gələrək Ondan soruşur:

- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?"

- Gözəl əxlaq, - buyurdu.

Adam sağ tərəfdən, sol tərəfdən və arxa tərəfdən gələrək yenə eyni sualı sordu və Peyğəmbərimiz hər dəfə eyni cavabı verdi və axırıncı dəfə belə cavab verdi:

- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir.

Məsləhət

Uşağın üzünə vurmayın!

Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) buyurur ki, əgər övladınızı mütləq cəzalandırmağa qərar vermisinizsə, daha doğrusu, uşaq bu cəzanı artıqlaması ilə haqq edibsə, onda onun yanına yüngülcə vurun. Alimlər bildirirlər ki, peyğəmbərimiz bir hədişi-şərifdə dalaşan iki müsəlmanın bir-birinin üzünə vurmasını yasaq edib. Ümumiyyətlə, uca dinimiz İslam şiddəti qəbul eləmir, məsələni mümkün qədər dinc yollarla, danışaraq, başa salaraq yoluna qoymağı tövsiyə edir.

Səhabələrdən Hz. Cabir bildirir ki, bir gün Rəsulullah (s.ə.s.) üzü dağlanmış bir eşşək görür və "Bu heyvanı bu hala salana lənət olsun!"- deyə bəddua edir. İndi özünüz təsəvvür edin ki, bir heyvanın üzünün dağlanmasına bu qədər sərt reaksiya göstərən Allah Rəsulu uşağın üzünə vuranlara necə hiddətlənərdi. Əslində hər canlının ən şərəfli yeri üzüdür. İnsan utananda, həya edəndə üzü qızarır. Üz zahiri gözəlliyin əsas göstəricisidir. Bir çox alimlər və eləcə də cərəyanlar belə deyirlər ki, insanın duyğuları, xarakteri onun üzünə çıxır. Yəni bu sirri bilən adam insanın üzünü kitab kimi oxuyaraq onun xarakterini, necə insan olduğunu oxuya bilər.

Üz dərisi zərif olduğu üçün ona vurulan sillə çox ağrıdıcı olur və insanın əsəbləri bir andaca gərilir. Mütəxəssislər deyirlər ki, üzə vurulan sillə bir qayda olaraq unudulmur və uşağa sarsıdıcı təsir göstərir. Vurulan uşaq artıq gözdən düşdüyünü, nifrət qazandığını duşunur və qənaətin altında əzilir.

Peyğəmbərimiz bir hədisi-şərifində onu da buyurur ki, güclü adam qol zoru ilə başqalarını yerə yıxan deyil, əsəbləşdiyi zaman qəzəbini boğa biləndir. Ona görə də nə qədər əsəbi olursunuz-olun, uşağın üzünə vurmayın. Onun xətası nə qədər çox olsa da üzə vurmaq bütün hallarda onun üçün çox ağır cəzadır.

Tibb elmi də bildirir ki, üzə vurulan zərbə nə qədər zəif də olsa, uşağın əsəb sisteminə çox ağır təsir göstərir və bu ağrının aradan qaldırılması üçün illər tələb olunur və bəzən də onu unutdurmaq heç mümkün də olmur.

Hamımızın başınıa gəlir, işdən yorğun gəlirsən və evdə qarşılaşdığın ilk mənzərədən əsəbləşirsən: ya dərsini oxumayıb, yə həyətdə kiminləsə dalaşıb, ya da ev-eşiyi alt-üst edib... Nə olur-olsun, onun üzünə vurmağı ağlınızdan belə keçirməyin!

Lüğət

Kövsər

Çox mənası var: bərəkət; çox sayda xeyir; xeyrili əməllər; hikmət; elm; Quran; İslam; tövhid; Allah-Taala yanındakı elm; Allah-Taalanı tanımaq və sevmək elmi... Bizdə isə bu söz daha çox cənnətdəki çayların mənbəyi kimi anlaşılır. Cənnətdə, böyük ehtimalla, Peyğəmbərimiz Həztəri-Muhammədin (s.ə.s.) öz səhabələrini başına toplayacağı hovuzun adı. Qurani-Kərimdə Kövsər adında surə də mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.