Cəmiyyət

Söyülmək gözəldir - Nakişinin söyüş söyməkliyi

18 Yanvar 2017 21:52
35 Şərh     Baxış: 9 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz güclü deyilik, zəifik, zəif,
Gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

Rəbiqə Nazimqızı

Kütlənin naməlum qəzəbinə tuş gəlmək, bir ağızdan söyülmək qəribə hissdir. Qəfil kinlə, səbəbsiz nifrətlə qabaq-qənşər dayanırsan. Tanış hissdir. Səni kütlə söyəndə axının qarşısında tək durmalı olursan. Səndən ilk imtina edənlər isə ən yaxınında olanlar olur. Çox vaxt onlar da bu axına qoşulub "yaxşı oğlan"a çevrilmək istəyirlər.

Bəzən olur ki, çoxluq birləşir. Məqsədi səni sənə düşmən etmək olur. İçindəki "sən"i çıxarıb, səninlə qarşı-qarşıya gətirir. Özünə yenildinmi, sevincək qəbrini qazır.

Gözü qızmış kütlə üçün kimisə linç etməyə adam lazımdır. Kimliyi maraqlı deyil. Qadın olanda isə iş daha asan olur. Kütlənin təhqir obyektinə çevirdiyi qadından tələb olunan tək şey susub zərbələrə tab gətirməkdir. Bu zərbələrdən salamat çıxa bildinsə, sən onun sevimlisinə çevrilirsən. Çoxluq güc qarşında boyun əyməyə borcludur.

Cəmiyyətin qadını təhqir etməkdə, hədəf göstərməkdə, linç etməkdə bir məqsədi var, o da sındırmaq. Mənəvi olaraq qadını əzib dilsiz-ağızsız varlığa çevirmək.

Şərq üçün oxuyub-yazan qadın şər yuvasıdır. Oxuyub-yazan, sözünü deyə bilən qadın cahil toplumun peyvəndidir.

Qadını savadsız, müti, qorxaq olan millətlərin gələcəyi uzsuz-bucaqsız boşluqdur.

Qadını gülməyən millət bədbəxtdir, gələcəksizdir.

Qadını söyməklə, alçaltmaqla susdurmaq mümkündürmü? Qadını susdurmaq gələcəyi susdurmaqdır. Söymək, təhqir etmək, cinsini ön plana çəkmək kişimərkəzçi toplumun qurmuş olduğu tələdir.

Söyən, yoxsa söyülən yenilir?

Söz deyən, fikrini ifadə edə bilən qadınlara qarşı aqressiv reaksiya, söyüş söymək ənənəsi var gücü ilə inkişaf edir. Hər gün bu məzmunlu xəbərlərin, hadisələrin şahidi oluruq. Gələcəyin xilası qadının əlindədir. Cəmiyyətin xilası qadının boğazından və cinsi orqanından əl çəkməkdədir. Cəmiyyət qadının boğazından bərk-bərk yapışdıqca, cinsi orqanına nəzarət mexanizmini gücləndirdikcə öz cahilliyinin kökünü yerə daha çox bərkidir.

Təkcə mən yox, hamınız əminsiniz ki, Şərq kişisi qadına daş-qaş yox, zəncir düzəltmək peşindədir. Şərq kişisi qadını zəncirləməyə sərf etdiyi vaxtı öz iş-gücünə xərcləsə, ən azı qərblilər qədər inkişafı, istehsalı artırar. "Biqeyrət" adı verdiyi avropalının istehsalı olan maşında yox, öz markasında gəzər. Avropalı kişinin kəşf elədiyi texnologiyalardan yox, özününkündən faydalanar. Yox! Onun vaxtı yoxdur. Şərq kişisi nəslində, qonşuluğunda olan bütün qadınlara cavabdehdir. Onların söz deyən ağzını yummağa özünü borclu hiss edir. Onların şəxsi həyatını güdməyə özündə güc tapır.

Tüfəng yox, söyüş çıxandan sonra kişilik əldən gedib... Söyüş söyən ilk adam sivilliyin təməlini qoyub. O, daşı söyüşlə əvəz edib. Əminəm ki, o, ilk söyüşü qadına söyməyib. Bu, o vaxtlara təsadüf edirdi ki, kişilik sağ idi...

Yazdıqlarıma, efirdə dediyin hər hansı fikrə görə dəfələrlə kütləvi şəkildə söyüş və təhqirə tuş gəlmişəm. Bu söyüş və təhqilər qəhvəmə səhvən tökdüyüm duz effekti verib. Məni nə gördüyüm işə peşman edə bilib, nə yazdığım yazıya. Bu söyüşlər həmişə yazılı formada çatdırılıb. Qarşılaşanda mehribanlığı ilə ayaqqabıma sığal çəkən adamlar sosial şəbəkələrdə Adəmə qədər gedib çatan qohum-əqrəbamı da söyüblər. Onlar söydükcə yazı sayım və qonorarım artıb. Həyat çox qəribədir. Bəzən itin havaya buraxdığı qaz belə yel dəyirmanının işini sürətləndirə bilir.

P.S: Sözünüzdən bərk yapışın. Söyülməkdən qorxmayın.

Günay Arda
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.