Cəmiyyət

“Yasin” surəsi – Quranın qəlbidir

10 Dekabr 2016 21:10
13 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O mömin ki, "Yasin" surəsinin fəzilətindən qafildir, onun dünya və axirət fəzilətlərindən və təsirlərindən də qafildir. Halbuki, "Yasin" surəsində Allah dərgahının yaxınlarının ülfət və sevgisindən çox söz açılmışdır.

İnsan Həzrət Peyğəmbərdən (s), Məsum İmamlardan (ə) gələn hədislərə əgər diqqət edərsə bu həqiqəti dərk edər ki, "Yasin" surəsinin məqamı çox ucadır. Əgər insan onun bərəkəti ilə tanış olarsa, faydalarından agah olar.
Məsum İmamlarımız (ə) bu surənin məqamını bizlərə tanıtmaq üçün onu Quranın qəlbi adlandırmışdılar. Bu surənin mələkləri başqa cürdürlər. Çox səfalı və mehribandırlar. "Yasin" surəsini bir dəfə oxuyan insanla yaxın və yoldaş olarlar. Onu oxuyan üçün istiğfar edərlər.
Onlar heç bir zaman onu tək qoymazlar. Əgər dünyada ehtiyacsızlıq dalınca olarlarsa, onlar həmin insanın ehtiyacını aradan qaldırarlar. Bu mələklərin fitrətinə mehribanlıq hissi qoyulmuşdur. Əslində bu surənin sirlərindən biri - mələklərin bu cür xüsusi olmasındadır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi - "Yasin" surəsidir. Hər kim onu yatmazdan əvvəl və ya gündüz vaxtı tilavət edərsə, həmin günü Allahın pənahında olan və ruzisi təqdir edilmiş dəstədən olar. Əgər kimsə gecə vaxtı yatmazdan əvvəl bu surəni oxuyarsa, Allah min mələyi hakim edər ki, onu hər cür qovulmuş şeytanın şərindən amanda saxlasın. Əgər həmin günü ölərsə, Allah onu həmin əməlin savabına görə behiştə daxil edər. Qüsl verilən zaman 30 min mələk (cənazəsində) hazır olar və hamısı onun üçün bağışlanma istəyər. İstiğfar halı ilə onu qəbrə qədər müşayiət edərlər.
O zaman ki, torpağa tapşırılar, həmin mələklər onun qəbrində Allaha ibadət edərlər, savabını da ona verərlər. Qəbri gözü gördüyü qədər geniş olar. Qəbir sıxıntısından amanda olar. Məhşərə qədər qəbrində səmaya qədər nur saçar. O zaman ki, Allah onu qəbirdən qaldırar, mələklər onunla olarlar və onu müşayiət edərlər. Üzünə gülər və ona yaxşılıq və xeyri müjdə verərlər və onu Siratdan və tərəzidən keçirərlər. Onu elə bir yerə qoyarlar ki, heç bir məxluq o məqamı görməmişdir.
O, İlahi peyğəmbərlərlə bir yerdə Allah dərgahında dayanar. Allah Təala ona buyurar: "Ey Mənim bəndəm! Şəfaət et və Mən sənin şəfaətini hər kim üçün istəsən, qəbul edərəm. Ey Mənim bəndəm! Məndən istə və hər nə istəsən, verərəm". Allahdan hacətini istəyər və hacəti yerinə yetər. Şəfaət edər və şəfaəti qəbul olar. Başqaları kimi ondan hesab çəkməzlər. Başqaları kimi onu saxlamazlar, dayandırmazlar. Xar olanlar kimi xar olmaz, günahları və nalayiq əməlləri ətəyindən yapışmaz. Ona açılmış əməl dəftəri verilər ki, Allah dərgahından enər. (Bunu görən) bütün insanlar təəccüb edərək deyərlər: "Allah pakdır. Bu bəndənin hətta bir günahı belə yoxdur". Həzrət Muhəmmədin (s) yoldaşlarından olar".
İmam Baqir (ə) buyurur: "Hər kim ömründə bir dəfə "Yasin" surəsini oxusa, Allah dünya və axirətdə xəlq olanların və həmçinin səmada olanların sayı qədər ona iki milyon həsənə yazar. Həmin o qədər günahlarını pak edər. Yoxsulluğa, borcluluğa, evinin xarab olmasına, əziyyət və dəliliyə düçar olmaz. Cüzama və vəsvəsəyə (və sair) ziyanlı xəstəliklərə düçar olmaz. Allah ölümün çətinliyini onun üçün asan edər, Özü ruhunun qəbz olunmasını öhdəsinə götürər. O kəslərin zümrəsindən olar ki, Allah Təala onu ruzi çoxluğu, ölən zaman sevincli olması və axirət savablarına şad olmaqla təmin edər. Allah yerdə və göydə olan mələklərinə xitab edərək buyurar: "Mən bu bəndəmdən razı oldum, siz də onun üçün bağışlanma diləyin"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.