Cəmiyyət

İstanbulda Şərqi Avropanın jurnalist təşkilatlarının toplantısı keçirilib

2 Dekabr 2016 14:00
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü ilə "Jurnalistlərin təhlükə anında təşkilatlanması" mövzusunda  konfrans keçirilib. Milli.Az bildirir ki, noyabrın 29-30-da İstanbul şəhərində keçirilən toplantıda BJF-in Şərqi Avropa məkanında fəaliyyət göstərən yerli üzv təşkilatları, jurnalist birlikləri iştirak ediblər. Türkiyə Qəzetəcilər Sendikasının ev sahibliyi ilə baş tutan konfransa Azərbaycandan BJF-in yerli üzv təşkilatı qismində  Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) qatılıb. 

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda jurnalistlərin son illərdə rastlaşdıqları qlobal problemlər müzakirəyə çıxarılıb: "BJF-in hesablamalarına görə, 1990-cı ildən 2015-ci ilə qədər olan müddətdə  dünyada 2385 jurnalist peşə fəaliyyətinə görə həyatını itirib. Eyni zamanda, 2000-2015-ci illər aralığında 2432 jurnalist  peşə fəaliyyətinə görə təqib edilib, qondarma ittihamlarla həbsə salınıb.  İş yerini itirən, xəsarət alan, hədələnən jurnalistlərin sayı isə 10000 nəfəri ötüb". 

BJF hesab edir ki, "yaranmış  durum jurnalistlərin ciddi şəkildə təşkilatlanmasını, təqibə, təzyiqə məruz qalan jurnalistlərlə  beynəlxalq həmrəylik kampaniyalarının keçirilməsini zəruri edir".  Bu yöndə effektiv vasitələrdən biri kimi, yerli jurnalist ittifaqlarının imkanlarının artırılması üzərində dayanılır. Müşfiq Ələsgərli bildirib ki, "konfransın müzakirə etdiyi əsas mövzu da, jurnalist ittifaqlarının bacarıqlarının artırılması vasitələri olub". 

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd aksiyasından sonra yaranmış durum, medianın vəziyyəti də müzakirəyə çıxarılıb. Konfrans iştirakçıları fəaliyyətini dayandırmış "Cümhuriyyət" qəzetinin redaksiyasına gedərək, Türkiyədə son hadisələrlə bağlı həbs edilmiş jurnalistlərlə bağlı dinləmələr keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.