Cəmiyyət

Qəssab Həsənin sonuncu mesajı: "Dükanı bağladım..."

1 Dekabr 2016 20:44
4 Şərh     Baxış: 8 033

"İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım". Bunu Sumqayıtda qəssablıqla məşğul olan, müştərilərinin "Qəssab Həsən" kimi tanıdıqları Həsən Canıyev deyir.

Onun dediyinə görə, son 10 gündə ticarəti "ölüb". Səbəbsə daimi müştərisi olduğu heyvan bazarında qiymətlərin az qala ikiqat artmasıdır:"100 kilo təmiz əti çıxan heyvanı 500 manata alırdım, indi 850-900 manata olub. Baxırsan ki, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvan elə əvvəlki qədər çoxdur. Ancaq qiymət çox bahadır. Ora alıcılar Bakıdan, Sumqayıtdan, başqa rayonlardan gəlirlər, qiymətləri eşidib qaçırlar. Sonuncu dəfə gedəndə bazarda əməlli-başlı müştəri qıtlığı gördüm".

Milli.Az azadliq.org-a istinadən bildirir ki,sonuncu dəfə 86 kiloluq dananı 870 manata alıb. Deyir, haqq-hesab edəndə, kilosu ona 8 manat 70 qəpikdən də baha düşür. Bir dərdi də indiyədək başına yığdığı müştəriləridir. Ət alanlar yarıbayarı azalıb: "Gətirdim kəsdim, kilosunu 9 manatdan satışa çıxartdım. Müştərilər qaçdı. Üstəlik də dedilər, 'sən də bahalaşmadan yararlanıb ətin qiymətini qaldırırsan'. Gəl indi müştəriyə xırdala ki, qoyduğum qiymət bu dananı Bərdə bazarından daşıyıb gətirib satmağın heç yolpulu da eləmir. Hələ mən bunun vergisini, baytarlığın, 'sanepidemstansiya'nın, sahə müvəkkilinin, fövqəladə hallarının, işıq idarəsinin, əlində kitab-dəftərlə hər gün qapıda peyda olanların xərcini demirəm... Bax, vəziyyət budur".

Bərdənin heyvan bazarı yalnız həftənin cümə günləri işləyir. Bərdəylə yanaşı Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Tərtər və başqa rayonlardan da mal-heyvan gətirib satırlar. Müştərilərsə, əsasən, Bakıdan, Sumqayıtdan, Gəncədən və başqa şəhərlərdən olur.

Qəssab Həsənin daimi müştərisi olduğu satıcı İsa Bədəlov deyir, heyvanlar bazara, adətən, gecəyarıdan çıxarılır. İndiyədək onun gecəyarı bazara çıxardığı iribuynuzlu heyvanlara səhərədək müştəri çıxırmış:"Ağlım kəsəndən heyvandarlıqla məşğul oluram. Hava işıqlananda artıq mal-qaramı satıb evimə qayıdırdım. İki cümədir ki, danaları necə aparıramsa, eləcə qabağıma qatıb geri qaytarıram. Müştəri deyir, 'qiyməti qaldırma'. Yemin qiyməti ilyarımda 2 manatdan 4 manat 50 qəpiyə qalxıb. Keçən həftəyə qədər 4 manata aldığım yem indi 4 manat 50 qəpiyə satılır. Qiymətlər həftəylə, günlə yox, saatla qalxır. Mal-qara saxlamaq asan gəlməsin. Bu danadır, gündə bir qab yeyib geri çəkilmir, gərək günboyu yemini kəsməyəsən. Mən bu dananı neçəyə satım ki, onun saxlanmasına xərclədiyim pulu çıxarım? İkinci həftədir alver yoxdur, bizimsə dolanışığımız mal-qara satmaqdan çıxır. Mən də istəyərəm ki, malımı satım, dolanışığım olsun".

Günün sonunda qəssab Həsəndən sonuncu mesaj gəlib: "Dükanı bağladım".

Qəssab Həsən bundan sonra nə işlə məşğul olacağını bilmir..

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ZAMİN · 1 Dekabr 21:0800

    Ali kitablılardı rla sahibkarkarın evini yıxan

    Cavab yaz
  • Anonim
    @ · 2 Dekabr 10:0700

    Qiymətlərin qalxmağı getmir, üstəlik maaşlarıda kəsirlər.Hamıda borc içində üzür.

    Cavab yaz
  • Anonim
    Virus · 2 Dekabr 17:5400

    Dollar qalxir her bir sheyin qiymeti qalxir amma emek haqqilar eksine dushur... Bunun axiri nece olacaq??

    Cavab yaz
  • Anonim
    Ziya · 2 Dekabr 18:0400

    bu gedişatınan biz insanlar birdəfəlik ət yeməyi,qaz ,su,işıqdan istifadəni yaddan çıxardaraq ulu babalarımızın yaşayış tərzinə keçəcəyik.ALLAH özü kömək olsun.AMİN!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.