Cəmiyyət

“Biz xilasediciyik, siz binanı yandıranı tapın”

27 Oktyabr 2016 22:14
0 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində ittiham olunan şəxlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O, ifadəsində şikayətçi olmadığını, dəymiş zərərin dövlət tərəfindən ödənildiyini deyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi xilasedici qrupunun əməkdaşları - Elçin Əbilov, Anar Hacıyev və Asif Əhmədov şahid qismində dindirilib. E.Əbilov deyib ki, həyəcan siqnalı aldıqdan sonra hadisə yerinə gəliblər: "Alov bütün binanı bürümüşdü, içəri tüstü idi, insanları təxliyə etdik. Partlayış səsi isə eşitməmişəm".

FHN-in digər əməkdaşları da eyniməzmunlu ifadə veriblər. Anar Hacıyev isə ifadəsində "Biz xilasediciyik, siz binanı yandıranı tapın" deyib.

... Fasilədən sonra davam edən prosesdə Dərnəgül Boru Prokat Zavodunun işçisi Zaur Əliyev ifadə verib. O, adıçəkilən müəssisədə anbardar işlədiyini, heç nədən xəbəri olmadığını deyib: "Laboratoriyaya heç bir aidiyyətim yoxdur. Mən çöldə işləmişəm".

Şahid qismində ifadə verən "Global Constuction"MMC-nin direktoru İlqar Vəliyev 2007-ci ildən hadisə baş verən günə qədər bu vəzifədə çalışdığını bildirib. Yanğın hadisəsi baş verən gün ona zəng vurub məlumat verdiklərini, hadisə yerinə gedərkən təkrar zəng gəldiyini, MTN əməkdaşlarının ofisdə axtarış apardıqlarını, yoldan geri qayıtdığını deyib: "Ofisə gələndə gördüm ki, hər yanı mühasirəyə alıblar. Heç kimi içəri buraxmırdılar. Özümü təqdim etdim, içəri keçdim. Bizə ümumi suallar verdilər. Miryusif Mahmudovu özləri ilə aparanda mən də getmək istədim. Dedilər ki, sənə ehtiyac yoxdur".

Şahid tərəflərin suallarını cavablandırarkən baş vermiş hadisədən iki həftə əvvəl "Global Constuction"MMC-nin digər təmsilçisinin işdən çıxdığını göstərib: "İşlər ciddi qurulmuşdu. Mən təsisçilərdən asılı olmamışam, sərbəst olmuşam. O ki qaldı "poliuretan" məhsulunun keyfiyyətinə, bu material 2011-ci ilin əvvəlindən tətbiq edilib. Ofisimiz də, Miryusif müəllimin uşaqlarının oxuduğu məktəb də, Dövlət Sərhəd Xidməti Akademiyasının binası da həmin materialla üzlənib".

Daha sonra şahid şirkət əməkdaşlarının Miryusif Mahmudova olan ehtiramından söz açıb. O, 500 nəfər işçinin ölkə başçısına müraciət ünvanladıqlarını deyib: "Biz gördüyümüz işə tam əminik. Buna görə də tam məsuliyyətlə cavab verməyə hazırıq".

Şahdi qismində ifadə verən direktor müavini Şahin Kərimov hadisə baş verən zaman ofisdə olduğunu deyib: "MTN əməkdaşları ofisdə axtarış aparırdılar. Yuxarı qalxanda gördüm ki, Miryusif Mahmudovla söhbət edirlər. Ondan əvvəl Miryusif özü mənə demişdi ki, onu MTN-ə çağırıb pul istəyirlər".

Şahid qismində ifadə verən Əli Vəliyev Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı olduğunu, ərazidəki təmizliyə baxdıqlarını bildirib: "Üzləşmə işlərinə nəzarət səlahiyyəti bizlik olmayıb. Biz ancaq süpürgə ilə məşğul olmuşuq, təmizliyə baxmışıq".

"GlobalStone" və "Global Construction" MMCnin baş mühasibi Vüsal Tağıyev şahid qismində ifadə verərkən yanğın baş verən gün ofisə çoxlu sayda yad adamaların gəldiyini və axtarış apardıqlarını göstərib: "Ofisin giriş-çıxışını kəsmişdilər, hərəkət məhdudiyyəti yaranmışdı. Sonradan öyrəndim ki, axratış aparanlar MTN əməkdaşlarıdır. Sənədləri yığırdılar, kompüterlərin yaddaşlarını köçürürdülər. Miryusif müəllimi hara apardıqlarını görmədim. Sonradan dedilər ki, MTN-ə aparıblar, oradan prokurorluğa çağırılıb".

Baş mühasib ifadəsində göstərib ki, məlum yanğın hadisəsindən əvvəl - 13 may 2015-ci ildə Miryusif Mahmudov ona zəng vurub, kassada nə qədər pul vəsaiti olduğunu soruşub: "Dedim ki, 50 min manat var. Miryusif müəllim dedi ki, tez onu götür gəl. Mən də pulu götürüb onun yanına getdim. Həmin pullar Miryusif müəllimin şəxsi hesabı idi. Pulu verəndən sonra vəsaiti hara qeyd edəcəyimi soruşdum. Dedi ki, "MTN-geyim" yazarsan. Miryusif müəllim həmin pulları MTN əməkdaşlarına vermişdi".

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.