Cəmiyyət

Stomatoloq: “10 xəstənin 8-də bu diş əti xəstəliyi var”

20 Oktyabr 2016 23:55
0 Şərh     Baxış: 8 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diş və ağız quruluşu insanın ümumi üz görünüşünü tamamlayan əsas hissədir. Hətta bir diş belə, ağız formasını korlamağa qadirdir. Bir dişin ağrısı isə insanın bütün əhvalını korlayır, iş qabiliyyətini aşağı salır. Bütün ağrıların, dişlərdə deformasiyanın səbəbi diş əti xəstəlikləridir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, stomatoloq Əbülfəs İsayev Azərbaycanda ən çox yayılan diş xəstəlikləri və onların aradan qaldırılması yollarından danışıb.
Həkim ilk növbədə bildirir ki, ölkəmizdə diş probleminin 90 faizini diş qapaqları təşkil edir. Bunun səbəbi isə həkimlərin düzgün olmayan müalicə üsullarıdır. Dişlərdə qanama, qızartı ilə həkimə müraciət edən pasientlərə müalicə kursu təyin edilir: "Həkim müxtəlif diş məcunu, dərman, iynələrlə diş ətini müalicə etməyə çalışır. 6 aylıq effekt alınır, qızartı, qanama keçir. Lakin sonra yenə həmin problemlər başlayır. Bunun səbəbi qapaqlardır. Qapaqlar düzgün hazırlanmır".  
 
Ə. İsayev diş qapaqlarının xüsusi hazırlanma xüsusiyyəti olduğunu deyir. Qapaq ilk növbədə diş üzərində düzgün oturmalıdır. Dişin isə qapaq üçün yonulması prosesi çox mühüm məqamdır. Diş problemləri ilə müraciət edən xəstələrin əksəriyyətində bu qaydalara riayət edilmir: "Nəticədə diş əti xəstəlikləri yaranır. Hazırda 10 xəstənin 8-də bu diş əti xəstəliyi var. Həkimlər xəstələrə problemin səbəbini izah etmədən müalicəyə başlayırlar. Bunun üçün də əlavə ödənişlər alırlar. Lakin pasientə əvvəldən düzgün qapaq hazırlansaydı, o, həmin diş əti xəstəliyi ilə qarşılaşmazdı və sonradan əlavə maddi xərci çıxmazdı. Xəstələr sadəcə olaraq periodik müalicə kurslarına gedirlər".  
 
Diş qapaqlarının düzgün qoyulması metal yoxlama ilə başlayır. Metal qapaq ağıza oturmadıqda həkim dişləri yonur. Stomatoloq bunun yanlış olduğunu vurğulayır. Digər mühüm məqam isə dişlərin yonulmasıdır: "Çox zaman prosesə diş-texniki müdaxilə edir, əlcəyi geyinmir, diş yonan aləti alır əlinə, başlayır dişləri yonmağa. Bu, icazə verilməyən haldır. Çünki texnik həkim deyil. Pasientlər də bunu normal qarşılayır. Elə bilirlər ki, belə də olmalıdır. Nəticədə isə problemlər yaranır. Bu formada qapağın hazırlanması düzgün deyil. Metal və ya digər hər hansı konstruksiya hazırlandığı zaman dişlər düzgün yonularsa, birbaşa dişin üzərinə çox rahat yerləşəcək. Sadəcə olaraq diş yonulma qaydalarını bilmək və onu həyata keçirmək lazımdır. Hər həkim düzgün diş yona bilmir".
 
Diş yonulma qaydalarına doğru əməl edilmədikdə isə diş aralarında sement qalınlığı artır. Ağız suyunun təsiri ilə həmin sement zamanla əriməyə başlayır və dişlə qapaq arasında passiv uyum yaranır. Nəticədə dişlərin arasına qida yığılır. Bu isə diş ətlərində qızarmaya səbəb olur: "Diş aralarında qida yığılması iltihab yaradır. Bu isə qızarma və qanamaya gətirib çıxarır. Bəzi xəstələr elə bilir ki, qapağa allergiyası olduğu üçün bunlar baş verir. Heç bir allergik testlə bunu yoxlamadan diaqnoz qoymaq olmaz. Sadəcə qapaq düzgün hazırlanmayıb. Təbii ki, allergik reaksiyalar da olur. Bizim ölkədəki pasientlərin ağız boşluğundakı vəziyyətin səbəbi allergiya deyil, qapaqdır. Bəzən qapağı 4-5 mm diş ətinin altına salırlar. Dişi elə yonurlar, sanki torpaq şumlayırlar".
 
Ə. İsayev xəstələrə həkimin iş prosesi ilə maraqlanmağı məsləhət görür. O əlavə edir ki, xəstənin dişi yonulan zaman diş ətində ciddi qanama olmamalıdır. Bu, diş ətinə zədə deməkdir. Dişə qapaq qoyulduqda ağıza yerləşmirsə, diş yonularsa, demək burada xəta var. Digər mühüm məqamsa dişə qapaq yonulduqdan sonra ona qulluqdur: "Bəzən pasientlər gəlir və bir neçə ildir dişində qapaq olduğunu deyir. Necə qulluq etdiyini soruşduqda yalnız fırçaladığını bildirir. Təkcə fırçalamaqla dişə qulluq olmur. Xüsusi saplardan da istifadə etmək lazımdır. Bunun da öz qaydası var. Həkim bunu başa salmalıdır. Eyni zamanda internetdə də dişə qulluq, diş qapağının təmizlənməsi barədə çox sayda informasiyalar, görüntülər tapmaq olar".   
 
Stomatoloq bütün problemlərin dişə qulluq və ağız boşluğunun təmizliyindən başladığını deyir. Dişində xəstəlik olub-olmamasından asılı olmayaraq, hər kəs diş gigiyenik qaydalarına əməl etməlidir: "Bəzən xəstələr gəlir və dişlərini fırçaladıqdan sonra karies yarandığını, dişlərinin xarab olduğunu deyir. Karies 2-3 gündə yaranmır. Ona sual verirəm ki, ola bilərmi siz uzun müddət dişinizi fırçalamadığınız üçün karies yaranıb? Təbii ki, cavab verə bilmir. İnsanlar diş fırçalamağa ciddi yanaşmırlar. Çoxları düzgün diş fırçalama qaydalarını bilmir. Nə dişlər ömürlük sağlam qalır, nə də dişə qoyulan qapaq ömürlükdür. Ona görə də qulluq şərtdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.