Cəmiyyət

Bakıdakı uşaq əyləncə mərkəzində qiymət anarxiyası - FOTO

31 Yanvar 2015 21:27
0 Şərh     Baxış: 6 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Olimpik Star"da əyləncə, içki və yeməklər "ceyran belindən" düşmək istəmir

Son illər sayı sürətlə artan uşaq əyləncə mərkəzləri valideynlərə seçim imkanı versə də, bəziləri cibin və əsəblərin birbaşa düşmənidir. Musavat.com bu günlərdə paytaxtda yerləşən Olimpic Star əyləncə mərkəzində qiymətlərlə tanış olub. Bakıdakı bir çox uşaq əyləncə mərkəzləri ilə müqayisədə burda qiymətlər sözün birbaşa mənasında əl yandırır.

Oyun aparatları, zoom(uşaqların içində oynayacağı, kiçik toplarla, yumşaq kreslolarla dolu məkan) və ən önəmlisi yeməklər, içki müştərini birbaşa aldatmağa, cibinə girməyə hesablanıb. Ondan başlayaq ki, burda da əyləncə imkanlarından yararlanmaq üçün kart almaq lazımdır.

Karta pul yükləməklə oyun aparatlarındakı minimal qiyməti 1 AZN-dən başlayan, 2-3 AZN-ə qədər davam edən oyunları oynamaq mümkündür. Təsəvvür edin ki, uşağın 5 oyun oynaması üçün kartda 5-15 AZN pul olmalıdır. Və ən maraqlısı zoom qiymətləridir. Uşağınızın zooma daxil olması nə az, nə çox 5 AZN qiymətindədir. Bakıdakı heç bir əyləncə mərkəzində zoom qiymətləri bu həddə deyil. İçində elektriklə çalışan heç bir cihaz, oyun aparatı olmayan bu məkana təkcə girişin bu qiymətdə olması isə absurdun pik həddidir.

Və gələk məkanın restoranındakı qiymətlərə. Bura əsasən uşaqları üçün ad günü keçirmək istəyən ailələr gəlir. Ad günü tortunun kəsilməsi, ayı və Maşanın iştirakı ilə "Happy birthday" mahnısının oxunması-filan... bunlar uşaqlara əyləncəli gələ bilər. Amma menyudakı qiymətlər valideynlərini gerçəkdən ağladır.

Öncə anormal içki qiymətləri barədə. Coca Cola, Fanta, Sprite (1L) - 3 AZN, Red bull-4AZN, Coca Cola, Fanta, Sprite (250 qr) - 1AZN, təbii meyvə şirəsi(1L) -5AZN, Kompot(1L) - 4AZN

Yeməklərdə də vəziyyət təxninən eynidir:

Pizza qarışıq - 8 AZN, Pizza toyuqlu-7AZN(digər pizzalar da eyni qiymətədir), pidelər 7-8AZN. Kabablar da 7-8 AZN. Tabaka(qarnirsiz), toyuq soyutması -12 AZN. Kartof freenin 2 manat(halbuki kartofun kilosu 80 qəpikdən başlanır və masaya gətirilən kartof heç 200 qram da deyil)Soyuq qəlyanalatı, çay dəstgahı da norma qiymətlərindən bir neçə dəfə bahadır.

Elementar bir müqayisə. Cola, Fanta, Sprite içkilərinin satış qiyməti 60 qəpikdir. Burada isə onu maya dəyərindən 2-3 yox, məhz 5 dəfə baha satırlar. Üstəlik müştərilər də görür ki, onların masasına gətirilən qazlı içkilərin ağzı tam qapalı olmur. Yəni, qapağını açmaq üçün xüsusi burmağa ehtiyac olmur, açılanda qazı çıxmır və sair. Bu isə onun təmizliyi və daha öncə istifadəsi ilə bağlı şübhələrə əsas verir. Maya dəyəri 4-5 AZN olan toyuğu 3 dəfə baha satmaq da işbazların yeni şakəridir.

Və ən maraqlısı da odur ki, ofisiantlara bu barədə hər hansı şikayət edəndə sanki öyrədilmiş kimi bir cavabları olur: "İstəmirsizsə almayın. Biz məcbur etmirik"... Valideynlərin narazılığına cavab verəcək şəxslər isə ortada görünmür.

Musavat.com bu durumla bağlı Olimpik Starın rəsmi nümayəndəsi ilə danışmağa cəhd etsə də, həmin gün orda suallarımıza adekvat şəxs tapılmadı. Bu gün ərzində isə telefon zənglərimizə heç kim cavab vermədi. Rəhbərliyin mövqeyini işıqlandırmağa və onların "marketinq mövqeyini" işıqlandırmağa hazırıq.
 

musavat.com

Şəkilləri böyütmək üçün klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.