Cəmiyyət

Başqalarının azadlığına soxulmaqdansa...

29 Sentyabr 2016 21:12
22 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər məni, demək olar ki, ən çox düşündürən məsələlərdən biri də insanların aqressivliyidir. Hamı deyir ki, hamı aqressivdir, amma heç kim özünü bu "hamı"nın içində görmür. O adamlar ki... deyir, sən niyə yaşıl rəngli paltar geyinmisən, bu, sənə yaraşmır, sən mən deyən rəngdə geyinməlisən, mənim zövqüm yaxşıdır. Sən niyə yeriyəndə birinci sol ayağını atırsan, sağ ayağını at. Sən niyə özünü savadlı hesab edirsən axı, sən axmaqsan. Sən niyə zibili özün atırsan, qoy ərin atsın, bazarlığa da o getsin, uşağı məktəbə də o aparsın... Yəni mən ağıllıyam, mən deyən düzdür, hamı mən deyən kimi yaşasın... Bax bu görünüş altında gizlənirik, ağıllı görünüş altında. Orada isə səmimiyyət olmur... Və həmişə məətəl qalıram ki, niyə adamlar başqalarının şəxsiyyəti, həyatı və yaşamı haqqında belə asanlıqla hökm verə bilirlər? Niyə çox zövqlə onu müzakirəyə çıxarırlar? Onların başqa maraqları, işi-gücü yoxdurmu? Ondansa bu hökm oxuduqları adamlarla ünsiyyət qura bilməzlərmi? 

Mən adamlar arasında ünsiyyət çətinliyi barədə suallarıma cavabı şərqli filosof Oşoda da tapmağa çalışdım. Oşo deyir, ünsiyyət ona görə çətindir ki, sən yoxsan. İçində bir boşluq var, buna görə də ünsiyyətdən qaçırsan. Çünki ünsiyyət o boşluğu üzə çıxaracaq və məlum olacaq ki, görünən əslində sən deyilsən.

Ünsiyyət sevgidir, ünsiyyət paylaşmaqdır. Paylaşmaq üçünsə əvvəlcə nəyəsə sahib olmaq lazımdır. Sahib olmayanda ortaya mənasız və məzmunsuz bir insan və onun adamları incitmək səbəbləri çıxır.

Oşo deyir ki, iki toxum ünsiyyət qura bilməz. Onlar hələ cücərməyiblər. Amma deyir ki, iki gülün ünsiyyəti mümkündür. Və sənin iki seçimin var: gül kimi açmaq və ya toxum olaraq qalmaq.

Təəssüf ki, milyonlarla insan toxum olmağı seçib. Milyonlarla insan həyatını bax belə başa vurub. Qorxub. Qorxub ki, ünsiyyət zamanı onun hər şeyi üzə çıxacaq. Nə varsa o olmaqdan, görünməkdən qorxub. 

Sevgililər belə münasibətdə sərhəd saxlayırlar. Onlar elə bir vəziyyətdə olurlar ki, istənilən an arxa çevirə bilsinlər, gizlənə bilsinlər. Kimsə özünü açıq elan etmir. Ya da bir-birlərinə yiyələnmək istəyirlər. Sahiblənmək ünsiyyət deyil. Əksinə, bütün ünsiyyət imkanları məhv eləməkdir. Ünsiyyətdə insanlar bir-birinə hörmət edir, sevgi verir, heç kim digərinin azadlığına soxulmur. Sevgililikdə qorxu yoxdur, digərinin azadlığını əlindən almaq hissi yoxdur. 

Oşo bu qorxunu içində gözəllik olmamaqla izah edir. Deyir, çünki üzə çıxarılası heç nə yoxdur. Görüntü olaraq maraq doğura bilərlər, ancaq zaman keçir və soyunmalı, astarını üzə çıxarmalı olursan. Bu zaman hər şey məhv olur.
Bax milyonlarla insan buna görə toxum qalmağa üstünlük verib. Çünki toxum qalmaq daha təhlükəsizdir. Çünki külək toxumun içini çölə tökə bilmir. 

Adamlara görə, ən yaxşısı gizlənməkdir. Gizləndikcə də saxta ünsiyyət yaranır, ümumiyyətlə, ünsiyyət alınmır.

Kim yaşamaq istəyirsə, riskə gedib gül kimi açılmalıdır. Var olmalıdır. Qorxmayın, edin bunu... Onda qonşunun, qohumun, dostun qapıdan çıxanda hansı ayağını birinci atması, evdə zibili kimin atması maraqlı olmayacaq.

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.