Cəmiyyət

Muhəmməd peyğəmbərin sünnətli doğulması iddiası…

27 Sentyabr 2016 23:55
16 Şərh     Baxış: 4 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahın sonuncu elçisi Muhəmməd peyğəmbər haqqında çoxsaylı uydurmalar mövcuddur. Bəziləri onu ucaltmaq, bəziləri isə aşağılamağa səy göstərirlər.

Müzakirəyə səbəb olan məsələlərdən biri də, Allahın sonuncu elçisinin sünnətli doğulub - doğulmaması ilə bağlıdır. Bəziləri ailədən kənar insanların körpə Muhəmmədin bədəninin ayıb bilinən yerinin görünməməsi üçün göbəyi kəsilmiş və sünnətli halda doğulduğunu iddia ediblər. Bu cür iddia ortaya atanların bir hissəsi də balaca Muhəmmədin süd anası Həlimənin yanında ikən mələklər tərəfindən sünnət olunduğu fikrini irəli sürür.

Milli.Az din.az-a istinadən bildirir ki, Muhəmməd peyğəmbərə məxsus möcüzəli bir hadisə kimi qeyd edilən sünnətli doğuş nadir baş verən olaylardan deyil. Və bu xüsusi imtiyaz da hesab olunmur.

Körpə Muhəmmədin sünnətli doğulub-doğulmaması məsələsinə keçmədən bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.

Bu yazıda sünnət məsələsinin tarixinə ekskurs etməyəcəm. Dünya Səhiyyə Təşkilatının sünnət haqqındakı bəyanatlarını şərh etmək düşüncəsində deyiləm. Sadəcə olaraq Tövrat, İncil və Quranın məsələyə münasibətini qısa olaraq sizlərlə bölüşəcəyəm. Burada bir haşiyə çıxım ki, Quran Musa və İsa peyğəmbərlərimizin uşaqlığından bəhs etdiyi halda, Muhəmmd peyğəmbərin uşaqlıq dövründən bəhs etməyib.

Quranda sünnət və ya sünnət olunmaq barədə bircə dənə də olsa ayəyə rast gəlmək mümkün deyil. Lakin Tövratda sünnət barəsində qəti əmrlər var: "Mənimlə sizin aranızdakı əhd budur: aranızda kişi cinsindən olan hər kəs sünnət olunmalıdır. Siz də, gələcək övladlarınız da bu əhdə əməl etməlisiniz" (Yaradılış 17:10), "Aranızdakı səkkizgünlük oğlan uşaqları, istər evinizdə doğulsun, istərsə də nəslinizdən olmayıb satın alınan yadelli olsun, sünnət olunmalıdır. Bu, nəsildən-nəslə belə davam etməlidir" (Yaradılış 17:12), " "İsrail oğullarına belə söylə: "Hamilə qadın oğlan uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, yeddi gün murdar olacaq. 3  Səkkizinci gün uşaq sünnət olunmalıdır" (Lavililər 12:2, 3).

Xristianlar sünnət olmağı əsas qəbul etməsələr də, "Lukanın İncili"ndə də xüsusi olaraq səkkizinci gün körpənin sünnət edilməsindən, hətta bu körpənin İsa peyğəmbər olmasından və ad qoyulmasından bəhs olunur (bax: "Lukanın İncili" 2/21).

Unutmadan bir məqamı da qeyd edək ki, sünnət heç vaxt İslamı qəbul edənlər üçün təşkil edilən xüsusi ayin olmayıb. Muhəmməd peyğəmbərin vaxtında, bugünkü müsəlmanlardan fərqli olaraq, İslam dinini qəbul edən xristianların sünnət olunmaları ilə bağlı xüsusi şərt də yox idi.

Ərəblərdə isə bu cür adət olub. İndinin özündə də bu adəti "islamlaşdıraraq" davam etdirirlər. Dünyaya oğlan uşağı gələndə, doğuşun yeddinci günündə "əqiq qurbanı" kəsilir, ziyafət təşkil olunur, sünnət olunur və uşağın adı elan olunurdu. Körpə Muhəmməd də ərəb uşaqlarından fərqlənməyib və dünyaya gəlişinin 7-ci günündə babası Abdulmuttalib tərəfindən ziyafət təşkil edilib, sünnət olunub və adı hər kəsə elan olunub. Ərəblərdə kirvə adəti olmadığına görə "Muhəmməd peyğəmbərin kirvəsi" söhbəti də mənasını itirir.

Peyğəmbərin sünnətli doğulmasını iddia edənlər guya Muhəmməd peyğəmbərin şanını ucaltmağa çalışıblar və ya çalışırlar. Halbuki belələri, əksinə, onun bədəninin qüsurlu olduğunu iddia edirlər və bundan da xəbərsizdirlər. Çünki sünnətli doğulmaq xəstəlikdir və bu cür hadisələr tibbi terminalogiyada "Hipospadias" adlandırılır və hormon xəstəliklərinə səbəb olacağı bildirilir.

Muhəmməd peyğəmbərin sünnətli doğulması iddiası peyğəmbəri ucaltmaq deyil. Çünki ucalıq insanın özündən asılı olmayan səbəblərdən deyil, əksinə, özünün səyi ilə qazandıqları ilə mümkündür. Ancaq doğuşdan sünnətli doğulmaq üstünlük dərəcəsi olsaydı, bu yenə insanın öz istəyi ilə olmadığına görə, sünnətli doğulan körpəyə də şamil edilə bilməzdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.