Cəmiyyət

Hacı İsmayılov: “Mənim həyatdan köçməyim kimisə yandıracaq”

24 Sentyabr 2016 23:29
13 Şərh     Baxış: 7 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az A24.az-a istinadən Azərbaycanın xalq artisti , Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılovla müsahibəni təqdim edir:

- Əvvəllər sizi heç olmasa "Kinoklubda görüş" verilişində görürdük. Son zamanlar isə demək olar ki, efirlərə çıxmırsınız. Niyə?

-Bilirsiniz ki, mən Azərbaycan Akademik Milli Dram teatrının aktyoruyam. Əksər tamaşalarda da iştirak edirəm. Həmçinin artıq neçə ildir ki, Azərbaycan Teatr Xadimləri ittifaqında hörmətli sədrimiz Azər Paşa Nemətovun yaradıcı işlər üzrə müaviniyəm və bizim orda çoxlu tədbirlərimiz olur. Bizim "Mustafa Mərdan" adlı  səhnəmiz var, hansı ki, həmin səhnədə neçə-neçə tanınmış insanların, sənətkarların və hətta bəzən unudulmuş insanların yubileylərini keçirdirik. İşlərimizin çoxluğuna görə, televiziyaya getməyə vaxtım olmur. Efirlərdən qaçmıram sadəcə işlər çoxdur.

-Hacı İsmayılovu hazırki efir vəziyyəti qane edir mi?

-Mən efirlərə çox az baxıram, ancaq "Xəbərlər" buraxılışını izləyirəm. Daha çox türk kanallarına, idman buraxılışlarına baxıram. Sözsüz ki, qane edir. Dünyada nə baş verirsə çalışıram ki, onları qaçırtmayım. Aktyor gərək müasir zəman ilə ayaqlaşmağı bacarsın. Efir məkanı elədir ki, bəyənilən də bəyənilməyən də olur. Həyatda mütləq olan mənim üçün bircə Çarli Çaplindir.

-Yeni yerli aktyor və aktrisaları bəyənir və tanıyırsınızmı?

-Düzü, tanımadıqlarım daha çoxdur. Yeni istedadlı gənclər gəlir. Əlbəttə XXI əsrdir deyə gənclərin hər şeyə münasibəti daha fərqlidir. Mən inanıram ki, onların gələcəyi olacaq.

-Yerli və xarici aktyorlardandan efirdə görüb sənətini bəyənmədiyiniz kimlərdir?

-Məni daha çox onların çıxış etdiyi veriliş maraqlandırır. Aktyor və aktrisanı ancaq filmlə, teatrla, kinoyla sevmək olar. Bəyənib, eləcə də, bəyənmədiklərim də olur. Mən biraz konservativ görsənməsin, amma məzmun və məntiqi sevən insanam. Sabirin bir sözü var:

"Çalxalandıqca, bulandıqca zaman nehrə kimi

Yağı yağ üstə çıxar, ayranı ayranlıq olar."

Kimin necə olduğunu zaman göstərəcək.

-Yeni çəkilən serialları bəyənirsinizmi? Dəvətlər var?

-Düzü, bütövlükdə serialların hamısına baxmamışam. Ona görə də qiymət verə bilmərəm. Əgər hiss etsən ki, serial təbiidir, həyatdan götürülüb, maraqlıdır onda insan oturub baxır. Mən keçən il "Bir ailəm var" serialında "Uğur" obrazında çəkildim. Məncə, insanlar bunu bəyəniblər.

-Hazırki madi imkanlarınız və yaşayış şərtlərinizlə razısınmı?

-Bəli, əlbəttə ki, razıyam. Mən heç təsəvvür etmirdim ki, bu sənətlə məşğul ola-ola gəlib bu səviyyə çatacağam. O səviyyəyə ki, tamaşaçıların hüsni-rəğbətini qazanacağam, oynadığım rollara həvəslə baxacaqlar. Sənətdə qazandığım uğurlar məni qane edir. Mənim həmişə bir devizim olub: "Həyat hər gün onun üçün mübarizə meydanına atılan insanlar üçündür".  Mən cavanlığımda təsəvvür etməzdim ki, gəlib bu səviyyəyə çataram. Bu mənada həyatda xoşbəxtəm.

-Səhnədə sizinlə birlikdə rol alan aktyorların əksəriyyəti: Yaşar Nuri, Siyavuş Aslan, Telman Adıgözəlov dünyasını dəyişib. Ən çox təsir edəni hansı olub?

-Mən institutu bitirəndən sonra Sumqayıt və İrəvan teatrlarında işlədiyim dövrlərdə, cavan yaşında iki sənət dostumu itirmişəm. Mənə ən çox təsir edən onlar olub. Onlar tez-tez yuxuma da girirlər. Hərdən Səməndər Rzayevi, Vəfa Fətullayevanı, Hamlet Qurbanovu, Hamlet Xanızadə, Telman Adıgözəlovu, Kamal Xudaverdiyevi, Yaşar Nurini yada salıram. İndi özümü onlarsız tənhalaşmış hiss edirəm. Mənim həyatım onlarla gözəl idi. Hərdən özüm-özümə sual verirəm ki, onlara nə oldu? Niyə hamısı bir-bir getdi? Onlar, axı, yaşamalı və yaratmalı idilər. Allah insana bir ömür verir və insan da o ömrü yaşayır. Əsas odur ki, yaşayanda bir iz qoyasan. Sizin sadaladığınız aktyorlar bu həyatdan iz qoyub getdilər. Allah qəni-qəni onlara rəhmət eləsin.

-Azərbaycan kinosunu bundan sonra necə görürsünüz?

-Mən əslində teatr aktyoruyam. Kino mənim həyatıma sonradan daxil olub. Kinoda işləmək üçün böyük bir sevgidir. Kino Azərbaycan xalqının tarixidir. Ulu öndərimizin belə bir sözü var: "Azərbaycan kinosu Azərbaycan xalqının salnaməsidir". Zəngin Azərbaycan kinosu var. Çox gözəl filmlərimiz var. Üstündən illər keçməsinə baxmayaraq onlar baxılır. İnanıram ki, Azərbaycan kinosunun gələcəyi var. Yəqin ki, yaxın zamanda biz kinomuzun "İntibah dövrü"nü görəcəyik.

-Bizə ailənizdən danışa bilərsinizmi? Övladlarınız hansı sənətlə məşğuldurlar?

-Ailə insan üçün çox önəmlidir. Ailə dövlətdir. Ailəni idarə etmək və saxlamaq lazımdır. Mən cavanlığımda bir qədər dəliqanlı olmuşam və ailəmə o qədər də fikir verməmişəm. Bu da həmin dövrdə tamaşaların, filmlərin və məşqlərin çoxluğu ilə bağlı olub. Yoldaşım, 2 övladım və 3 nəvəm var. Mən indi nəvələrimlə nəfəs alıram.

"Dövlətdə dəvə, övlatda nəvə

Saçları ipəkdir, gözləri şəvə.

Xoşbəxtlik gətiri onlar hər evə

Dünyanın ən şirin barıdır nəvə".

-Nəsildə ikinci "Hacı İsmayılov" yetişir?

-Yox, yetişmir. Məncə, insanı təkrar etmək mümkün deyil. Bayaq adını sadaladığımız sənətkarları da əvəz edən insanlar olacaq ancaq onların təkrarı olmayacaq. Heç kəsi əvəz etmək olmaz.

-Aktyor olmağınıza peşmansınız?

-Yox. Mən məktəb illərindən aktyor olmaq istəmişəm. Mən ya yaxşı idmançı olardım ya da aktyor. İkisini də sevirdim, amma aktyorluq sənəti məni özünə daha çox cəlb etdi. Elə bilirəm ki, mənim həyatımın mənası elə bu sənəti seçməyimdir. Necə aktyor olmağımı taleyim və bəzi insanlar həll etdi. Mənim filmə çəkilməyimdə Rasim Ocaqov kimi görkəmli rejissorun əməyi çox olub. Mən həmişə müəllimlərimə borcluyam. Müəllimlərə də mənim həmişə böyük hörmətim olub.

-Bu sənət sizə nə verib, nə alıb?

-Məndən çox şey almayıb, əksinə mən çalışmışam ki, çox şey verim. Çox vaxt keçib, amma itirilən vaxt səmərəsiz olmayıb. Kinoda, radioda, teatrda,  qazandıqlarım çox olub. Hər dəfə səhnəyə çıxıb tamaşaçıların sevgisini və alqışlarını görəndə elə bilirsən ki, var-dövlət başına yağır.  İnsan o anda özünü xoşbəxt hiss edir.

-Yerli aktyorlardan kimi "sənətin şahı" hesab edir, kimi görmək istəmirsiniz?

-Bu çox qəliz məsələdir. Hərənin öz yeri var. Kiməsə qiymət vermək biz sənətkarların yox, kənardan baxan insanların işidir. Bizim bir-birimizə qiymət verməyimiz düzgün deyil. Bir-birimizi sevə bilər, hörmət edə bilərik, ancaq desək ki, filankəsdən yoxdur onda bu düzgün olmaz. Çünki yaxşı sənətkarlar olub, olur və olacaq.

-Sizi haçanca seçdiyiniz sənətə görə qınayan olubmu?

-Qınayan olmayıb. Bizim nəsildən aktyor çıxmayıb. Yeganə mənəm ki, aktyorluq sənətinə gəlmişəm. Valideynlərim mənə bu yolda mane olmayıblar. Cavanlıq illərində çətinliklərim çox olub. Mən sənətimə sadiq olmuşam. Heç vaxt nankorluq etməmişəm.

-Ən çox hansı filmdə kadrın çəkilişində çətinlik çəkmisiniz?

-Ən çox çətin olanı "Həm ziyarət həm ticarət" filmində olub. Mən o vaxt "Ad günü" filminə çəkilmişdim. Düzü, bilmirdim o film uğur qazanacaq ya qazanmayacaq. Ancaq artıq "Həm ziyarət həm ticarət" filminə çəkiləndə mən özümə inanırdım ki, artıq necə filmdə çəkilmişəm və mən bunu bacaracağam. Çünki "Ad günü" filmində "Mustafa" rolunda oynamışam. "Həm ziyarət həm ticarət"də də eyni obrazı təklif etdilər. Onda bir qədər özümə arxayın oldum. Elə çəkilişin birinci günü gördüm ki, yox düşündüyüm kimi deyil. Ciddi və məsuliyyətli olmaq lazımdır. Yəni mənim "Həm ziyarət həm ticarət " filmindəki rolum çox çətin olub. O vaxt lentin 1 metrinin 1 dollar olan vaxtında çalışırdıq ki, 2-3 dubla çəkib bitirək. Mənim yer aldığım epizodu 9 dubla çəkdik.

-Özünüzə hələ də arzuladığınız, lakin qismət olmayan rol var?

-Cavanlıq illərimdə olub. Hamı istəyirdi ki, qəhrəman rolları oynasın. Həyat elə gətirib ki, tamam başqa obrazları canlandırmışam. Mən çox sevinirəm ki, mən öz rolumu tapdım. O da "Ad günü" filmindəki "Mustafa" obrazı idi. Mənim daxili aləmim və xarakterim elə rollara imkan verir. Şükürlər olsun ki, o rolla uğurlar qazandım.

-Hacı İsmayılov gedəndən sonra sənətdə nə qoyub gedir?

-Ancaq yaxşı cəhətləri. Mənim həyatdan köçməyim kimisə yandıracaq, kiməsə pis təsir edəcək. Yəqin ki, bu sənətdə iz qoyub gedəcəyəm. Bu Allahın işidir. Hər kəsə bir ömür verir və bu ömrü necə yaşamaq insanın özündən asılıdır. Əgər bu həyatdan iz qoyub gedirsənsə, deməli, ruhun şad olacaq. Deyəcəklər ki, Allah rəhmət eləsin, yaxşı insan, yaxşı aktyor idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.