Cəmiyyət

Azərbaycanda həkimlər niyə azalır? – SƏBƏBLƏR

30 Avqust 2016 18:14
10 Şərh     Baxış: 2 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalması, regionlarda tibb mütəxəssislərinə tələbatın artması ilə bağlı məlumatlar ciddi rezonans doğurub. Xəstəliklər cavanlaşdığı, yeni kadrlara ehtiyac yarandığı bir vaxtda həkimlərin öz sənətlərindən uzaqlaşması səhiyyə sistemində ciddi islahatlara ehtiyac olduğundan xəbər verir.

Statistika nə deyir?  

Milli.Az fins.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2015-ci ildə Azərbaycanda 32 756, 2016-cı ilin əvvəlində isə 32 458 həkim olub. Ölkədəki həkimlərin çoxunu terapevt həkimlər təşkil edir- 8 212 nəfər.
Fins.az-ın  araşdırması göstərdi ki, son illərdə müşahidə olunan nevroloji və psixoloji problemlərin artması fonunda bu sahələrdə çalışan ixtisaslı həkimlərin sayı çox azdır. Ölkədəki həkimlərin cəmi 986 nəfəri nevropatoloq, 311 nəfəri isə  psixiatordur. Azərbaycanda nevroloji xəstəliklər uşaqlar arasında, xüsusilə yeni doğulanlarda daha çox müşahidə edilir. Buna baxmayaraq hələ də  regionlarda uşaq nevropatoloqları tapılmır. Hər kəsin paytaxta gəlmək imkanı olmadığından uşaqlar ya ömürlük şikəst olur, ya da vəfat edirlər.

Təkcə 2 rayonda 105 həkim çatışmır

Təkcə bu gün mediada açıqlanan 2 rayona aid rəqəmlər  vəziyyətin nə  dərəcədə ağır olduğunu  göstərir. Ağsu Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov deyib ki,  indi rayonda  168 nəfər ali təhsilli həkim var. "Bununla belə  43 həkimə ehtiyacımız var. Daha çox pediatr, terapevt və ginekoloq tələb olunur".
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Məhəmməd Musayev isə  bildirib ki,  rayonda səhiyyə sahəsinin ən böyük problemi tibb mütəxəssisləri çatışmazlığıdır. "Bu gün Kürdəmirdə  62 müxtəlif ixtisaslı həkim və 108 orta tibb işçisinə ehtiyac duyulur".
Bunlar kifayət qədər  böyük rəqəmlərdir. Hətta bir rayonun ehtiyacı olan qədər həkim yeri boş qalıb. Ona görə də xəstələrin paytaxta və xarici ölkələrə axını davam edir.
Azərbaycanda həkimlərlə yanaşı, orta tibb işçilərinin də sayı azalır. 2015-ci ildə Azərbaycanda 56 148 orta tibb işçisi olduğu halda, 2016-cı ildə onların sayı 54 900-ə enib. Həkimlərin və orta tibb işçilərinin sayının azalması səhiyyə sistemində aparılan islahatlarla izah edilir. Lakin burada başqa məqamlar da var.

Gənclər həkim olmaq istəmir

2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali məktəblərində hazırlanan tibb  mütəxəssislərin sayında da azalma müşahidə edilir. 2014-cü ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələrində 1 141, 2015-ci ildə isə 934 mütəxəssis hazırlanıb.
Bu  azalma bu il ali məktəblərə qəbul planlarında da müşahidə olunur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının son açıqlamasına görə,  Azərbaycan Tibb Universitetinə ayrılan plan yerlərinin   97.59 faizi tutulub.  Yerlərin 2,41 faizi boş qalıb.
Bunun bir səbəbi əhalinin gəlirlərinin azalmasıdır.  Belə ki, valideynlər artıq uşaqlarını  ödənişli ixtisaslarda oxuda bilmirlər.  Üstəlik,  kredit almaq imkanları da son dərəcə məhdudlaşıb. Bankların əksəriyyəti  nəinki tələbə kreditlərini, hətta bütün istehlak  kreditlərini dayandırıb. Buna görə də  abituriyentlər  ödənişli ixtisaslardan imtina edirlər. 

Medianın basqısı kabus kimi dolaşır

Həkim-pediatr Vafiq Qarayev digər mühüm səbəblərdən danışıb. Bildirib ki,  həkim olmaq istəyən gənclər  medianın basqısından çəkinirlər:
"Az qala hər gün mətbuatda həkimlərin əliyhinə yazılar verilir, ünvanlarına "qatil", "canalan", "cinayətkar" kimi ağır ifadələr işlədilir. Doğrudur, öz  sənətini yaxşı biməyənlərin səhvləri üzündən ölüm halları baş verir. Ancaq yazılar çox kəskin olduğundan  cavanlar,  "hətta  yeni həkimliyə başlayan şəxslər bu sahədən uzaqlaşırlar".

Az maaşla çox işləmək olmur

Həkim həmkarlarının  sayının azalmasında əsas səbəblərdən biri kimi səhiyyə sistemində əmək haqqının az olmasını qeyd edib. İnsanlar, xüsusilə, ailəli kişilər 200-250 manat maaşla həkim işləməyə maraq  göstərmirlər.
"Az maaşla həkimdən daha çox iş, məsuliyyət, insan taleyini həll etmək tələb olunur.  Qadınlar  ailədə  əsas qazanc gətirən adam olmadıqları üçün bu sahədə qalıb işləyə, karyera  qazana  bilirlər.  Ancaq ailə başçısına belə gəlirli iş heç sərf eləmir. Ona görə də onlar bu sahəyə artıq maraq göstərmirlər".
Bəllidir ki, həkimlər, tibb işçiləri  təkcə maaşa görə işə getmirlər. Onları bu işə cəlb edən əlavə gəlirləri -pasiyetnlərdən aldıqları "xidmər haqqı"dır. Ancaq son vaxtlarda bu şərtlərlə işləməyin mənəvi-psixoloji ağırlığı həkimliyə marağı azaldıb.

Rayona getmək sərfəli deyil

Regionlarda həkim kadlarının çatışmazlığı isə əsasən, orada həyat şəraitinin, insanların işdən sonrakı vaxtının  səmərəli təşkilindəki problemlərlə bağlıdır. Şəhərdə bunları əldə etmək daha asan olduğundan  gənclər rayona getməkdən imtina edirlər.
V.Qarayevin fikrincə, stimul olmadığından tibbi təhsil müəssisələrini bitirən gənc mütəxəssislər rayonlara getmək istəmirlər.
"Həkim də insan kimi  işdən sonrakı həyatını təşkil etməlidir, ailəsinin ehtiyaclarını ödəməlidir. Ən azı yaşamağa yeri olmalıdır. Rayonlarda iş yeri olsa da həkimin  sosial-mədəni həyatını, istirahət hüququnu təmin etmək üçün şərait yoxdur. Həkim övladı üçün normal bağça, məktəb,  əyləncə mərkəzi, özləri üçün istirahət-əyləncə  mərkəzləri tapmayacaq. Üstəlik, aldığı maaşla  ailəsini saxlaya biməyəcək. Ona görə də heç kim rayona getmək istəmir".

Regionda müasir avadanlıqlar olarsa...   

Həkim- pediatr ixtisaslı  kadrlara rayonda olmamasının digər səbəbi kimi modern tibb avadablıqlarının bölgələrdə olmamasını göstərib . Rayonda müasir avadanlıqlar olarsa,  xəstələrin paytaxta gəlməsinə ehtiyac olmaz.
V.Qarayev hesab edir ki, regionlarda çalışan  həkimlər vaxtaşırı xaricdə ixtisasartırma kursları keçməlidirlər. "Bütün bu tədbirlər olarsa,  həkimlərin rayonda qalmasını stimullaşdırmaq olar. Bunun üçün səhiyyə sistemində ciddi islahatlara ehtiyac var.  Həkimin maaşını artırmaqla  bir ailənin rifahını yaxşıladırmaq olar".
Bəlli olur ki, həkimlərin sayının azalması  təkcə maliyyə məsələləri ilə bağlı deyil. Həkimlərin sosial-mədəni, məişət şəraitinin yaxşılaşdırılmasına da ehtiyac  duyulur. Ancaq bu zaman onlardan Hippokrat andı,  həkim məsuliyyəti tələb etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.