Cəmiyyət

Təzə təmirli evin sakinləri: "Həyatımız təhlükədə" - FOTO

27 Avqust 2016 16:47
1 Şərh     Baxış: 1 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıqladı ki, cari ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəmi aşkarlanıb. Həmin zirzəmilərin bir hissəsinə kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində su dolub, digər hissəsini isə qurunt suları basıb.

Virtualaz.org araşdırıb ki, üfunət, antisanitariya mənbəyi olan belə yaşayış binalarından biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 24A ünvanında yerləşən 5 mərtəbəli yataqxanadır. Binanın zirzəmisinə illərlə su dolduğuna görə özülü əyilib və çökmək üzrədir. Yataqxanada yaşayan sakinlərin-məcburi köçkünlərin virtualaz.org-a bildirdiklərinə görə, əslində qəzalı vəziyyətə düşən binaya görə həyatları təhlükə altında olduğundan pis qoxu və antisanitariya şəraitini demək olar ki, unudublar.

"Bu bina uçsa, hamımız altında qalıb öləcəyik..."

Sakinlərlə söhbət zamanı məlum oldu ki, bina bir həftə öncə təmirdən çıxıb. Daha doğrusu, kosmetik təmir işləri görüblər, dəhlizin divarlarını və döşəməsini rəngləyiblər, ümumi istifadədə olan hamam və tualetə kafel döşəyiblər. Buna baxmayaraq binada kanalizasiya sistemi işləmir, çirkab suları həm hamam-tualetdən dəhlizə, həm binanın çöl tərəfi ilə aşağıya doğru axır.

Bina sakini Cəfər Məmmədovun sözlərinə görə, təkcə bu çirkab suları özülü sırada çıxarmaq üçün yetərlidir:

"20 ildir burada yaşayırıq. Bina qəzalı vəziyyətdədir. Baxın, görün təmirli binaya oxşayır? Tualetlərin kanalizasiyasından su çölə axır. Bu illər ərzində indiyə kimi bir dəfə də olsun zirzəmidən suyu çəkən və ya dezinfeksiya üçün dərmanlayan olmayıb. XXI əsrdə yaşayırıq, ancaq bütün mərtəbələrdə tualetlərə şifer düzmüşük ki, kanalizasiya suları başımıza tökülməsin. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Zirzəmi su ilə doludur, bir gün bina uçsa, hamımız altında qalıb öləcəyik".

Antisanitariya ucbatından hər evdə bir-iki xəstə var...

Əvəllər Dövlət İqtisad Universitetin yataqxanası olan binada hazırda Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər və digər rayonlardan olan 100-dən artıq məcburi köçkün ailəsi məskunlaşıb. Sakinlərin sözlərinə görə, demək olar ki, bütün ailələrdə şəraitsizlik, antisanitariya ucbatından ömürlük xəstə olan insanlar var.

Sakinlərdən adının çəkilməsini istəməyən qadın isə deyir ki, bütün aidiyyatı qurumlara müraciət etsələr də, problemi həll edən olmayıb.

"Onsuz da yaşayışımız bir yaşayış deyil. Bir otaqda 5-6 adam yaşayırıq. Uşaqlarımız böyükdür, bəziləri evlənib yenə bu bir otaqda qalır. Paltarımızı dəyişməyə yerimiz yoxdur. Digər tərəfdən də zirzəmin su ilə dolu olması, üfunət iyi, ağcaqanad əlindən tərpənmək olmur. İndiyə qədər Binəqədi İcra Hakimiyyətinə, digər təşkilatlara müraciət eləməkdən yolrulmuşuq. Gəlib baxıb deyirlər ki, "düzəldəcəyik". Ortada isə nəticə yoxdur. Epidemiyadır, xəstəlikdir burada yaşamaq. Hər ailədə ən azı bir-iki xəstə var. Bu uşaqların gələcəyi necə olacaq?"-sakin sual edir.

Fotoreortyorumuz da çirkab suyuna qonaq oldu...

Zirzəmiyə enmək təhlükəli olsa da, ora baş çəkib foto çəkmək istədik. Lakin zirzəmiyə gedən yolu bağlayıb qapıya qıfıl vurduqlarından bu cəhdimiz baş tutmadı. Sakinlərin şikayətlərini dinləyib yataqxananın həyətini tərk etmək istəyirdik ki, yuxarı mərtəbələrdən birindən həyətə atılan bir qab dolu "mənşəyi məlum olmayan" çirkab suyu fotoreortyorumuz Samirənin qarşısına tökülüb onun üst-başını batırdı. Yaxşı ki, əməkdaşımız vaxtında kənara sıçrayıb heç olmasa fotoaparatını çirkab suyundan xilas edə bildi...

"Sanepidemstansiya" deyir ki, müqavilə bağlasınlar, dərmanlayaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində deyirlər ki, onlar hər il zirzəmilərdən götürülən su nümunələrini labortiyalarda analiz edir, suyun mənşəyini və hansısa xəstəliklərə səbəb olub-olmadığını araşdırır. Analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndərilir.

Mərkəzdən verilən məlumata görə, əslində, bu binalara cavabdeh təşkilatlar ərazidə yerləşən dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdırlar. Bundan sonra sözügedən binalarda ödənişli əsasla dezinfeksiya işləri aparıla bilər. Amma həmin təşkilatların əksəriyyəti Mərkəzin dezinfeksiya şöbələri ilə nəinki müqavilə bağlamır, heç özləri də qrunt sularının təmizlənməsi istiqamətində iş aparmırlar.

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.