Cəmiyyət

İnsanın Allah yanında kəramət və məqamı

25 Avqust 2016 23:15
3 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan - Allahın əmanətdarıdır. Məsuliyyəti və vəzifəsi vardır. Quran buyurur: "Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi". ("Əhzab" 72).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yer kürəsi cansız və ruhsuz idi və insanın gəlişi ilə canlandı və aydınlandı. Yerin nuru insanı ağıl nuru ilə aydınladar. Əgər ağıl çırağı sönərsə, dünya zülmətə bürünər. İnsan bütün yaradılışa məna qatdı və onu gözəl şəkildə çiçəkləndirdi. Ona görə də insanı üzüyün qaşına bənzədirlər. Çünki qaş üzüyə yaraşıq bəxş edər. Bəs bu dəyərli qaşın Allah dərgahındakı məqamı nədir?
İnsanın Allah dərgahında yaradılış baxımından olan məqamı.
İnsan İlahi məxluqlar içərisində ən alisidir. Başqa sözlə desək, İlahi kəramətə malikdir. Bu Allahın insana verdiyi xüsusi dəyərin nəticəsidir. İnsan istəsə də istəməsə də bu kəramətə sahib olacaqdır.
Kəramət haqqında bir neçə məsələyə toxunaq:
1. Kəramət insana verilən bəxşişdir. Allahın buyurduğuna görə insan ali mərtəbəyə malik bir varlıqdır və kainatı fəth edə bilər. "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik". ("İsra" 70).
 
2. Allahın canişini olmaq. Allah buyurur: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam". ("Bəqərə" 30).
 
3. Dünya insan üçün xəlq edilmişdir. "Göylərdə və yerdə olanları - (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi". ("Casiyə" 13).
 
4. İnsan əmanətdardır. İnsan Allahın əmanətdarıdır. ("Əhzab" 72).
Beləliklə, bu ayələrdən göründüyü kimi, insan Allahın kəramətinə nail olmuş ali məqamlı bir varlıqdır. Ancaq bu varlıqlar özləri öz aralarında irq və millət baxımından bərabərdirlər. Heç biri o birisindən üstün deyildir. Tək üstünlükləri = təqva və imanlarıdır.
 
Hədislərə nəzər salaq.
Hədisi nəql edən yazır: "Səlman Farsi məscidə daxil olur. Həzrət Peyğəmbər (s) öz yerindən qalxır. Ona ehtiram edir və onu məclisin başında öz yanında əyləşdirdi. Bu zaman Ömər daxil oldu. Dedi ki, bu əcəmi kimdir ki, məclisin başında əyləşmişdir. Peyğəmbər (s) bu sözü eşidib minbərə çıxdı və buyurdu: "Ey insanlar! Adəmin (ə) zamanından indiyə qədər ərəb əcəmə üstün deyildir, məgər təqva ilə".
İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Hər bir ağır və yüngül, böyük və kiçik, güclü və zəif varlıqlar - bərabərdirlər".
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Allah yanında heç bir şey Adəm (ə) övladıdnan əziz deyildir".
 
İnsanların İlahi seyr yolunda Allah yanındakı məqamları.
Bura qədər hər bir insanın o birisi ilə bərabər olmasının şahidi olduq. İnsanlar bir-birindən təkamül baxımından fərqlənirlər. İnsanların bu baxımdan dərəcələri müxtəlifdir. Allah buyurur: "Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır (təqvalınız)". ("Hucurat" 13).
Bu baxımdan insanlar bərabər deyildirlər. Təqva dərəcələrinə görə bölünürlər. İnsanlar Allaha nə qədər yaxın olmaqlarına görə bir-birindən fərqlənirlər.
Ona görə də Peyğəmbərlər (ə) və İmamlar (ə) bu dərəcənin ən ali mərtəbəsində yer alırlar. Alçaq və zəlil insanlar isə ən alçaq mərtəbəsində.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.