Cəmiyyət

Ədəbi dərnəklər lazımdırmı?

23 Avqust 2016 23:40
4 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovet dövründə gənc şair və yazıçıları bir yerə cəmləşdirən müxtəlif ədəbi dərnəklər, klublar fəaliyyət göstərirdi. Bu cür dərnəklərdə gənc yazarların ədəbi aləmin tanınmış simaları ilə görüşləri təşkil olunur, yeni yazılan nümunələr müzakirəyə çıxarılır, ədəbi-bədii gecələrin təşkili, ədəbiyyatşünaslıq və dilçiliyə, dünyada baş verən mühüm ədəbi proseslərə dair yenilikləri yaymaq, ədəbi simaları və onların sənət mümunələrini tanıtmaq, müxtəlif ədəbi janrlara maraq göstərən gənc yazarları şeir, hekayə və məqalə yarışmaları vasitəsilə üzə çıxarmaq, onların əsərlərinin nəşrinə çalışmaq və s. istiqamətlər üzrə işlər həyata keçirilirdi.

Bu gün isə o tip dərnəklərin fəaliyyəti, demək olar ki, hiss olunmur. "Müzakirə"mizin bəzi iştirakçıları ədəbi dərnəklərin əhəmiyyətindən danışaraq onların yenidən bərpa olunmasını istəsələr də, bəziləri müasir dövrdə virtual aləmin həmin dərnəkləri əvəzlədiyi fikrində oldular.

Əsas mahiyyətdir

"Ədəbi dərnəklər daha çox İKT-nin çağdaş inkişaf dövründən öncələrin hadisəsiydi" desək, yanılmarıq" - deyən şair-publisist Əkbər Qoşalının fikrincə, yazarların öz dünyalarına dalması, fikir və təcrübə mübadiləsi etməsi, habelə gənc istedadların üzə çıxması, ustad sözü eşitməsi baxımından o dərnəklərin yararı vardı: "Burada "öz dünyası" sözünü söz gəlişi işlətmədim - bu dərnəklər rəsmiyyətdən müəyyən qədər qırağa çıxmaq yollarından biri idi həm də...". Yazarın sözlərinə görə, Azərbaycanda ədəbi dərnəklər hələ XIX yüzildə, XX yüzilin başlanğıcında, sovet dönəmində, müstəqilliyin ilk illərində də mövcud olub. Son illər isə belə dərnəklər qismən bölgələrdə qalıb: "Mən bu hal(lar)ı sosial şəbəkələrin yayğınlaşması, paytaxt ədəbi mühiti ilə bölgələrin daha uyumlu şəkildə qaynayıb-qarışa bilmə imkanı, habelə fərqli axımlara məxsus yazarların bu fərqlilikləri daha çox sosial şəbəkələr və öz saytları üzərindən ictimailəşdirmələri ilə izah edərdim. Başqa bir məqam isə ədəbi dərnəklərin havasının müstəqil ədəbi birliklərə daşınması ilə bağlıdır. İndi bir çox gənclərin ustad gözü ilə gördüyü ünlü ədiblərimiz, ədəbiyyatşünaslarımız da sosial şəbəkələrdən yararlanır. Məmməd İsmayıl, Barat Vüsal, Ramiz Qusarçaylı, Rüstəm Behrudi və b.-ları ilə, habelə respublika xaricindəki yazarlarla fərqli ünvanlardan, günün fərqli saatlarında, fərqli ovqatlarda fikir alış-verişində olma fürsəti varkən, gənclər təbii ki, bu fürsəti qaçırmazlar". Ədəbi dərnəklərin ədəbiyyatın inkişafındakı rolundan danışan yazar hesab edir ki, əgər ədəbi dərnəklər haqqında araşdırmalar aparılıb, elmi əsərlər yazılıbsa, o ədəbi dərnəklərdə tanınmış şairlər sonralar doğrudan-doğruya şair ömrü ilə seçilibsə, o dərnəklərdə oxunan havalı şeirlər dillər əzbəri olubsa, deməli, ədəbiyyatımızın inkişafında rolu olub. Bu gün ədəbi dərnəklərə ehtiyac olub-olmamasına gəlincə, Ə.Qoşalı qeyd edir ki, ədəbi dərnəklər bir otağa yığışmaq ortamından çıxıb, virtuallaşıb. Digər tərəfdən, ədəbi dərnəklərin verə biləcəklərini başqa ünvanlarda, başqa ortamlarda əldə etmək imkanları çoxalıb. Həmçinin adına dərnək deyilsə də, deyilməsə də, formasından asılı olmayaraq, könül dostlarının bir araya gəlməsi həmişə olub, olacaq da: "Burada bir məqamı da demək istərdim: bizim "Birlik" dediyimiz quruma qardaş Türkiyədə "Dərnək" deyirlər - bu bir daha göstərir ki, adlandırma bir qədər şərti xarakter daşıyır, əsas mahiyyətdir".

Yeni forma tapmaq

Ədəbi dərnəklər sahəsində Azərbaycanda böyük ənənələr olduğunu bildirən yazıçı Azad Qaradərəli hesab edir ki, ədəbi dərnəklər, əslində qədimlərdə olmuş ustad-şagird ənənəsinin davamı kimi idi. "Yaxud yüz- iki yüz il əvvəl Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin (məsələn, "Divani-hikmət", "Beytüs-səfa", "Məclisi-üns", "Məclisi-fəramuşan" və sair) də bir növ davamı idi bu dərnəklər. Mən bu dərnəklərin bəzilərində iştirak etmişəm. Məsələn, ilk dəfə getdiyim dərnək 8-ci kilometr qəsəbəsindəki kitabxanada Qaçay Köçərlinin apardığı dərnək idi. Onda mən institutdan kəsilmişdim, zavodda fəhlə işləyirdim və elə bu dərnəkdən yazı-pozuya olan marağımı ciddiləşdirdim: anladım ki, mən şeir yaza bilsəm də, şairlik mənlik deyil. İlk hekayəmi burda bəyənmişdilər. Sonra Ağacavad Əlizadənin dərnəyinə getdim, amma düzü, burdan bir şey götürə bilmədim. Lap sonda Rasətlə İsa İsmayılzadənin Bayılda apardığı dərnəkdə iştirak etdim və demək olar ki, burda əsl ciddi ədəbi diskussiyaların şahidi oldum. Və ən əsası da, İsa İsmayılzadə kimi bir dost qazandım". Ədəbi dərnəklərin ilk növbədə ədəbi çevrələrini genişləndirdiyini deyən yazıçı bildirir ki, dərnəklər onlara yaxşını pisdən ayırmağı öyrədib: "Bir-birimizin yazılarını qorxmadan, çəkinmədən tənqid etməyi burda əxz etdik. Azərbaycan ədəbi mühitində gedən prosesləri, illüziyaları, şayiələri, həqiqətləri burda sərf-nəzər etdik. Kimin kimin ayağını qazdığını, niyə qazdığını, kimin əsl peşəkar, kimin diletant olduğunu, kimin sözə sadiqliyini, kimin gop-kələk olduğunu dərnəklər bizə anlatdı. O zaman adı dillərdən düşməyən, amma bu gün susmuş qələm adamlarını biz dərnəkdə, yaxud dərnəkdən sonra çayxanada müzakirə edirdik. Hə, hə, o vaxt ədəbi çayxanalar vardı. Biz dərnəkdən çıxıb "Azneft"dəki məşhur çayxanaya gələr, burada üzdə olan və olmayan ədəbi simalarla görüşər, dərdləşərdik. Dərnəkdə deyilməyən, yaxud deyiləsi mümkün olmayanları burda deyir, eşidirdik".

Yazıçı həmin dərnəkləri o səviyyədə bərpa etməyə ehtiyac görmür: "Sadəcə, bunun yeni formasını tapmaq olar. Məsələn, məni BSU-dakı Yaradıcılıq fakültəsində dərs deməyə dəvət etmişdilər. İki il böyük çətinliklərlə də olsa, mən orda dərs dedim. İnanın, indi oradakı tələbələrim hələ də məndən əl çəkmirlər. Yazılarını göndərirlər, mübahisələr edirik, məsləhət alırlar (əlbəttə, bu, virtual formada olur) Düşünürəm ki, bir ali məktəb açmaq olar, məsələn, Azərbaycan Ədəbi-Bədii universiteti, yaxud Azərbaycan Yazıçılar Universiteti və s. Yəni ad şərtidir, sadəcə, bunu etmək olar və ora həm Azərbaycanın aparıcı qələm adamlarını cəlb etmək ki, dərs desinlər, həm də dünyanın, o cümlədən Rusiya və Türkiyənin görkəmli söz adamlarını qonaq sifəti ilə cəlb etmək olar. Təbii ki, bu bir xülyadır, mən bunun gerçəkləşə biləcəyinə də şübhə etmirəm. Yetər ki, ürək, təpər və bir intibah duyğusu olsun adamda".

Münbit rəqabət mühiti üçün

"Əslində sovet dərnəkləri sırf yaradıcı fəaliyyətlə məşğul deyildi. Bu dərnəklər sənətə yeni gələn yaradıcı gənclərə siyasi yön vermək, onların azadlıqlarını özlərindən böyüklərin himayəsi ilə əvəzləmək, yeri gələndə, onlarda daxili senzuranı bəri başdan yaratmaq üçün idi" - deyən şair Aqşin Yenisey bildirir ki, bütün totalitar sistemlərdə belə dərnəklər olur: "Sovet sistemi dağılandan sonra o dərnəklər də dağıldı, ancaq onların yerində yeniləri yaranmadı, bəlkə də buna ehtiyac olmadı. Çünki ədəbi proses öz təbii inkişafını qorumaq üçün bu dərnəklərə sığınmaq istəmədi". A.Yeniseyin fikrincə, bizim dərnək dediyimiz qurumlar dünya ədəbiyyatında "izmlər" kimi formalaşır. Yəni müxtəlif yaradıcı adamlar konkret bir ədəbi estetik ölçülərin ətrafında toplaşırlar və bu cür ədəbizmlər dünya ədəbiyyatına xeyli qiymətli müəlliflər bəxş edib: "Məncə, bizdə də belə qruplaşmalara böyük ehtiyac var. Çünki belə ədəbi qruplaşmalar münbit rəqabət mühiti yaradır".

Şeir yazılmalı, müzakirə edilməli

Gənc şair Anar Məcidzadə son zamanlar belə dərnəklərin fəaliyyəti ilə rastlaşmadığını təəssüflə bildirir: "Əslində gözəl olardı ki, sovet dövründə olduğu kimi, çağdaş dövrümüzdə də ədəbiyyat, şeir dərnəkləri olsun. Bu gün belə dərnəklərin mövcud olmaması gənc yazarların yaradıcılığına (mənfi mənada) təsirsiz ötüşmür. Şeir yazılmalı, müzakirə edilməli və oxucu kütləsinə təqdim edilməlidir. Amma bu gün necədir vəziyyət? Şeir yazılır və həmin dəqiqə müəllif tərəfindən sosial şəbəkələrdə paylaşılır. Bu, tanınmaq baxımından müsbət bir haldır, ancaq bunun mənfi tərəfi də var. Sosial şəbəkədə yüzlərlə oxucuya təqdim olunan yaradıcılıq nümunəsi hansı səviyyədədir? Peşəkar ədəbiyyatçılar tərəfindən müzakirə edilibmi?" Yazarın fikrincə, bu gün gənc yazarlarla yaşlı nəsil ədəbiyyat xadimləri arasında ünsiyyət yoxdur: "Sovet dövründə belə bir ənənənə mövcud olub ki, yaradıcılığa təzə başlayan gənc qələm sahibləri öz əsərlərini götürüb gələrdilər (uzaq rayonlarda yaşayanlar isə məktub vasitəsi ilə öz şeirlərini göndərərdilər) Yazıçılar Birliyinə. Orada görkəmli şairlərimiz və yazıçılarımız tərəfindən həmin əsərlər diqqətlə oxunar və gənclərə öz tövsiyələrini verərdilər. Amma inanın ki, bu gün hətta Bakıda yaşayıb-yaradan yazarların çoxu Yazıçılar Birliyinin ünvanını tanımır".

Canlı müzakirənin öz ləzzəti...

"Ədəbiyyatı olan xalqın ədəbi dərnəklərinin olmasını labüd hesab edən yazar Ülviyyə Heydərovanın fikrincə, ədəbiyyatın inkişafında, tanınmasında ədəbi dərnəklərin rolu əvəzsizdir: "Bildiyiniz kimi, hələ XIX əsrin ortalarında Azərbaycanın müxtəlif bölgələrində ədəbi məclislər fəaliyyət göstərib ki, söz ustadları bir-birlərinin bədii inciləri ilə tanış olublar. Bu ədəbi mübadilələr onları illər sonra söz ustadlarına çevirib ki, onların yaratdıqları da xalqın dilində, ədəbiyyat dərsliklərindədir. Ötən əsrin 70-ci illərində ədəbi dərnəklərin ünvanı müxtəlif ali təhsil ocaqları idi. Sevilən şairlər, məsələn, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı hələ tələbə ikən oxucuların qəlbinə yol açmışdılar". 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Gənc Ədiblər Məktəbinin (GƏM) yaradıldığını bildirən yazarın sözlərinə görə, indi tanıdığımız, poeziyasını, nəsrini sevə-sevə oxuduğumuz gənc nəsil həmin məktəbin üzvləri olub: "Mən də GƏM-in ilk məzunlarından biriyəm. Yadımdadır ki, ayda bir və ya iki dəfə tanınmış yazıçı və şairlərlə görüşlər keçirilirdi. Hətta "Ulduz" jurnalının bir neçə sayı GƏM-in üzvlərinə həsr olunub. Bu da təbii ki, sevindirici idi. Qeyd edim ki, həmin dönəmdə Kamal Abdullanın təşəbbüsü ilə Slavyan Universitetində Yaradıcılıq fakültəsi də fəaliyyətə başladı ki, istedadlı gənclərin üzə çıxmasında, onların bədii təfəkkürünün formalaşmasında mühüm rol oynadı.

İndi deyə bilmərəm, universitetlərdə ədəbi dərnəklər fəaliyyət göstərir, ya yox. Ancaq onu dəqiq bilirəm ki, sosial şəbəkələrdə ədəbiyyata dair qruplar bir növ ədəbi dərnəklər rolunu oynayır".Yazarın fikrincə, bu gün gənc şairlər və ya nəsr nümayəndələri əsərlərini qruplarda yerləşdirirlər. Həmçinin şərhlərdə müzakirələr də olur: "Amma düşünürəm ki, canlı müzakirənin ayrı ləzzəti var. İnsanlar o zaman daha səmimi olurlar. Belə olan təqdirdə ədəbiyyat da öz səmimiliyini saxlayır..."

"Kaspi"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.