Cəmiyyət

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konsertləri - FOTO

30 İyul 2016 19:42
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Dövlət Filarmoniyasının solisti, bir çox beynəlxalq müsabiqələrin qalibi və musiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin "Fantaziya", S.Raxmaninovun "Etüd", "Prelüd", A.Skryabinin "Poema", Niyazinin "Vətən nəğməsi", M.Maqomayevin "Odlar Yurdu" və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.

Hər iki konsert yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.