Cəmiyyət

Azərbaycan telekanalı beynəlxalq tədbirə ev sahibliyi edib - VİDEO - FOTO

30 İyul 2016 14:38
Baxış: 1 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəpəz Müstəqil Teleradio Şirkəti beynəlxalq tədbirə ev sahibliyi edib.

"Xəzəryanı  Ölkələrin Redaksiyası" üzvləri bu dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bir araya gəliblər. Redaksiyaya üzv televiziyalar arasında jurnalist mübadiləsinin aparılması, tammetrajlı televiziya verilişlərinin hazırlanması və aparılan məlumat mübadiləsinin miqyasının genişləndirilməsi toplantının əsas müzakirə mövzularından olub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İranın təmsil olunduğu "Xəzəryanı Ölkələrin Redaksiyası" üzvləri artıq 3-cü dəfədir ki, bir araya gəlirlər. Kəpəz televiziyasının ev sahibliyi etdiyi forumda Azərbaycan - "Region", Rusiya - "Astraxan-24" və "VQTRK Lotos", Qazaxıstan - "RTRK Qazaxıstan" televiziyaları, İran isə "İran İslam Respublikası" teleradiosunun Gilan nümayəndəliyi ilə təmsil olunub.

Redaksiya üzvləri Kəpəz Müstəqil Teleradio şirkətinin iş prinsipləri, təchizatı ilə maraqlanıblar. Onlara televiziyanın texniki imkanları və  burada hazırlanan verilişlər barədə məlumat verilib. Qonaqlar Azərbaycanın ilk musiqi kanalı olan "Alternativ" TV-nin və Azərbaycanın ilk regional radiosu olan Kəpəz FM-in iş prosesi ilə də tanış olublar.

İki ildən artıqdır davam edən bu əməkdaşlıq çərçivəsində bir sıra televiziya layihələri reallaşdırılıb. Bunların sırasında ən önəmlisi isə Novruz bayramında Azərbaycan, Rusiya və Qazaxıstan telekanallarının müştərək bir veriliş ərsəyə gətirməsi olub. "Region TV" ilə "Astraxan-24" televiziyası isə videomaterialların mübadiləsini də həyata keçirir.

Aleksandr Vasilyev - "Astaxan-24" TV-nin Baş redaktoru: "İndi rusiyalı jurnalistlərin hazırladığı reportajları Azərbaycan və Qazaxıstan televiziyalarında və əksinə, azərbaycanlı və qazax həmkarlarımızın materiallarını Həştərxan televiziyasının efirində görmək olar. Həm də bu informasiya o qədər boldur ki, biz xüsusi olaraq bu süjetlər üçün Xəzəryanı ölkələrin xəbərlər buraxılışını yaratmışıq".

Bu dəfəki toplantının əsas müzakirə mövzuları isə "Xəzəryanı Ölkələrin Redaksiyası" üzvləri arasında aparılan məlumat mübadiləsinin miqyasının genişləndirilməsi və məlumatların operativ şəkildə ötürülməsi, birgə televiziya layihələrinin reallaşdırılması olub. Sentyabrda Həştərxanda baş tutacaq ikinci mediaforumun gündəliyi də müzakirə edilib.

Stella Zvereva - VQTRK "Lotos"-nun direktoru: "Artıq konkret sözlərdən konkret işə keçmək vaxtı çatıb. Bu gün bizə hansı layihələrin lazım olduğunu anladıq və bu barədə razılığa gəldik. Amma biz irəli getməliyik. Çəkiliş qrupları mübadiləsi aparmaq olar ki, məsələn, həştərxanlı jurnalistlər Azərbaycanda, Qazaxıstanda, İranda baş verənləri öz gözləri ilə görüb çəkə bilsinlər və ya azərbaycanlı həmkarlarımız Həştərxana gəlib bizim həyat tərzimizlə yaxından tanış olsunlar".

Üzərində dayanılan ən önəmli məsələlərdən biri televiziyalar arasında jurnalist mübadiləsinin aparılması olub. "Redaksiyanın" veb-səhifəsinin yaradılması da təklif edilib.

Askar Aşimov - RTRK "Qazaxstan" SC-nin direktoru: "Bizim Region TV ilə sıx əməkdaşlığımız var. Rəhbərlik səviyyəsində əlaqələr qurulub. Düşünürəm ki, getdikcə daha yaxşı olacaq, müştərək layihələr həyata keçirəcəyik və bu dörd dövlətin televiziya nümayəndələrinin iştirakı ilə müsbət nəticələr əldə edəcəyik". 

Redaksiya üzvləri arasında ötürülən məlumatlar əsasən mədəni, tarixi, iqtisadi mövzuları əhatə edir. Bu dəfə isə mövzuların əhatə dairəsinin genişləndirilməsi təklif olunub ki, Xəzəryanı ölkələrin xalqları biri-birini daha yaxından tanısınlar.

Ali Tului - "İran İslam Respublikası" teleradiosunun Gilan nümayəndəliyinin Baş direktoru: "Media nümayəndələri daim bunda maraqlı olublar. Biz aramızda olan coğrafi sərhədlərə rəğmən ictimai sferada ölkələr arasındakı ortaq bağlantıları üzə çıxartmaq və təqdim etmək istəyirik".

Toplantının yekununda əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki,"Xəzəryanı Ölkələrin Redaksiyası"nın növbəti toplantısı Qazaxıstanda baş tutacaq. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan telekanalı beynəlxalq tədbirə ev sahibliyi edib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.