Cəmiyyət

Hacətin həyata keçməsi üçün hansı surələri oxuyaq?

31 İyul 2016 11:01
4 Şərh     Baxış: 4 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranın bütün surələri və ayələri hər bir zahiri və batini xəstəliklər üçün şəfadır. Hər bir surə haqqında çox sayda fəzilət bəyan edilmişdir. Lakin bəziləri haqqında daha çox söz açılmışdır: "Tövhid", "Həmd", "Yasin", "Vaqiə", "Ənam", "Qədr"...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan adətən başqasından bir şey istəyən zaman həmin şəxsin istədiyinin eynisini etməsini ondan gözləyir. Yəni, o şəxsdən nə istəyibsə, onu yerinə yetirməsini istəyir. İnsan o zaman ki, Allahdan bir hacət istəyir, insanlardan gözlədiyi həmin gözləntini Allahdan da gözləyir. Əgər hacəti yerinə yetməzsə, belə düşünür ki, Allah ona diqqət etməmişdir. Bəzən bu səhvə o qədər davam edir ki, İlahi vədəyə görə şübhəyə düşür. Halbuki, Allahın bir hacəti yerinə yetirməsi ilə insanların verdikləri sözə əməl etməsi eyni şey deyildir.
Allah hər bir bəndəsini sevər və onun xeyirini istəyər. Əgər bəndə Ondan nəyisə istəyirsə, Allah həmin istəyin bəndənin nə qədər faydasına olub-olmadığını nəzərə alar. Misal üçün, bir xəstəni düşünün ki, çox susuzdur. Davamlı olaraq su istəyir. Əgər bu zaman onun halından xəbərsiz olan biri onunla görüşsə, təbiidir ki, ilk edə biləcəyi iş - onu sirab etməkdir. Halbuki, bu su onun həyatı üçün təhlükəli ola bilər. Bu halı görən həkim həmin xəstənin müalicəsindən agah olduğu üçün suyu verməyə icazə verməz. Ya da onu müəyyən vaxta qədər təxirə salar. Bu, xəstənin istəyinə diqqətsizlik olmaz. Bəlkə onun faydasını düşünmək olar. Allah da nə zaman bəndə ondan bir şey istəsə, şübhəsiz ki, ona cavab verər. Lakin zamanında və ona xeyirli və faydalı olan zaman. Bəndə gərək bu istəyinin tez bir zamanda yerinə yetirilməsini gözləməsin.
Duanın qəbul olmasına bir çox amillər təsir edər. Bu amillərdən biri də Allahın xüsusi inayətini və diqqətini cəlb etməkdir. Dua hacəti elə olmalıdır ki, bütün məhdud işləri əhatə etsin, yəni daha geniş və daha ali şeylər üçün dua etsin. Əlbəttə, Allahdan kiçik şeylər istəmək olar. Çünki böyük işləri görən Allah, kiçik işlərə də nəzər salar. Ancaq məqsəd odur ki, kiçik şeyləri böyük və daha ali bir hacətdə yerləşdirib istəmək olar.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "İlahi rəhmətin kölgəsi o bəndənin üzərinə olsun ki, hacətini Allahdan istəyər və ona görə israr edər. İstər bu istəyi yerinə yetsin, istər yerinə yetməsin".
İmam Sadiq (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, əlini Allaha tərəf açsın, məgər o halda ki, Böyük Allah əlini boş qaytarmaqdan həya edər. Rəhmətindən istədiyini ona inayət edər. Ona görə sizlərdən hər kim əlini dua üçün qaldırar, başına və üzünə çəksin".
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman hacətin üçün evindən bayıra çıxdın, "Ayətül-kürsü"nü oxu ki, hacətin Allahın istəyi ilə yerinə yetsin".
İmam Əli (ə) buyurur: "Nə zaman sizlərdən biri hacət etməyi iradə edər, cümə axşamı gününün səhəri onun tələbi ilə bayıra çıxsın və bayıra çıxan zaman "Ali-İmran" surəsinin 190-cı ayəsini, "Ayətül-kürsü"nü, "Qədr" və "Həmd" surəsini oxusun. Çünki onları oxuyan zaman dünya və axirət hacətləri yerinə yetər".
Başqa bir hədisdə oxuyuruq ki, hər kim hava qaralana yaxın "Ayətül-kürsü"nü oxusa, hacəti yerinə yetər.
Başqa bir hədisdə oxuyuruq ki, hər kim Quranın harasından olursa-olsun, yüz ayə oxuyar və sonra yeddi dəfə "Ya Allah!" deyərsə, daşı və dağı yerindən tərpədə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.