Cəmiyyət

Bakının iri ticarət mərkəzləri zəif mühafizə olunur - FOTO

28 İyul 2016 21:46
0 Şərh     Baxış: 4 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bütün ölkələrində insan sıxlığı olan yerlər demək olar ki, eynidir. İctimai nəqliyyatlar, hava limanları, ticarət mərkəzləri, universitetlər... Bu tipli yerlər ən çox qorunmalı olan yerlərdir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, səbəb isə çox sadədir, terrorçular bu tipli yerləri öz çirkin əməlləri üçün tez-tez seçirlər. Təcrübələr göstərir ki, bu kimi obyektlərdə terror hadisələri böyük itkilərə səbəb olur.

Məsələn, Atatürk hava limanında baş verən partlayış nəticəsində 50-yə yaxın insan ölüb, 200-dən çox yaralanıb. Brüssel hava limanındakı partlayış nəticəsində isə 14 nəfər öldü, 190 nəfər yaralandı. Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi nəticəsində 12 nəfər həlak olub. Almaniyanın Münhen şəhərində OEZ (Olimpıya Einkauf Zentrum) ticarət mərkəzinə silahlı hücum nəticəsində 20-dən çox dinc vətəndaş həlak olub.

Bu hadisələr bir daha sübut edir ki, belə yerlərdə təhlükəsizlik yüksək səviyyədə olmalıdır. Nəzərə alsaq ki, son illərdə terror hadisələrinin sayı getdikcə artır, bu məsələ daha çox gündəmə gəlir.

Azərbaycan şükürlər olsun ki, bu tipli hadisələrdən uzaqda qalsa da, heç kim terrordan siğortalanmayıb. Bəs, bizim iri ticarət mərkəzlərimiz necə qorunur?

Bu suala cavab tapmaq üçün musavat.com saytının reportyoru Bakının ən böyük ticarət mərkəzlərinə baş çəkib.

İlk olaraq kürəyimizə çanta keçirib, "28 Mall" ticarət mərkəzinə getdik. T.M-nin iki girişi var. İkinci mərtəbədə olan giriş daha çox istifadə edilir. Biz də buradan içəri daxil olduq. Qapıdan içəri girən kimi, bizi əlində xüsusi yoxlama cihazı olan mühafizəçi qarşıladı. Çantanı yoxlayıb, içində olanları yoxladıqdan sonra içəri keçə bildik. Mühafizəçi çantası olan hər kəsi yoxlayırdı. Geri qayıtdığımızda isə mühafizəçi yerində deyildi.

Ticarət mərkəzinin 1-ci mərtəbəsində isə deyəsən, mühafizə məsələsi tamam unudulub. Burada ümumiyyətlə heç kim yox idi. Yeni istifadəyə verilmiş "Gənclik Mall"da da vəziyyət oxşardır. İçəri daxil olanların hamısı yox, sadəcə bir qismi, yəni kimin çantası böyükdürsə, detektorla yoxlanılır. Bu da tam təhlükəsizlik demək deyil.

Buradan ayrılıb "Metropark" ticarət mərkəzinə yollandıq. Burada vəziyyət tam başqadır. Girişdə heç metro stansiyalarında da olmayan yoxlama sistemi var. Hər kəsə məlumdur ki, Bakının metrostansiyalarındakı yoxlama sisteminə qeyri-ciddi yanaşılır. "Metropark" ticarət mərkəzində isə vəziyyət tam əksinədir.

Burada içəri girən hər kəs xüsusi cihazdan keçirilir. Təhlükəsizlik yüksək səviyyədə qorunur. Bu da alıcıları təhlükəsizlik tərəfdən rahatladır. Ticarət mərkəzində olarkən bir neçə alıcı ilə söhbətləşdik.

Onlar yoxlama zamanı itirdikləri vaxta görə narahat olsalar da, təhlükəsizlik baxımından razı olduqlarını bildirdilər: "Qapıda bəzən sıra yaranır. Amma onlar bizim təhlükəsizliyimizi düşünürlər. Buna görə də, problem deyil. Bütün dünyada terror baş alıb gedir. Xəbərlərdə oxuyuruq. İstər-istəməz adam narahat olur. Belə təhlükəsizlik sistemi hər yerdə olmalıdır. Heç birimiz terrordan siğortalanmamışıq".

Müşahidələrimiz bir daha sübut etdi ki, hər gün minlərlə ziyarətçisi olan ticarət mərkəzlərinin böyük hissəsində təhlükəsizlik səviyyəsi aşağıdır. Bütün ticarət mərkəzlərində müşahidə kameralarının olması belə, bu səviyyəni artırmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.