Cəmiyyət

Gəlin maşınlarına tələbat azalıb, qiymətlər aşağı düşüb - FOTO

27 İyul 2016 23:36
8 Şərh     Baxış: 5 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toy mövsümü artıq başlayıb. Gənclər toy hazırlıqları üçün əl-ayağa düşüblər. Toy deyəndə ilk ağla gələn gəlin maşınlarıdır. Restoran, qızıl və digər xərclərdən az olsa da, gəlin maşını da çox ucuza başa gəlmir.

Bir neçə saat üçün bu avtomobillərə böyük pullar xərclənir. Daha doğrusu, xərclənirdi. Keçmiş zamanda yazmağımızın səbəbi var. Çünki artıq evlənməyə hazırlaşan gənclər ölkəmizdəki maddi böhranı nəzərə alıb, bu kimi xərcləri ya azaldır, ya da ləğv edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, buna görə də, avtomobil kirayəsi bazarında da eniş var. Qiymətlər təqribən 50 faiz azalıb. Bunu musavat.com-un əməkdaşına Samir adlı gənc deyib. Bakının bir çox yerlərində icarəyə gəlin maşınları verilir. Onlardan biri metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşir. Bəhs etdiyimiz Samir adlı kiçik sahibkar da burada işləyir.

Samir uzun illərdir ki, bu işlə məşğuldur və artıq bu sahədə qazancın həddən artıq aşağı düşdüyünü deyir: "Bəzi adamlar var ki, maşınlar özünün olmur. Müştəri gəlir, onun istədiyi maşını başqasından götürür və üstünə də pul qoyub, verir. Bizdə isə maşınlar özümüzündür. Ona görə də, baha deyil. Amma əvvəllər tələbat daha çox idi. 400-500 manat pul verib, maşın götürən var idi. Yerimizdən tərpənməyə vaxt tapmırdıq. İndi vəziyyət dəyişib. Müştəri azalıb. Bu səbəbdən bizim ödədiyimiz icarə haqqı da azalıb. Beləcə biz də qiymətləri aşağı salmışıq.

Əvvəllər 400 manata olan maşın indi 130 manatdır. Məsələn, şəhərdaxili "Galenvagen" 120, "Camaro" 120, "BMW Z4" 130, "Porsche Panamera" 130, "Mercedes-Benz S-Class" 110, " Maserati GranTurismo" 350 manatdır. Toy edən üçün bu qiymət heç də baha deyil".  

Belə maşını bəy özü idarə edərsə, maşına hər hansı ziyan dəydikdə xərci qarşılamalıdır. Məsuliyyət onun üzərində olur. Təbii ki, bu, istəyə görə dəyişir. Sürücü ilə də təmin edilmək mümkündür. Sadalanan qiymətə maşının sadə bəzədilməsi də daxildir.

Reportajımız zamanı gəlin maşını icarə götürməyə gələn Salman Dadaşov adlı gənclə tanış olduq. Seçəcəyi avtomobildə qərarsız qalan gənc, hər şeyi restoranın həll edəcəyini deyir: "Hələ restoran seçməmişik. Ona görə də, maşın məsələsində tam əmin deyiləm. Çünki bəzi restoranlar avtomobil məsələsini özləri həll edir. Həm də qiymətə daxil olmaq şərti ilə... Əgər seçəcəyimiz restoranda maşın olmasa, 100-200 arası xərcim çıxacaq. Bu da çox baha deyil".

Belə nəticəyə gəldik ki, devalvasiya hər sahəyə təsir etdiyi kimi, bu biznesi də çökdürmək üzrədir. Tələbat azaldığı üçün qiymətlər də endirilib. Qiymətlərin aşağı salınması lüks avtomobillə gəlin gətirmək istəyənlər üçün fürsətdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.