Cəmiyyət

Hərbi zavoddakı partlayışın yeni görüntüləri yayıldı - VİDEO - FOTO

27 İyul 2016 15:08
0 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Milli.Az xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri birgə tədbirlərin görülməsinə başlanılıb. Partlayışın genişlənməsinin qarşısı alınıb. 

Hadisə nəticəsində müəssisənin iki əməkdaşı, Ağamir Məmmədov və İlhamə Nuriyeva ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir. 

Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında bildirilir ki, ilkin araşdırmalarla partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verdiyi məlum olub. 

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılmasına dair sərəncam imzalayıb. Sərəncama əsasən, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının tərkibinə aidiyyəti qurumların rəhbər işçiləri daxil ediliblər. Komissiyaya hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb. 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş verən partlayışla əlaqədar yaradılan Dövlət Komissiyasının tərkibi:

Komissiyanın sədri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov - Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov - Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov - Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov - Şirvan şəhəri icra hakimiyyətinin başçısı

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2-ci (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az Region TV-yə istinadən zavodda baş verən partlayışın yeni görüntülərini təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hərbi zavoddakı partlayışın yeni görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.