Cəmiyyət

Allahı sevirəmsə, Ondan niyə qorxmalıyam?

23 İyul 2016 19:40
7 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir şair çıxışında belə deyir: "Mən Allahı sevirəmsə, daha Ondan niyə qorxmalıyam ki?

Mən bu iddiaya müəyyən mənada haqq qazandırardım, əgər onu söyləyənin, həqiqətən də, Allahı sevdiyinə inansaydım. Allah-Taalanı sevmək, daha doğrusu, sevə bilmək bəndənin həyatda ən böyük qazancıdır.
Əslində bir bəndənin Allah-Taalanı sevə bilməsi də Allah-Taalanın o bəndəsinə olan ən böyük lütfüdür.
Yəni Allah-Taala o sevgini sənin ürəyinə qoymayandan sonra sən yalandan nə qədər "sevirəm" deyirsən de.
Amma bir həqiqət də var ki, sən o sevgini qazanmaq üçün israrla çırpınsan, o Qapıdan dönməsən, Allah-Taala sənin açılmış əllərini boş qoymaz:

Sən Mövlanı sevsən də Mövla səni sevməzmi?
Rizasını dilənsən, rizasını verməzmi?

Bəlkə də bu iki misra sairin bir qədər sevgidən nazlandığı məqamda söylədikləridir, amma əmin bir qənaətimiz var ki, bəndə layiqincə yalvarırsa, istədiyini ədəbinə uyğun, israrla istəyərsə, Allah o qulunun əlini boş çevirməkdən həya edər. Demək, əsas məsələ bəndənin nəyi və necə istəməyindədir.

Bəndə bəzən Allah-Taaladan öz başına bəla da istəyir. Niyə?- Çünki bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu ancaq Allah bilir. Ona görə də bəndə bir şeyi istəyəndə istəyinin yanına həm də "xeyirli olanı ver!" qoşmalıdır, sonra da Allah-Taalanın verdiyinə üsyan etməməlidir, elə düşünməlidir ki, onun üçün ən xeyirlisi elə bu imiş; Allahın verdiyi.

Qayıdaq sevmək və qorxmaq məsələsinə. Dedik ki, Allahı sevmək Allahın lütfü ilə mümkün olur, amma gərək bəndə o sevgiyə layiq olduğunu isbat edə bilsin. Qorxu isə daha geniş məsələdir. Belə ki, bu qorxu, yəni bəndənin Allahdan qorxması bəndə üçün uçurumun kənarında hörülmüş divar kimidir, onu həlak olmaqdan qoruyur. İslam terminologiyasında bəndənin Allahdan qorxması "təqva" sözü ilə ifadə olunur. "Təqva" "qüvvə" sözü ilə eyni kökdəndir. Demək, insan üçün əsl qüvvət Allahdan qorxmaq anlamına gəlir. Mətləbi bir qədər də dəqiqləşdirsək, belə alınacaq ki, təqva bəndənin Allahdan qorxaraq hər cür haramlardan, günahlardan çəkinməsi, uzaq durmasıdır. Bir qədər də dəqiqləşdirək: güclü adam nəfsinə üstün gələ bilən adamdır. Çünki insanı haramlara, günahlara meyilləndirən güc məhz öz nəfsidir. Ona görə də Allahın rəğbətini qazanmaq istəyən zatlar hər zaman "nəfsə müxalifət" prinsipi ilə yaşayıblar.

Allah qorxusunu - Allahın hər cür mərhəmətindən məhrum qalmaq qorxusu kimi də anlamaq mümkündür. Bəzi günahkar bəndələr haqqında Rəsulullah buyurur ki, Qiyamət günündə Allah Taala onların üzünə də baxmayacaq. Görünür, Allahın mərhəmətindən məhrum qalmağın ilkin əlaməti də elə budur. Bir şəxs Allahın mərhəmətindən mərhum oldusa, hər şeyini itirmiş deməkdir. Çünki Allahın mərhəmətini kəsdiyi birisinə külli aləm yığışa, zərrə qədər də fayda verə bilməz. Hələ söhbət o axirət günündən gedirsə, "ananın oğuldan qaçdığı gün" ifadəsi hər şeyi deyir.
Allah qorxusunun o biri başında duran cəzanın nə qədər ağır və dəhşətli olduğu də Quranda bildirilir. Amma deyilən kimi, ağıllı insan cənnətdən əvvəl Allahın məmnunluğunu qazanmaq istər, cəhənnəmdən qorxmaqdansa, Allahın qəzəbindən qorxar.

Bu yerdə onu da deyək ki, cəhənnəm Allahın ədaləti, cənnət mükafatıdır. Heç bir bəndə layiq olmadığı halda cəhənnəmə atılmaz. Allah-Taala zalım deyil, mərhəmətlilərin mərhəmətlisidir. Özü bildirir ki, Onun mərhəməti qəzəbini keçmişdir. Hətta o qədər mərhəmətlidir ki, insan günah əməllər işləyəndə O, səbir edir, gözləyir, günahkarın tövbə edib, doğru yola dönməsi üçün yetərincə möhlət verir. Qurani-Kərimdə işlədilən "qəlbi möhürlənmiş" ifadəsi artıq insanın bütün yaxşılıqları, xeyir əməlləri tərk etdikdən sonra gözü görə-görə, ağlı kəsə-kəsə günahlara dalması şeytana ortaq olmasıdır...

Bir ərəb ərəb olmayandan və eləcə də ərəb olmayanın ərəbdən heç bir üstünlüyü yoxdur; Allah qatında üstünlük ancaq təqva ilədir. Ədaləti görürsünüzmü, hansı irqə, mədəniyyətə, dilə, xalqa mənsub olursunuz olun, bu o qədər də önəmli deyil, önəmli olan sizin Allah qarşısındakı duruşunuz, davranışınız, Onun əmrlərinə əməl etmənizlədir. Müsəlmanın həyatı dini terminlə ifadə etsək, əmr bil məruf və nəhy anil münkər arasında keçər, yəni Allahın bizə vəzifə olaraq əmr etdiklərini yerinə yetirmək və haram buyurduqlarından da uzaq durmaq arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.