Cəmiyyət

Onun narahatçılığı

30 İyun 2016 22:20
8 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saat 2.30 keçirdi.

Günün yorğunluğu və açıq isti havada işləmək onu oruc halı ilə xeyli yormuşdu.
Telefonun zənginə yorğun gözlərini güclə də olsa, açmağa çalışdı, ancaq aça bilmədi.
Bir neçə saniyə sonra anidən gözlərini açdı və saata baxdı. Saat 2.35 göstərirdi.
Bu rəqəmlər onun üçün bu anlama gəlirdi ki, obaşdan vaxtına az qalıb və obaşdan etmək üçün tələsməlidir.
Əl-üzünü yuyub, tam özünə gəldikdən sonra obaşdanını etdi. Fikri əksəriyyət kimi daha çox "Nə yeyim ki, acmayım" qəbildən şeyləri düşünmürdü.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, düşüncələri üz cizgilərini dəyişər, üzünə bir ciddilik verərdi.
Onu yaxından tanıyanlar onu adətən belə gördükdə bilərdilər ki, o yənə də hansısa dərin mövzuları öz beynində götür-qoy edir.
Evdəkilər onu dalmış fikirlərindən bir neçə dəqiqəlik ayırdı və o, bir stəkan su ilə növbəti günün orucuna başladı.
Namazını qıldıqdan, mübarək Ramazan ayının gündəlik dualarını oxuduqdan sonra səliqə ilə səccadəsini qatladı və xəfif küləkli havanı dərindən içinə çəkərək, böyük bir enerji aldı və Ramazan ayının bu duasını yadına saldı "İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu aradan qaldır".
Alimlərin də dediyi kimi, hər insanın öz duası var.
Onun da duası bu idi. Bu duanı çox xoşlayırdı.
Elə bu dua haqda düşünə-düşünə bağçaya keçdi.
Besetkada əyləşib, özü ilə götürdüyü kitabı oxumağa çalışdısa da, alınmadı.
Yuxudan oyandıqdan sonra fikirləri yenə də onu bütün vücudu ilə narahat etməyə başladı.
Bu fikirlərdən rahatlıq tapmaq üçün bağçanı gəzməyə başladı...
18 ildir hər gecə kimin üçün, kimə xatir yuxudan oyanırdı?!
Təbii bəlli idi orucu, sübh namazını kimin üçün, kimə xatir edildiyi.
Cavab çox sadə idi: Allah üçün, Allaha xatir...
Bəs nəyə görə bu qədər narahat idi o?
Niyyət mövzusunun İslamda çox həsas bir mövzu olduğunu bilirdi.
Belə ki, İslam bütün əməllərin qəbulunu və axirət günü həmin əməllərin puç sayılmayacağını niyyətə bağlayır.
Əgər niyyət doğru olacaqsa, o zaman əməllərin, gördüyü bütün işlərin dəyəri olacaq və həmin əməllər qəbul olacaqdır.
"Biz niyyət mövzusunda özümüzü aldadırıq, bir çox məsələləri Allaha xatir etdiyimizi deyirik. Ancaq nəyəsə, kiməsə xatir edirik çox vaxt"
Mütaliə zamanı bu sözlər onu çox narahat etmişdi. Üstündən keçə bilməmiş, günlərlə kitabın həmin hissəsində qalmışdı...
Budur, günəş doğurdu, o isə seyr edir, fikirlərində bir müəyyənliyə gəlmək istəyirdi. Günəşin hər gün, hər tərəfi öz işığı ilə nurlandırdığı kimi, sanki Ramazan ayı da hər gün yeni bir işığı ilə qəlbləri nurlandırıdı...
İnsanlar yaşayıb ömür sürürdülər bu qısa ömür sürəcəyimiz dünyada.
Hər kəsin yaşamaq niyyəti fərqli idi.
Əslində elə ölçü də bu idi. "Niyyətin hara, mənzilin ora" deyimi yada düşürdü bu dəmdə. Həyatımızın dəyəri də niyyətimizə bağlı idi. Bu dünyada kimin üçün, nəyə görə, nəyə xatir yaşayırıq? Əksəriyyət bu haqda düşünmürdü.
Kimisi mal-dövlət eşqinə, kimisi övlad eşqinə, kimisi valdeynlərin eşqinə, kimisi havayi-həvəs eşqinə ancaq öz nəfsinin istəklərinə xidmətlə məşğul idi.
Yaşadığı toplumda ən qıcıqlandığı söz: "Camaat nə deyər, nə danışar" - idi.
"İş yerimdə heç kim oruc tutmur, hələ qaldı namaz da qılsam, nə deyərlər...".
Elə hey "Camaat nə deyər, nə danışar" məntiqi ilə yaşayırdılar.
Ancaq heç vaxt nədənsə insanların razılığını əldə edə bilmirdilər.
Çünki insanların sözü qar kimi idi: gündüz yağır, axşam əriyirdi.
Buna görə onun üçün önəmli olan - Allahın razılığı idi.
Çünki daim baqi və var olandır Allah. Bütün əməllərimizə dəyər verib, mükafatlandıran, və elə bizim də bütün əməllərimizlə ona borclu olduğumuz gözəl Rəbbimiz...
Əməllərimiz Allaha xatir olduğu müddətcə həm bu dünya və həm də axirətdə bizə qazanc verəcək. Əməllərimizin niyyətləri ali olduğu üçün, heç biri boşuna sayılmayacaq, bizlərə təkan verəcəkdir.
Onun adı Əbülfəz idi. Valdeynləri Həzrət Əbülfəzl (ə) tək şücaətli, fədakar, gözəl əxlaqlı olsun deyə, ona bu adı qoymuşdular.
Əbülfəz Ramazan ayının hər gününə, hər saatına, hər dəqiqəsinə çox önəmlə yanaşır...
Hər gün o, ali hədəfə - "bəlkə təqvalı olasınız" hədəfinə uyğun yaşamaq üçün böyük əzm göstərir.
Ramazan ayından bəhrələnənlərdən olmağımız diləyi ilə...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.