Cəmiyyət

Südün tərkibinə sabun, əhəng, təbaşir, turşu… qatılır və satışa çıxarılır

26 İyun 2016 21:42
9 Şərh     Baxış: 7 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın baytarlıq və fitosanitar nəzarəti xidməti (Россельхознадзор) yerli süd məhsullarının tərkibini yoxlayıb. Rusiya mətbuatının yaydığı açıqlamada deyilir ki, məhsullların istehsal dəyərinin azaltmaq və beləliklə də, mənfəət əldə etmək məqsədilə süd məmulatlarının tərkibinə nişasta, təbaşir, sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə qatılıb. Dövlət xidmətinin tənqid etdiyi şirkətlər yerli bazardan əlavə, həm də xarici ölkələrə məhsul satırlar. Bu ölkələrin arasında Azərbaycan da var.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Azərbaycan Rusiya ilə yanaşı, Belorusiya, Ukrayna, Türkiyə və bir neçə Avropa ölkələrindən süd və süd məhsulları alır. Bəs yerli məhsulların tərkibi yoxlanılırmı? Qeyd edək ki, təkcə xarici məhsullar deyil, elə yerli istehsalın keyfiyyəti də düşünməyə vadar edən suallardandır. Çünki yerli müəssisələrin istehsal etdiyi süd və süd məhsullarının qablaşdırılmasında 100 faiz təbii süddən istifadə olunduğu qeyd edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında deyib ki, çoxsaylı fermaların yaradılmasına baxmayaraq,ölkə bazarı saxta məhsullarla doludur.Xüsusilə də,son aylar dövlətin sahibkarlara yaratdığı şəraitdən, yəni yoxlamaların dayandırılmasındansui-istifadə edənlərin sayı artıb."Xaricdən gətirilən süd məhsulları ölkə bazarına birbaşa daxil olur. Bu məhsulların tərkibi yoxlanılmır. Hazırda satışda 6 ay yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən xamaların yararlılıq müddəti 6 aydır.Xamalar dadı ilə, qoxusu ilə tam yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb, yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi araşdırılmayıb.İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır. Və ya "Fermerskaya smetana" deyilən bir brend var və neçə ildir Azərbaycanın əmtəə bazarına daxil olub. Bu məhsulun yararlılıq müddəti uzundur və tərkibi yoxlanılmır",-deyə hüquq müdafiəçisi əlavə edib.

E.Hüseynov iddia edir ki,ölkədə səhv bir tendensiya gedir. İstehsalçılar ölkənin tanınmış ekspertlərini dəvət edib onlardan rəy alırlar: "Onlar bir qrup adama pul verirlər. Adlarını ekspert qoyanlar pul alndan sonra guya ki, qatqıların zərərsiz olduğuna, yararlılıq müddətinin artırılmasına rəy verirlər".

Hazırda süd bazarında "İvanovka" mal nişanı ilə süd, pendir, xama və digər ağartı məmulatları satılır. E.Hüseynov isə deyir ki, "İvanovka" müəssisəsinin rəhbərliyi ilə danışıb və onlar Bakıya müntəzəm süd vermədiklərini, məhsul hazırlanmadığını deyiblər:"İvanovka"nın Bakıda cəmi 3 mağazası var. Digər 11 mağaza var ki, onlar bu fermanın adından saxta məhsullar satır".

Təşkilat rəhbəri onu da qeyd edir ki, xırda ticarət mərkəzində istehsal tarixi saxtalaşdırılmış ağartı məhsulları verilir."Qatığın, xamanın üzərində saxta istehsal tarixləri vurulur, hətta fevralın 30-dək yararlılıq müddətinin vurulduğunun şahidi olmuşuq. Belə məhsullar daha çox yas və toy mərasimlərində istifadə edilir".

E.Hüseynov süd məhsulları alarkən qısa yararlılıq müddəti olan məhsullara üstünlük verilməsini tövsiyə edib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, ölkə əhalisinin südə illik tələbatı 3,5 milyon tondur. Azərbaycanda isə 1,7 milyon ton süd istehsal edilir. Südə olan təlabatın yerdə qalan hissəsini xarici ölkələrdən gətirilən məhsullarla ödənilir:"Hətta Rusiyada televiziya vasitəsilə belə bir təcrübə keçirildi, kəsmiyi kibritlə yandırdılar. Bəlli olub ki, kəsmiyin tərkibinə bitki yağının qatqıları qarışdırılıb, nəticədə, qatqılar yanmaya səbəb olub.Azərbaycan bazarı isə belə təhlükəli məhsullarla doldurulur.Ölkədə müstəqil ekspertiza olmadığından, məhsulları yoxlatdırmaq mümkün deyil".

Ekspert onu da əlavə edir ki, inkişaf etmiş ölkələrdə süd sağılması kompüter vasitəsilə həyata keçirilir. İnəkdə xəstəlik olanda kompüterin yaddaşına siqnal daxil olur, sağım dayandırılır, heyvanmüalicəyə göndərilir. Azərbaycanda isə hətta vərəm, brüselyoz kimi xəstəliklərə yoluxmuş heyvanların da südü sağılır və satışa çıxarılır: "Südün və süd məhsullarının hazırlanmasında quru süddən də istifadə edilir. Baxmayaraq ki, qablaşdırmalarda bu barədə məlumat yoxdur. Azərbaycana quru süd idxal olunur. Məhsulun tərkibindəki mikroorqanizmlərin inkişafını süni dayandırmaq üçün antibiotiklər əlavə olunur. Bu isə orqanizm üçün olduqca zərərlidir".

Göründüyü kimi, ekspertlər bazardakı vəziyyətin ürəkaçan olmadığını iddia edirlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadi İnkişaf Nazirliyi isə sahibkarlığın inkişafına dəstək üçün yoxlamaların 2 il müddətinə dayandırılmasını əsas gətirərək gözləməyi məsləhət görürlər. Buna görə də, məsuliyyət yenə də istehlakçıların üzərinə düşür.

Çalışın, zəhərlənməyin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.