Cəmiyyət

Azərbaycan dilinin qrammatikası təkmilləşdiriləcək

26 İyun 2016 23:40
3 Şərh     Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlanması nəzərdə tutulur. Yeni qrammatika nəşrinin müasir elmi tələblər səviyyəsində hazırlanması planlaşdırılır. Belə ki, üç cilddə olan Azərbaycan dilinin qrammatikasının birinci cildi 1970, axırıncı cildi 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəldiyindən, elmi tələblər artdığından nəşrin təkmilləşdirilməsinə və yenidən işlənib hazırlanmasına ehtiyac yaranıb. Yeni nəşr üçün Azərbaycan dilinin qrammatikasının bütün bölmələrinin yenidən işlənməsinə ehtiyac var. Belə ki, morfologiya, sintaksis, üslubiyyat, nitq mədəniyyəti bölmələrində ciddi dəyişikliklərin olacağı gözlənilir. Həmçinin Azərbaycan dilinin qrammatikasını başqa türkdilli xalqların qrammatikası ilə uyğunlaşdırmaq, ortaq nöqtələrə gəlmək nəzərdə tutulub. Azərbaycan dilinin qrammatikası, lüğətləri ilə bağlı son zamanlar səslənən birmənalı olmayan fikirləri nəzərə alsaq, görüləcək işlərin müsbətə addım olacağını düşünmək olar.

Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu "Kaspi"yə açıqlamasında latın əlifbası ilə yenilənmiş, yeni baxışlarla, müasir dilçiliyin uğurları və elmi tələblər səviyyəsində qrammatika kitabının hazırlanmasının nəzərdə tutulduğunu bildirdi. Belə ki, qrammatika kitabının nəşrindən keçən uzun illər ərzində dilimizə yeni sözlər daxil olub və terminlərlə zənginləşib. Yəni ədəbi dildə müəyyən yeniliklər baş verib və bəzi sözlər dilimizdən çıxıb: "Ədəbi dilin zənginləşməsini nəzərə almaqla müəyyən məsələlərin işıqlandırılması vacibdir. Bu o demək deyil ki, yeni qrammatika kitabı tam yeni olacaq. Məsələn, biz fonetikada hansı dəyişikliyi edə bilərik? Və yaxud morfologiyada hansı dəyişikliyi etmək olar?" Bütün elm sahələrinin inkişaf etdiyini bildirən M.Nağısoylunun sözlərinə görə, yeni qrammatika kitabının neçə cilddən ibarət olacağı hələ məlum deyil: "Əvvəllər kompyuter dilçilik sahəsi yox idi. Əvvəllər qədim dillər və mədəniyyətlərə o qədər fikir verilmirdi. İndi bizim institutda qədim dillər şöbəsi var. Dilçilik elminin yeni nailiyyətləri orada öz əksini tapmalıdır. O zaman qrammatika yazılanda bu sahələr bu şəkildə inkişaf etməmişdi. Digər tərəfdən, o zaman müəyyən məhdudiyyətlər vardı. İndi isə müstəqil dövlətik. O mənada biz müasir elmi tələblər səviyyəsində dilimizin elmi qrammatikasını hazırlamağı düşünürük". M.Nağısoylu bildirir ki, AMEA-nın Ədəbiyyat İnstitutu  "Azərbaycan ədəbiyyatı tarixi"ni 10 cilddə nəşr etməyi planlaşdırdığı kimi Dilçilik İnstitutu da "Azərbaycan dilinin tarixi" kitabını gələcəkdə 10 cilddə nəşr etməyi nəzərdə tutur: "Həmçinin "Azərbaycan dilinin morfologiya tarixi", sintaksis tarixini və s. ayrıca çap etməyi düşünürük. Bütün bu planlar elmi şurada müzakirə olunacaq və sonra qərar veriləcək. Hələlik bunlar yalnız arzu şəklindədir". Azərbaycan dilinin qrammatikasını başqa türkdilli xalqların qrammatikası ilə uyğunlaşdırmağa gəlincə, M.Nağısoylu bildirir ki, hazırda türk xalqlarının ortaq ədəbiyyat kitabını Ədəbiyyat İnstitutu hazırlayır. O cümlədən, müvafiq qurumların iştirakı ilə türk xalqlarının ortaq tarix kitabı hazırlanır: "Biz də türk xalqlarının ortaq qrammatikasının hazırlanmasını düşünürük. Mən ortaq türk dili qrammatikasına və ortaq türk terminlərinin hazırlanmasına ehtiyac görürəm".

Azərbaycan dilinin lüğətləri ilə bağlı danışan M.Nağısoylunun sözlərinə görə, yaxın gələcəkdə çapı nəzərdə tutulan nəşrlər sırasında "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Azərbaycan dilinin təkmilləşdirilmiş izahlı lüğəti", "Azərbaycan dilinin etimoloji lüğəti" və "Arxaik sözlər lüğəti" yer alıb: "Azərbaycxan dilinin arxaik sözlər lüğətini hazırlamaq da plandadır. Həmçinin "Azərbaycan dilinin etimoloji lüğəti"nin hazırlanması nəzərdə tutulur. Təəssüf doğuracaq haldır ki, Azərbaycan dilinin etimoloji lüğəti yoxdur. Bu lüğət dövlət əhəmiyyəti daşıyan məsələdir. Etimoloji lüğət xalqın qədimliyini, aborigenliyini sübut edən amillərdən biridir. O mənada düşünürəm ki, bu lüğəti də hazırlamaq lazımdır". "Azərbaycan dilinin izahlı lüğəti"nin 4-cü cildinin 1987-ci ildə çap olunduğunu bildirən alim hazırda bu sahədə də işlərin davam etdiyini bildirir: "O zamandan bəri dilimizə çoxlu sözlər daxil olub".

Hazırkı "Orfoqrafiya lüğəti" ilə bağlı çoxlu şikayətlərin səsləndiyini etiraf edən dilçi alim sonuncu dəfə belə bir lüğətin 2011-ci ildə nəşr olunduğunu deyir: "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yeni nəşrinin hazırlanması ilə bağlı bizə göstəriş də verilir". Yeni nəşrlərin ictimai müzakirəsi ilə bağlı səslənən narazılıqlara gəlincə, M.Nağısoylu bildirir ki, xüsusən orfoqrafiya lüğətinin nəşrindən qabaq Dəyirmi masanın təşkilinə və müzakirələr aparmağa ehtiyac var: "Həmçinin dilimizə yeni daxil olan sözlərin ictimaiyyətlə müzakirəsi lazımdır. Bu, ümumi işimiz üçün faydalı olar".

Son dövrlərdə aparılan tədqiqatların qrammatika kitablarında yer almadığını qeyd edən dilçi alim Nadir Əbdürrəhmanovun fikrincə, dilçilikdə nitq və orfoepiya məsələləri zəif tədqiq olunub. Belə ki, qrammatik məlumatlar birbaşa nəzəri dil vərdişlərinin yaranması və inkişafına xidmət etməlidir: "Nitq mədəniyyətinə diqqət yetirilməlidir. Həmçinin üslub məsələlərinə diqqət artırılmalıdır. Ümumi üslubiyyət olsa da, ümumi qrammatikada bu yaxşı yer tapmayıb. Qrammatika birbaşa nitqin inkişafına xidmət etməlidir".

Dilçi alim hesab edir ki, dilçiliklə bağlı hər hansı kitab yazılmamışdan onun geniş ictimai fikrə ehtiyacı var. Yəni  kitab həm dilçi alimlərin, həm də ictimaiyyətin müzakirəsinə verilməlidir. Kitab yalnız ümumi rəyə gəldikdən sonra kitab çap olunmalı və istifadəyə təqdim olunmalıdır.

N.Əbdürrəhmanov hesab edir ki, bizdə bu istiqamətdə elmi mərkəzlər, institut, ali məktəblərin kafedraları və ən əsası mütəxəssislər olduğundan dilçiliklə bağlı ortaya samballı elmi işlər qoymaq mümkündür. Yəni, yetər ki, tədqiqat həvəsi və şərait olsun...

"Kaspi"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.