Cəmiyyət

Böyük, kiçik, ortancıl...

26 İyun 2016 20:40
4 Şərh     Baxış: 3 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük uşaq

Evə ilk gələn və ata-anasına ilk valideynlik hisslərini bəxş edən uşaqdır. Nə qədər ki, təkdir, "taxt-tacın" yeganə sahibidir. Ancaq bu, ikinci uşaq dünyaya gələnə qədər belədir. İkinci uşağın dünyaya gəlməsi onun təkcə "taxtdan" düşməsi yox, həm də yeni məsuliyyətlər qəbul etməsi deməkdir. Necə olsa, o indi böyük qardaş və ya böyük bacıdır. Elə valideynlər var ki, belə hallarda nəinki ilk uşağı ikinci plana keçirirlər, hətta onun uşaq olduğunu da unudurlar. Ancaq üçüncü uşaq dünyaya gəldikdə vəziyyəti nisbətən yüngülləşir. Çünki böyük uşaq həm yaşca böyük olur, həm qardaş və ya bacı nə olduğunu bilir, həm də evin ən böyük usağı kimi özünü valideynlərinə daha yaxın hiss edir.

Nə etməli:

Milli.Az zaman.az-a istinadən bildirir ki, əgər uşaqlar arasında qısqanc­lıq problemi varsa, (böyük ehtimal ki, var) bir mütəxəssisə müraciət edin. Digər tərəfdən, xüsusilə kiçik yaşlarda böyük qardaş və ya böyük bacı olan uşağa "böyük qardaş" və ya "böyük bacı" deyə müraciət etməyin. Bundan başqa, böyük uşağın kiçik uşağın və ya uşaqların kölgəsi altında qalaraq passivləşməsinə imkan verməyin.

Ortancıl uşaq

Ortancıl uşaq istər böyük, istərsə də kiçik uşaqlardan çox fərqlənir. Ən azı ona görə ki, o özünü həm böyük, həm də kiçik uşaqların hüquqlarından məhrum kimi hiss edir. "O səndən böyükdür, öz yerini bil" və ya "qardaşın hələ balacadır, sən ona kömək et" kimi sözlərlə tez-tez rastlaşdığı üçün haradasa özünü ifadə etməkdə çətinlik çəkir. O nə böyükdür, nə kiçik. Buna görə də ailədəki mövqeyini "kəşf etməyə" çalışır. Bu isə ona çox böyük səylər hesabına başa gəlir. Nəticədə ortancıl uşaq ailənin ən fəal üzvünə çevrilir. Əgər ortancıl uşaq ailənin tək oğlu və ya tək qızıdırsa, onda "ortancıl uşaq" psixologiyasi özünü o qədər də göstərmir. Uşaqların sayı çox olan ailələrdə də "ortancıl uşaq" psixologiyası yoxdur. Burada uşaqların yaşadıqları problemlər daha çox fərdi xarakter daşıyır.

Nə etməli:

Ortancıl uşaq olmaq əvvəllər uşağın psixologiyasına mənfi təsir göstərsə də, növbəti illərdə bu, uşağa müsbət təsir göstərməyə başlayır. Ancaq uşaqlıq dövründə ortancıl olan uşaqların gələcəkdə psixoloji zərbə almaq ehtimalı da çoxdur. Bunun qarşısını almaq üçün valideynlər, xüsusilə uşaqlıq və gənclik dövrlərində, ortancıl uşaqlara xüsusi olaraq yanaşmalı və onların ailə daxilində öz mövqelərini tapmalarına kömək etməlidirlər.

Kiçik uşaq

Belə uşaqlar valideynlərinin gözündə böyümürlər və həmişə kiçik qalırlar. Buna görə də kiçik uşaqlarda böyüdüklərini isbat etmək hissi çox güclüdür. Evdə onları daha çox "xırda işlərə" buyururlar, ciddi işlərə gəldikdə isə həmişə arxa planda qalırlar. Valideynləri tərəfindən həmişə "himayə" altında olan bu uşaqlar yaşayaraq öyrənmək imkanlarından da məhrumdurlar.

Nə etməli:

Uşağa yaş dövrünü nəzərə alaraq münasibət göstərin. Uşağınız kiçik olsa belə, onun üzərinə müəyyən məsuliyyətlər yükləməkdən çəkinməyin.

Tək uşaq

Bu uşaqlar öz yaşıdlarından çox böyüklərlə ünsiyyətdə olurlar. Demək olar ki, ailənin ən "hörmətli" üzvüdürlər. Buna görə də istədiklərini çox asanlıqla əldə edə bilirlər.

Nə etməli:

Tək uşaqları öz yaşıdları olan yerlərə tez-tez aparmaq lazımdır. Belə variantlardan biri də hər hansı bir məktəbəqədər uşaq müəssisəsi ola bilər (uşaq bağçası, orta məktəbə hazırlıq kursu və s. kimi). Bir şeyi də unutmayın ki, əgər ciddi bir səbəb yoxdursa, uşaq ailədə tək olmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.