Cəmiyyət

Azərbaycanda ana övladı olmaq çətindir

24 İyun 2016 22:08
12 Şərh     Baxış: 3 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk rejissor Çağan İrmakın "Qaranlıqdakılar" adlı filmi var. Film şizofren anayla 30 yaşlarında bir oğulun hekayəsini danışır. Anası ilə yaşamağa məcbur olan oğul üçün həyat bir cəhənnəmə çevrilir. Ana üçün isə həyatda yaşamağın tək səbəbi oğludur. O, ancaq övladını yanında görmək istəyir. Oğlunun ondan uzaq düşməsini düşünmək belə ananı dəli edir. Onun evə bir dəqiqə gec gəlməsini belə qəbul edə bilmir. Bəzən oğlunu o həddə çatdırır ki, o, anasını evdən qovur. Film boyu gah ananı qınayırsan, gah da oğulu. Ancaq filmin sonunda məlum olur ki...

İllər öncə bu qadını zorlayıblar. Hamilə qalan gənc və gözəl qadın uşaq sayəsində həyata tutuna bilib. Yaşamağın mənasını onda görüb. İndi isə oğlundan bu illərin bədəlini ödəməyi tələb edir. Hələ də düşünürəm: bu, sevgidir, yoxsa eqoizm?..

***

Uşaq dünyaya gətirmək üçün sevmədiyin insanla belə ailə qurmaq, ərə gedən kimi "Bir şey-mir şey yoxdur ki?" sualı, övladın olmadısa özünün də, ətrafının da səni sonsuz hesab eləməsi... Yəqin ki, bunların heç biri adi məişət narahatlığı deyil. Hamısının dərin psixoloji kökləri var. Ancaq görünən ondan ibarətdir ki, bu övlad həsrətini, onu sevgiylə yox, qorxuyla, təlaşla gözləməyin, "uşağım olmasa, nə edəcəm, daha yaşamağımın nə mənası var?" kimi sualların acısını övlad olandan sonra məhz onun özündən çıxarmağı bir borc bilirik. Elə ki uşaq bir az böyüdü, o, olmazdan əvvəl və sonra nə əziyyət çəkmişiksə, bircə-bircə bunun haqq-hesabını çəkirik. Bütün eqomuzu bu balaca və möcüzəvi varlığın üzərində sınağa çəkirik: səni mən dünyaya gətirmişəm, səni mən böyütmüşəm, səni böyütməkdən ötrü nə əziyyətlər çəkmişəm, mən olmasam, sən də olmazdın, mən nə desəm odu, dediklərimi etmək sənin borcundu, südümü halal eləmərəm, haqqımı halal eləmərəm, məni ömür boyu kürəyində daşımalısan, çünki... çünki... çünki...

Anaların çoxu ömrünü övlad yolunda fəda etmiş sayılır. Ancaq bütün bunları etmisənsə, sevinə-sevinə etməlisən. Analıq iş deyil, borc deyil. Gec-tez bütün qadınlar ana olmağı borc, vəzifə kimi başa düşür. Elə buna görə də analıq kimi ülvi hiss yoxa çıxır. Analıq vəzifə yox, ilahi dəyərdi. Bu dəyərə layiq olmaq, sahib çıxmaq üçün özünü xoşbəxt hiss etməlisən, hər hansı vəzifə başında yox. Əks halda övladınla arandakı doğmalıqdan, sevgidən əsər-əlamət qalmaz. Ondan hörmət gözlədiyin kimi, sən də ona qarşı sayğılı olmalısan. Əks halda sən onun ağası, o da sənin kölən sayılır. Övlad sənin malın, mülkün, varidatın deyil. Sən övladın yiyəsi deyilsən, anasısan...

Əslində, ana övladı üçün etdiklərini heç vaxt dilinə gətirməməlidir. Nəinki dilə gətirmək, heç ağlına belə gətirməz, belə hiss etməz. Əksinə, sən də övladınla birgə yenidən doğulduğun üçün ona minnətdar olmalısan.

Övladın balaca bir quş kimidir, onu sev, onun uçmasına kömək et, onun yolunu aç. Ona hörmət elə, ona şəxsiyyət olduğunu xatırlat, ona güclü olduğunu hiss etdir. Sən onu ananın səni böyütdüyü kimi böyütmək məcburiyyətində deyilsən. Sən öz ürəyini dinlə, sən övladını hiss et, analığını hiss et.

Sənin sevgin övladının əl-ayağına dolaşmamalıdır, ona yük olmamalıdır, ona mane olmamalıdır. Sənin sevgin onun azadlığını əlindən almamalıdır. Sən övladına əmrlər verdiyin gün, özünə tabe etdiyin gün onu öz kölənə çevirirsən. Ona sərbəst insan olduğunu, önəmli olduğunu hiss etdir. Heç kim övladının, balaca uşağın azadlığı haqqında düşünmək istəmir. Hələ uşaqdı, hələ balacadı... Bəs o nə vaxt öz azadlığı ilə tərbiyə olunacaq, azadlıqla rəftar etməyi bacaracaq? Övladın sənin gözündə hələ də uşaq qalması, həqiqətən də, onun böyüməsinə, yetkin insan olmasına mane olur. O, gələcəkdə öz qərarlarını özü verə bilmir, həmişə kimlərdənsə asılı olur, çətinliklər qarşısında aciz qalır.

***

Hələ uşaq vaxtından bir sinif yoldaşımızın taleyi həmişə məni maraqlandırırdı. Orxan idi adı. Ancaq sinifdə ona hamı "qız Orxan" deyirdi. Sakit, başıaşağı, dindirməsən dinməyən bir uşaq idi. Ta sonuncu sinfə kimi onu belə gördük. Atası xaricdə işləyirdi, həmişə anasıyla olurdu. Anası da onu gözü kimi qoruyurdu. Ancaq dərsə buraxırdı. Nə sinif yoldaşlarıyla, nə məhlədəki uşaqlarla vaxt keçirməsinə icazə verirdi. Onu arada anasıyla harasa gedən görmək olardı. Orxanı "qəfəsə" salan ana, təbii ki, bunu sonuna qədər bacara bilməzdi. O, böyüdükcə artıq ətrafının tənəsi onu aqressivləşdirirdi, qəfəsdən çıxmağa məcbur edirdi. Anasının ətəyində gəzməyini yenicə formalaşan kişilik hissinə sığışdırmırdı. Nəhayət, anası ona azadlıq vermək məcburiyyətində qaldı, ancaq o, bu azadlıqdan istifadə etməyi bacarmadı. Özünə yanlış dost, yanlış mühit seçdi. Və biz məktəbi bitirər-bitirməz narkotik maddədən istifadəyə görə həbsə düşməsini eşitdik. Eşitdiyimizə inanmasaq da, bu, beləydi.

***

Bizim cəmiyyətdə isə bu sevgini belə izah edirlər: ayı balasını istədiyindən yeyir.
Məncə, bu deyimin çox dərin mənası var. Bir düşünün...

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.