Cəmiyyət

Şekspir muzeyində büstü olan, Bakıda evi sökülən dahi - FOTO

31 May 2016 23:26
8 Şərh     Baxış: 2 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən tələsik, bəzən nəşəli, bəzən hüznlə Şərifzadə küçəsindən keçərkən adı verilən şəxsin kim olduğunu düşündükmü?
 
Bir neçə gün əvvəl onun yaşadığı evi sökərkən necə bir günah işlətdiyimizin fərqinə vardıqmı?
 
"Abbasmirzə məktəb görməyib, sənət və onun üsullarını öyrənməyib. Lakin o, bir talantdır. O, özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulub. Sənət onun qanında, iliyindədir" -  müasiri Cəfər Cabbarlı belə deyirdi.
 
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Şərifzadə təkbaşına mədəni mirasımız və tarixi zənginliyimizin bir parçasıdır. Belə bir dəyəri silmək olardımı?
 
İndi Şərifzadə küçəsindən başqa onu yada salan heç nəyimiz qalmayıb.
 
Neçə-neçə teatr xadimi, Abbasmirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək onun haqqında fikirlərini bölüşüblər.
 
Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədir.

Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında - Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis - ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub.
 
Azərbaycan teatr səhnəsində "Hamlet"i ilk dəfə məhz A.Şərifzadə oynayıb.
 
İngiltərənin Stratfor şəhərində 500 ilə yaxındır "Şekspir muzeyi" fəaliyyət göstərir. Orada Şekspirin əsərlərinin ən yaxşı ifaçılarından 48-nin büstü qoyulub. Onların içində məhz A.Şərifzadənin də büstünə də rast gəlinir.

Sənətə dəyər verən ingilis xalqı bizim dəyərli sənətkarımızı yüksək qiymətləndirib.
 
Bizlər də öz sənətkarlarımıza, onlarla bağlı xatirələrə, izlərə xüsusi diqqətlə yanaşmaq əvəzinə Abbasmirzə Şərifzadənin evini sökdük.
 
Halbuki, o evi bərpa edib, muzeyə çevirmək və turistlərin istifadəsinə vermək olardı.
 
Artıq gecdir...
 
Heç olmasa digərləri üçün eyni səhvi təkrarlamayaq.
 
ABŞ 18-ci əsrdə qurulmuş bir dövlət olsa da, özlərinə milli kimlik qazandırmaq istəyən amerikalılar heç nədən tarix muzeyləri qurub, onlarla müxtəlif sahələrdə milli ənənə və milli miras yaradıblar. Vaşinqtonda  belə muzeylərə rast gələ bilərsiniz.
 
Bakının tarixi binalarının müdafiəsi üçün imza toplama kampaniyası başladılıb.
 
Azərbaycan ziyalıları, görkəmli şəxsiyyətlər, müxtəlif sahənin adamları,  həmçinin rektor Nərgiz Paşayeva da bu petisiyanı imzalayaraq tarixi abidələrin sökülməsinə qəti şəkildə qarşı çıxıblar.  
 
Hələ ki gec deyil, doğma irsimizə, tariximizə birlikdə sahib çıxaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.