Cəmiyyət

7 uşaqlı ailənin acınacaqlı həyat hekayəti

28 May 2016 19:50
14 Şərh     Baxış: 2 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhəri, Heydər Əliyev-84, mənzil 60 ünvanında yerləşən yataqxanada yaşayan İmanovlar ailəsindən zəng daxil oldu. Bildirildi ki, bu ünvanda yaşayan ailənin acınacaqlı vəziyyətinin, problemlərinin mətbuatda işıqlandırılmasına böyük ehtiyacı var. Biz də həmin ünvanda olduq və açığı, gördüklərimizdən çox pərişan olduq. Əvvəlcə, ondan başlayaq ki, 7 uşaqlı İmanovlar ailəsi çox acınacaqlı şəraitdə yaşayır. 15 ildir ki, şəraitsiz yataqxanada, birotaqlı dar mənzildə yaşayan ailənin başçısı Akif İmanov ikinci qrup gözdən əlildir. 50 manat pensiya alan ata heç bir yerdə işləmir. Yoldaşı Samirə xanım deyir ki, Akifi əlil olduğuna görə heç bir yerə işə qəbul etmirlər. Ailənin böyük övladının 15 yaşı var. 7 uşaqdan 3-ü oğlan, 4-ü qızdır. Onlardan 4-ü əkizdir.
Milli.Az zaman.az-a istinadən bildirir ki, uşaqların 35 yaşlı anası Samirə xanım imkansızlıq ucbatından övladlarını məktəbə yola sala bilmədiklərini qeyd edir. Dediyinə görə, bu vəziyyətləri ilə bağlı bir neçə aidiyyəti quruma müraciət ediblər. Lakin heç bir yerdən, bir balaca da olsa, yardım ala bilməyən ailənin həyat şəraiti günü-gündən pisləşib. Hələ bunlar azmış kimi, bu günlərdə 3 yaşlı qızı Nigarın da üstünə qaynar su tökülərək yanıb: "Yanıqdan sonra qolu işləmir. Ona təcili əməliyyat diaqnozu qoyulub". Lakin ailənin buna imkanı çatmır...
Ailənin vəziyyəti ilə maraqlanarkən ailə başçısı Akifi çox gözlədik, amma o utandığından bizimlə söhbət etmədi. Dedi ki, mən övladlarımın yanında üzüqarayam. Uşaqlardan ikisi isə evdə olmadığından onlarla görüşə bilmədik. 7 yaşlı Nicat gözlərindən yaşı sel kimi axıdırdı. Sanki ailənin, yaşadıqları otağın acınacaqlı vəziyyəti uşağı darıxdırırdı.
Axı bu uşaqların indi ağlayan yox, gülən, şənlənən, oynayan vaxtlarıdır. Ailənin düşdüyü ağır durum sanki uşaqların da psixologiyasına təsir edib.
Nicat: "Mən də məktəbə getmək istəyirəm, adım məktəbə yazılıb, amma valideynlərimin imkanı yoxdur. Hər gün əllərində çanta məktəbə gedən uşaqlara baxıb deyirəm ki, kaş mən də onlar kimi olardım".
Qeyd edək ki, bu uşaqların adı şəhərin 14 saylı məktəbində gedir. Lakin məktəb rəhbərliyinin məsuliyyətsizliyindən bu ailəyə kömək olmayıb...
"İmkansızlıq ucbatından övladlarıma təhsil verə bilmirəm",-deyən 35 yaşlı ana: "Mən də istərdim ki, övladlarım oxusunlar, bir sənət sahibi olsunlar",-deyə qeyd etdi.
"Bəzən məni qınayırlar ki, imkanın yoxdur, neyləyirdin bu qədər uşağı. Allahın verdiyi paydır, neyləyək ki, bizim də qədərimiz belə gəlib. Əgər həyat yoldaşım sağlam olsaydı, bəlkə də, biz bu vəziyyətə düşməzdik. Övladlarımıza qarın dolusu çörək verə bilmirik. Bir ata-ana kimi onların qarşısında günahkarıq. 9 aylıq əkizlərə un qovurması ilə baxıram. Onların hər ikisində vitamin çatışmazlığı yaranıb. 3 yaşlı Nigarın üstünə isə dediyim kimi, qaynar su tökülərək yanıb. Qolu, ayağı işləmir. Əməliyyat olunmalıdır. Buna isə bizim heç cür imkanımız yoxdur. Bir neçə yerə müraciət etmişik. Lakin heç bir kömək olmayıb. Yaşadığımız yataqxanada 9 nəfərlik ailə dar otaqda birtəhər yerləşmişik. Yataqxananın komendantına dəfələrlə bildirmişik ki, heç olmasa, bizə iki otaq verin ki, bu külfəti birtəhər dolandıraq. Şəraitsizlikdən uşağım da yandı. Uşaqların hamısı xəstədir. Mən onlara yemək tapıb verə bilmirəm. Üzümü qəzetiniz vasitəsi ilə bütün aidiyyəti və imkanlı şəxslərə tutub deyirəm ki, Allah rizası üçün bizdən köməyinizi əsirgəməyin".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.