Cəmiyyət

“Sonuncu” Ramazan

28 May 2016 22:40
1 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının astanasındayıq. Bu ayın gündüzlərini müsəlmanlar oruc tutacaq. Gecələrini isə xəlvətə çəkilərək Məbudları ilə həmsöhbət olacaqlar. Hərənin bir dərdi, bir problemi, bir istəyi... Bəzən isə cəm olaraq öndəkinin etdiyi dualara birlikdə "Amin!" deyəcəklər. Ümmətin, xalqın mənafeyindən irəli gələn dualar. Dualardan söz düşmüşkən...

Milli.Az islam.az-a istinadən bildirir ki, Ramazanda məscidlərdə, müxtəlif məclislərdə, xüsusən də Qədr gecələrində edilən "klassik" dualar sırasında beləsi də var: "İlahi! Bu Ramazanı bizim sonuncu Ramazanımız qərar vermə!" Xatırladınızmı? Bir çoxumuz da buna "Amin!" demişik. Hansı məqsədlə? Nəyi nəzərdə tutmuşuq o an?..

Müsəlmanlar böyük şövqlə Ramazanın gəlişini, İlahi ziyafətin başlanmasını gözləyirlər. Bir neçə gündən sonra o qatar gələcək və onları Allahın mərhəmətinə, nemətinə tərəf aparacaq. Nurlu gecələr, bərəkətli iftarlar, sevinc göz yaşları. Amma bu sevinc burulğanında, savab yağışında bir də bəzi mətləbləri unutmayaq. Diqqətli olaq, ətrafımıza nəzər salaq. Ötən Ramazanlarda bizimlə bir süfrə ətrafında əyləşib iftar edənlərdən bəzilərini bu il yanımızda görmürüksə, bir narahat olaq, onları arayaq. Bəlkə xəstə olanı var? Bəlkə yardıma ehtiyacı var kiminsə, onun problemini həll edə bilərik? Ya bəlkə kimsə artıq Haqqın dərgahına qovuşub, biz bixəbər qalmışıq? Axı Ramazanın bir başqa fəlsəfəsi də yardımlaşma, ətrafındakıları düşünməkdir.

Bu il Ramazan karvanına qoşula bilməyənlər də var ki, ilk dəfə bu Müqəddəs ayı tamaşaçı qismində seyr edəcək. Xəstəlik üzündən onlar kamil bir Ramazanı sonuncu dəfə ötən illərdə yaşadılar.

Onlar bu Ramazana yetişdilər. Fəqət, bu Ramazan sözün əsl mənasında, tam dolğun bir Ramazan olmayacaq onlar üçün. Perronda dayanıb Ramazan qatarının ardınca gözlərində nisgil baxacaq, qəlblərindəki ağrını, iztirabı o qatarın xoşbəxt sərnişinlərinə biruzə verməməyə çalışacaqlar. Qardaşlıq hissi onlara güc verəcək ki, heç kimin əhvalını təlx etməsinlər. Və... Qatar gedəcək. Onlar isə qalacaqlar. Hərə öz yükü ilə. Hərə son, sonuncudan əvvəlki, daha öncəki Ramazanlar xatirələri ilə qəlbini ovunduracaq. Allahın hər təqdirinə şükür edəcək, ancaq... Ramazan orucunun layiqli əvəzi varmı? Mümkündürmü Ramazanda susuzluqdan quruyan dodaqların bəxş etdiyi səadəti başqa bir şeydə tapmaq? İtirilən, özü də əbədi itirilən nemət. Acınacaqlıdır, ağır imtahandır, deyilmi? Odur ki, əziz müsəlmanlar, bu ilin Ramazan dualarında sizin yanınızda olan, lakin artıq sizin savab qazanmaq imkanlarına malik olmayanları da xatırlayın. Onlara... Nə? Nə diləmək olar onlara? Bunu hər kəsin öz öhdəsinə buraxaq. Hərə öz qəlbinin səsini dinləsin. Kim bilir, bəlkə də artıq gələn Ramazanda bu il dua etdiklərinizin bəziləri yenə də sizinlə eyni qatara minmək şərəfinə layiq olacaq? Axı Allahın mərhəməti sonsuzdur.

P.S. "Allah hər bir çətinlikdən sonra asanlıq verir." (Talaq, 7)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.