Cəmiyyət

Başqalarının həyatına burun soxmaq nəyə gərək?

27 May 2016 21:52
20 Şərh     Baxış: 4 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başqalarının həyatını müzakirə etmək, necə deyərlər, başqalarının həyatına "burun soxmaq" toplum üçün hər zaman maraqlı və əyləncəlidir. Və heç şübhəsiz ki, ziyanlıdır. Adam tanıyıram ki, qonşusuyla qeybət etməyə xüsusi hazırlaşır, saatlarla güzgünün qarşısında məşq edir, eşidəcəyi xəbərlərə verəcəyi reaksiyanı yüz dəfə ölçüb-biçir, övladını və ya  nəvəsini erkəndən dükana göndərib tum, sərinləşdirici içkilər aldırır, həvəslə qonşuya zəng edib, ölkənin taleyüklü məsələlərini müzakirə etməyə dəvət edir.  

Onsuz da söhbət hərlənib-fırlanıb cahilliyin, savadsızlığın, kitabsızlığın üzərinə gələcək. Mənim də əvvəlki hövsələm yoxdur ki, saatlarla dastan deyəm. Ona görə dərhal söhbətimin mabədini bəyan edirəm.  Sözsüz ki, hamınız dedi-qodunun, qeybətin cahillikdən, bekarçılıqdan qaynaqlandığını bilirsiniz.  Ona görə də bəri başdan deyim ki, bunun əsas səbəblərindən biri də toplumun kitabdan uzaq düşməsidir. Nə seriallar, nə ucuz, mənasız şoular toplumun başqalarının həyatına göstərdiyi sonsuz marağı təmin edə bilir. Televiziyalar acizdir. Çünki seriallardakı parıltılı həyat qeybət üçün kifayət qədər əlçatmaz, şoulardakı "saçyoldu" sünidir. Həqiqi qeybət üçün əsl həyat faktları, real, əlçatan, empati qura biləcəyimiz qəhrəmanlar olmalıdır. Yenə sağ olsun "yağışdan sonra göbələk kimi" artan xəbər portalları. Onlar olmasa, xalqın halı pərişan olar. 
Kitabdan uzaq düşmüş, qeybət ehtiyacını ödəməyə ciddi ehtiyac hiss edən həmvətənlərimə xeyirxah bir təkliflə müraciət etmək istəyirəm.  

Söhbəti çox uzatmadan sizə asan bir resept verirəm: əgər başqalarının həyatı sizin üçün bu qədər maraqlıdırsa, kitab oxuyun. Hə, vallah! Başqalarının həyatını kitablar qədər heç kəs sizə danışmayacaq. Düzdür, siz qonşunuz  Gülbadamın, uzaq qohumunuz Zalikənin, iş yoldaşınız Filmanın həyatına kitablarda rast gələ bilməyəcəksiniz, amma kitablar sizə imkan yaradacaq ki, tanımadığınız insanların da həyatını müzakirə edəsiniz. Eyni zamanda kitablarda qarşılaşdığınız adamları real həyatda tanıdığınız adamlarla, kitablardakı hadisələri qonşuda baş verən qalmaqalla müqayisə edə bilərsiniz. 
Məsələn, siz Mokondo kəndində yaşayan Buendia ailəsinin yarandığı gündən, məhv olduğu ana qədər keçdiyi həyat yolunu müzakirə edə bilər, Tenardiye ailəsinin əclaflığı barədə uzun-uzun danışıb onlara nifrin yağdıra, Buddenbroklar ailəsinin məhvinə göz yaşı töküb, Mopassanın qadın qəhrəmanlarını "ağ yuyub qara sərə" bilərsiniz.  Müxtəlif  təriqət şeyxlərinin yekun fətvasına görə, bu tip qeybətlər müstəhəbdir. Qonşunu müzakirə edib günahına girməkdənsə, kitabdakı xarakterlərdən danışıb, intellektual beyin fırtınası yaradın, eşidən də sizə əhsən desin.

Yoxsa şagirdi ilə evlənən müəllimdən sizə nə? Başqasının ailə həyatına "burun soxmaq" sizə nə qazandıracaq? Belə cəsarətli qeybət ustasısınız - erkən nikahları, 13-14 yaşında ailə qurmağa məcbur edilən biçarə qızların valideynlərini,  boşanmaların cəmiyyətə mənfi təsirlərini, ailə institutunun çökməyini müzakirə edin, buna yol verənləri, şərait yaradanları qınayın. Yoxsa lağlağıyla, ələ salmaqla, məzələnməklə, qeybətlə iş aşmaz. Camaatın yataq otağında nə işiniz var? Zəhmət olmasa, burnunuzu o çarpayının altından çəkin, camaat rahat-rahat bal ayını yaşasın. Allah eləməsin, burnunuz o çarpayının altında, o yataq otağının qapısı arasında qalıb əzilər, plastik əməliyyata düşərsiniz.

Mənə qalsa, başqalarının həyatına müdaxilə etmək, qonşunun ailə problemlərini başqa bir qonşuyla müzakirə etmək məsləhət deyil. Eləməyin belə şeylər.

Məmmədrzaquliyevlərin qızının boşanmasını müzakirə etməkdənsə, Tenardiyelərin qızının Mariusla münasibətini müzakirə edin. Belə olsa, heç kəsə ziyanınız dəyməz, o mübarək burnunuz da qəza nəticəsində zədələnib, sizə əlavə problem yaratmaz.
Burnunuzdan muğayat olun. 
Allah amanında!

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.