Cəmiyyət

Allaha gedən yolda hallar

26 May 2016 23:15
6 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təsəvvüf aləmində hal - arif üçün bir fürsət və qənimət anıdır ki, ondan faydalı şəkildə istifadə etməlidir. Sufi hər halın şövqünü və ləzzətini duymağı bacarmalıdır, yalnız hazırkı halı ilə yaşamalı, nə dünəni, nə də sabahı düşünməlidir. Elə bu üzdən sufilər özlərinə "ibn əl-vəqt" (vaxtın oğlu) deyirlər. Vaxt isə sufiyə varid olan haldan başqa bir şey deyildir. Məşhur arif Əbu Səid Əbül-Xeyrdən rəvayət edirlər ki, 700 təriqət şeyxi təsəvvüfün mahiyyəti barədə söz dedi, ən kamil tərif isə bu oldu ki, "təsəvvüf - vaxtdan ən layiqli şəkildə istifadə etməkdir".

İrfan ədəbiyyatında halların sayı, adı və təsnifatı müxtəlifdir. Ən məşhur halların sayı 10-dur ki, Əbu Nəsr Sirac Tusi onları "Əl-Lümə" əsərində ardıcıllıqla təsvir edir. O, hər bir halı, özündən sonrakı növbəti hal üçün hazırlıq pilləsi kimi araşdırır. Belə ki, hal haqqında məlumat verdikdən sonra onun sonrakı halı döğurduğunu yazır. Biz də hallar haqqında məlumat verərkən həmin kitabdakı ardıcıllığa riayət edirik.

1. Müraqəbə - Allahın hər an ondan və onun əməllərindən xəbərdar olması barədə bəndənin biliyi müraqəbə adlanır. Qurani-kərimdə buyurulur: "Allah hər şeyə nəzarət edəndir" (Əhzab, 52). "Xatırla ki, insanın sağında və solunda, onun bütün əməllərini yazan iki mələk oturmuşdur. Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən iki mələk vardır" (Qaf, 17-18).

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Allaha, sanki Onu görürmüşsən kimi ibadət et. Əgər sən onu görmürsənsə, O, səni görür".

Müraqəbə halında salik həmişə yəqin etməlidir ki, Allah onu görür. Məşhur sufi İbn Ətadan soruşdular ki, ən üstün itaət hansıdır? Cavab verdi: "Hər zaman haqla müraqəbə halında olmaq".

2. Qürb - haqq yolçusunun özünü unudub Allaha yaxınlaşması, fəna dərəcəsinə çatıb, hər şeyi, hətta qürbün özünü də unutmasıdır. Bu halda arif sanki özünü itirir, yalnız Allahı görür.

Ariflərdən biri qürbə belə tərif vermişdir: "Qürb odur ki, ortaya çıxan hər şeyi ortadan götürəsən, sevən ilə sevgili arasında yaranan maneələri kənarlaşdırasan".

"Risaleyi-Quşeriyyə"də yazılıb ki, bəndə Allaha itaət etməklə qürb halına yetişər və qürbün şərti - davamlı ibadətdir.

Lahici "Şərhi-Gülşəni-raz" əsərində belə yazır: "Sən yaxınlığın çoxluğundan (yəni, Allaha çox yaxın olduğundan) özündən uzaq düşmüsən. Çünki çox uzaqlıq idrakın itməsinə səbəb olduğu kimi, çox yaxınlıq da idrakın itməsinə səbəb olar..."

Sufilər qürb halından danışarkən, Qurani-Kərimin bu mübarək ayəsinə tez-tez istinad edirlər: "Biz ona (insana) şah damarından da yaxınıq" (Qaf, 16).

Rəvayət edirlər ki, Zünnun Misri həcc mövsümündə Kəbənin ətrafında təvaf edərkən arıq bədənli, gözləri çuxura düşmüş bir cavan oğlan görür. Zünnun ondan soruşur: "Sevgilin varmı?" Oğlan cavab verir: "Bəli, var". Zünnun soruşur: "Sevgilin sənə yaxındır, yoxsa uzaq?" Oğlan deyir: "Yaxındır". Zün-nun yenə sual verir: "Səninlə həmdil və həmfikirdir, yoxsa sənin əksinədir?" Oğlan deyir: "Mənimlə həmtay və mənə uyğundur". Zünnun təəccüblə söyləyir: "Sübhan Allah! Sevgilin həm yaxındır, həm də sənə uyğundur, sən isə bu cür pərişan və dərdli gəzirsən?!" Oğlan cavab verir: "Məgər bilmirsən ki, yaxınlığın sonunun əzabı uzaqlığın sonunun əzabından daha şiddətlidir?!"

3. Məhəbbət - sufilərin fikrincə, bütün məqamların bünövrəsi və əsası tövbə olduğu kimi, bütün halların da bünövrəsi məhəbbətdir. Deyirlər ki, Allahın bəndəyə məhəbbəti rəhmətdən də üstündür və yalnız seçilmişlərin seçilmişlərinə şamil olar.

Məhəbbətə çoxlu təriflər verilmişdir: ayrı-ayrılıqda bunların hər biri cazibədar və könüloxşayandır. Təriflərin birində deyilir: "Məhəbbət - ürəkdə olan bir oddur ki, məhbubun (sevgilinin) istəyinə uyğun gəlməyən hər şeyi yandırar".

İnsanın məhəbbətini 6 mərhələyə ayırmışlar: Birinci mərhələ xasiyyət və zövqün nəyə isə uyğun gəlməsi, onunla üst-üstə düşməsidir. İkinci mərhələ - meyl, üçüncü - vüdd, dördüncü - məhəbbət adlanır. Beşinci mərhələni valehlik, yəni sərgərdanlıq və heyranlıq adlandırmışlar. Nəhayət, altıncısı həva mərhələsidir ki, hava kimi saf və qarışıqsız olar, bu mərhələdə sevgilidən savayı bütün arzu və istəklər ürəkdən çıxar.

Sufi mənbələrində məhəbbət üçün sadalanmış xüsusiyyətlərdən məlum olur ki, əslində məhəbbət - eşqin əvvəli və müqəddiməsidir. Məhəbbət kamilləşərək sonda eşqə çevrilir və eşq, bəndənin Allaha münasibətinin ən kamil formasıdır.

islam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.