Cəmiyyət

"Şpaqat açmayan jurnalistlərdənik" - İlhamiyyə Rza ANS-dən getməyindən danşır

24 May 2016 17:07
5 Şərh     Baxış: 5 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:07

Teleaparıcı İlhamiyyə Rzanı 10 il fasilədən sonra efirdə görə bildik. ANS kanalında "Nəzər nöqtəsi" verilişi ilə yenidən tamaşaçıları ilə görüşdü. Bu görüş isə cəmi 4 ay davam etdi. Onunla söhbətimiz məhz ANS-dən getməsi ərəfəsinə düşdü. Aparıcı söhbətimizdə bu və digər məqamlara özü aydınlıq gətirdi... 

Milli.Az-ın xeber365.com-a istinadən müsahibəni təqdim edir.  

"Telekanallar özəl marketlərə bənzəyir"

- İlhamiyyə xanım, uzun müddətdən sonra yenidən televiziyaya qayıtmısınız. Adətən televiziyadan uzaq düşən aparıcılar efirləri, həmkarlarını tənqid atəşinə tutur, yenidən aparıcılıq təklifi gələn kimi isə bu tənqdiləri unudurlar. Siz də televiziyada işləmədiyiniz vaxtda tənqidlər səsləndirirdiniz. Bəs indi necə fikirləşirsiniz, Azərbaycan efir məkanının vəziyyəti İlhamiyyə Rzanı qane edirmi?

- Efirə dönəndən sonra məndən mediada bu barədə soruşan olmayıb. Amma özüm zaman-zaman sosial şəbəkədə münasibət bildirmişəm. Yəni hələ ki, efir siyasətində elə bir köklü dəyişiklik görmürəm. Vaxt vardı ki, müsahibələrimdə keyfiyyətin aşağı olmasından, məzmunun bəsit və bayağılığından şikayət edirdim. Amma zaman keçdikcə anladım ki, bunlar işin sonrakı tərəfidir. Əsas məsələ yanaşmada və efir siyasətindədir.  Kanallar özəl  marketlərə bənzəyir, çalışırlar ki, malın çeşidi çox olsun, tez və baha satılsın. Keyfiyyət arxa plandadır və çox zaman ümumiyyətlə yoxdur. 

- Dönüşünüz niyə məhz ANS-ə oldu?

- Televiziyaya qayıdandan ta  gedənə kimi elə bu suala cavab verməli oldum. Düzünü deyim ki, çoxları bu sualı qınaqla verirlər.  Heç kim demir ki, axı niyə döndün? Məsələnin belə qoyuluşu əslində məni sevindirir. Əksəriyyət mənim dönüşümü çox təbii hal kimi qarşılayır, demək. Seçim məsələsinə gəlincə, icazə verin indi də mən sizdən soruşum. Siz mənim dönüşümü arzulayanlardan birisiniz. Məni hansı kanalda görmək istərdiniz? Mövcud  kanallar arasında bu qədərmi prinsipial fərq var? Sualım ritorikdir. Hamısı aşağı-yuxarı eyni işi görür, əsas məqsədsə reytinq, yəni pul qazanmaqdır. Onu da qeyd edim ki, seçim etməyimdə əsas rolu ANS-dəki format dəyişikliyi oynadı. Bir tamaşaçı kimi ANS-ə baxmağa başladım, sonra ordan dəvət alanda, qərar qəbul etməzdən əvvəl söhbətlərdən də anladım ki, bu kanal keyfiyyət dəyişikliyinə qərar verib. Bu isə o deməkdir ki, reytinq sistemindən imtina edib. Eynilə insan həyatında olduğu kimi, əgər sən dürüst yaşamağı, heç kimi aldatmamağı, halal zəhmətlə çörək pulu qazanmağı seçirsənsə, acından ölmək təhlükəsiylə üz-üzə qalacağın çox asanlıqla proqnozlaşdırıla bilər.
Bu seçimi edən özəl kanaldırsa o uzun müddət  ayaqda qala bilməz. Ancaq xəbərdə, itimai siyasi mövzularda profilini və simasını formalaşdırdığımız bir çox dünyada tanınmış kanallar BBC, CNN  mahiyyət və formaca ictimai kanallardır. Yəni gündəlik pul qazanmaq, reytinq qopartmaq barədə düşünmürlər, ya dövlətin dotasiyasındadırlar, ya da əhalinin vergiləri hesabına fəaliyyət göstərirlər. Əslində, ikisi də eyni şeydir.

"ANS-lə başqa cür razılaşmışdıq"

- Yaxşı, söhbətlərdən ANS-in reytinq sistemindən imtina etdiyinizi anladınız. Bəs televiziyanın özündə olanda nəylə qarşılaşdınız, həqiqətənmi reytinq arxasınca getmirlər? Məsələn, sizin "Nəzər nöqtəsi" proqramınızdan reytinq tələb edilmir?

- Əlbəttə, edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. 
Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman "iqnor" etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan. Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə "get" deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil. 

"Bunu deyənlərin özləri uça-uça televiziyaya gedirlər"

- Jurnalistikaya gələndən tez-tez belə bir fikir eşitmişəm ki, KİV içində televiziya mənəvi mühit baxımından ən çox çirkaba batanıdır, orda baş çıxarmaq çətindir. Sizcə, niyə cəmiyyətdə, media əhli arasında belə bir fikir formalaşıb?

- Yanlış fikirdir. Bunu deyənlərin özlərinə televiziyadan iş təklif olunanda uça-uça gedirlər. Dəfələrlə şahidi olmuşam. Sadəcə televiziyada işə düzəlmək çətin, məşhurlaşmaq asandır. "Pişiyin əli ətə çatmayanda deyər ki, iylənib" deyimi burda yerinə düşür.

 "Sinfi ayrılıqlar mediaya da sirayət edib"

- Fikir verirsinizsə, mətbuat qalmaqallarının, mətbaut üzərindən atışmaların sayı gündən-günə artır. Əvvəlki həmrəylikdən əsər-əlamət qalmayıb. Bu, həmişə beləydi, yoxsa son dövrlərdəki mənəvi aşınmadan sonra olub?

- Həmişə belə deyildi, əlbəttə. Birmənalı cavab vermək çətin olsa da deyim ki, daha vahid media cameəsi yoxdur. Bunun səbəbləri də çoxdur. Sadalasam, uzun olar. Bir kəlməylə deyim ki, media müstəqil deyil. Cəmiyyətdə baş vermiş sinfi ayrılıqlar mediaya da sirayət edib və media indi daha çox biznes strukturdur. Supermarket prinsipi ilə işlədilir.

"Artıq mən siyasətlə yox, siyasət mənimlə məşğul olur"

- İlhamiyyə xanım, sizcə, dövlət televiziyasının formatı necə olmalıdır? Dövlət televiziyası quru, rəsmi olmağa borcludurmu? 

- Dövlət televiziyası dövlətin özünə oxşamalıdır və əslində, oxşayır da...

- Bəlkə də, bu barədə danışmaq xoş olmayacaq. Amma yenə də soruşum. Bir ara siyasətlə yaxından məşğul olurdunuz? İndi necədir vəziyyət, "siyasətə qarışırsınız", yoxsa yox? 

- Siyasətlə məşqul olmayanda özü səninlə məşğul olur. Mən indi  o mərhələdəyəm. Bir ara mən məşğul oldum, indi o mənimlə məşğuldur. Mən özümü siyasətlə mövqeləndirmirəm. Əlbəttə, mümkün olduğu qədər. Seçkilərdə iştirak etmək normalda aktiv siyasi fəaliyyət deməkdir. Amma gördüyünüz kimi, siyasətdə heç vaxt olmayanlar parlamentə düşdülər. Bu, mənimçün keçilmiş bir mərhələdir. Həm keçilmiş, həm də özümə, mənə səs vermiş, dəstək olmuş insanlara  "keçmiş olsun" dediyim bir mərhələ.
 
"Parlamentdə 1 üzvü də təmsil olunmursa, bu qurum ləğv olunmalıydı"
 
- Mən "İlhamiyyə Rza 125-lərdən niyə getdi?"dən əvvəl ora niyə gəldiyini bilmək istərdim. Niyə gəlmişdiniz, niyə getdiniz?

- Əslində, siyasətçi kimi özümü mövqeləndirsəydim, güman ki, hər hansı bir partiyaya daxil olar, onun sıralarından namizədliyimi təklif edib parlament seçkilərinə gedərdim. Amma bunu istəmədiyimdən və ətrafda mənim kimi ictimai fəaliyyətə önəm verən, amma partiya mənsubluğunu istəməyən insanlar xeyli vardı. Buna görə də partiya deyil, siyasi klub formatında təşkilatlandıq. Bir təşkilatın ki hədəfi parlament olsun, tərkibində olan 60-dan çox üzvünün biri də parlamentdə təmsil olunmasın, zənnimcə daha bu qurumun fəaliyyəti dayanmalı, yaxud  forma və məzmunca dəyişməldir. Uzun sözün qısası, daha orda nə başqanam, nə də ki sıravi üzv. 

- Parlamentə düşmədiniz. Jurnalist İlhamiyyə Rza siyasətçi İlhamiyyə Rzanın millət vəkili ola bilməməsinin səbəbini nədə görür?

- Görünür, bunu çox istəməmişəm. Deyilənə görə, insna bir şeyi çox istəyəndə bütün məqbul və qeyri-məqbul yollardan istifadə edir. Mən ancaq məqbul olanı seçdim. Və qətiyyən təəssüf etmirəm. 

- Məncə, televiziya, gördüyünüz mühitdən kitab yazsanız, böyük rezenans doğurar. Belə bir fikriniz yoxdur ki?

- Vallah kitaba gələcək qədər həyat materialı varmı, bilmirəm. Nəzərə alsaq ki, mən pisləri unudub, yaxşıları xatırlayanam, o zaman yazmağa heç nə tapmamaq təhlükəsiylə üz-üzə də qala bilərəm.

"Televiziyanın nə qızıl, nə də gümüş dövrü olub"
 
- Bəs ən yaxşı verilişinizi hansı hesab edirsiniz? Ümumiyyətlə, televiziyamızın qızıl dövrü hansı dövrdür?

- Televiziyamızın qızıl dövrü olmayıb. Gümüş dövrü də olmayıb. Space TV-nin əvvəlki dönəmləri olub ki, müəllif verilişlərinə ütünlük verilib nisbətən, vəssalam. "Gecə kanalı" verilişini hazırladığım dövtrü çox sevirəm. Hərçənd ki, ABA-dakı "Alo, eşidirik" də maraqlı idi, tam intellekt və ekspromta döykənən bir veriliş idi. Adrenalin idi başdan-ayağa. AzTV-nin "Səhər"i də yaxşı dövr idi. Ümumiyyətlə, televiziya menecmenti və proqram siyasəti nöqteyi nəzərindən vaxtilə ABA 20 il sonra belə indiki tvlərə örnək ola bilər.

"Həmid mənim üçün lakmus kağızı kimidir"
 
- İllər əvvəl həyat yoldaşınız, yazıçı Həmid Herisçi Azərbaycan ədəbi mühitinə postmodernizm ifadəsini gətirmişdi. Bu ifadə əvvəl daş-qalaqla qarşılansa da, sonralar postmodernizmin tərəfdarları çoxaldı. Sizcə, Həmid bəy indi ortaya atdığı post insan ideyasını zamanın sınağından keçirə biləcəkmi, ümumiyyətlə, onun bu fikirlərinə necə yanaşırsınız?

- Onun bütün fikirlərinə çox yaxşı yanaşıram və dəyər verirəm. Həmid mənimçün lakmus kağızı kimidir. Ona baxıb insanların dəyərini və ayarını elə gözəl müəyyən etmək olur ki... Özü də həm insani baxımdan, həm də peşəkarlıq baxımından.

- İlhamiyyə xanım, bu gün Azərbaycan efirində nə çatışmır, kim çatışmır, hansı mövzular çatışmır və niyə çatışmır?

- Azərbaycan efirində tamaşaçının maraqlarını, mənafeyini, istəyini, rifahını  düşünmək çatışmır.  Tamaşaçının qayğısına qalmır, ona xidmət göstərmir.


 
"Kütlənin istəyi çörək və tamaşadır"
 
- Telekanalların əksər verilişlərinin formatı ağlamaq, ağlatmaq, oynamaq və oynatmaq üzərində qurulub? Səbəbini soruşanda deyirlər, tələbat bunadır, buna baxırlar. Yəni Azərbaycan tamaşasına ağlamaq və oynamaqdan başqa heç nə lazım deyil?

- Siz deyən, yaxud onların dedikləri - kütlədir. Kütlənin istəyi isə ancaq çörək və tamaşadır. Tamaşaçı mənafeyi yoxdur. Bazar iqtisadiyyatıdır da, hər şeyi bazar təyin edir.

- İlhamiyyə xanım, ağıllı, bacarıqlı, hər kəsin diqqəti üzərində olan bir xanım, teleaaparıcısınız, sosial layihələriniz olub, millət vəkilliyinə namizəd olanda çiyninizə böyük yük götürmüşdünüz. Qısası, aktiv həyatınız var. Bu, sizi yormur ki? Hərdən heç deyirmisinizmi ki, kaş bir kənd evində mən də səsdən-küydən uzaq, böyük, ictimai qayğılardan uzaq bir həyat yaşayaydım...

- Əzizim, bunu mən düşünə bilərəm, amma cəmiyyət, məni tanıyanlar, dostlar, həmfikirlərin məndən gözləntiləri çoxdur. Hərdən fikirləşirəm ki, bir mənim də kimdənsə umub-küsəcəyim olsun da. Dediyim odur ki, böyük addımlarım, layihələrim daha çox sosial sifarişən qaynaqlanır, nəinki öz şəxsi təşəbbüsümdən.

"Kişi tərbiyə etdiyimin fərqindəyəm"
 
- Bu gün övlad böyütmək daha da çətinləşib, səbəbsə mühitdir. Bu çətinliyi xüsusilə oğlan uşağını böyütməyə aid edirlər. Sizin payınıza düşən hansı çətinliklərdir? Oğlunuzu cəmiyyətin naqisliklərindən, mənfi vərdişlərdən necə qoruyursunuz? Ümumiyyətlə, övlad tərbiyəsində öncəlikləriniz nədən ibarətdir?

- Mən, ilk növbədə,  kişi tərbiyə etdiyimin fərqindəyəm və hər mənada buna uyğun tərbiyə verməyə çalışıram. Bir də əsas özünə sayğı hissini aşılamaq istəyirəm ona. Belə adamları heç kim əzə bilmir. Nə avtoritar valideyn, nə despotik rəhbərlik, nə də hikkəli həyat yoldaşı. İstəyirəm dəyərli olsun və özünə dəyər verməyi bacarsın. Yalnız belə adamlar ətrafdakı insanlara dəyər verə bilərlər. 
Bəzən görürsən ki, dəb düşür, hansısa bir sevgi filmi, ya sevgi mahnısı yayılır. Hamı onu dinləyir, onu oxuyur. Məsələn, bu günlərdə "Bayaz Şou" verilişində oxunan bir sevgi  dueti yaman dəbdədir, baxsanız nə qədər baxış sayı var. Paylaşılır. Mən bütün bunları müşahidə edəndə öz özümə fikirləşirəm ki, lənət şeytana, bu qədər adam ki, sevginin nə olduğunu anlayır, o hisslərə dəyər verir, nə bilim dinləyib təsirlənirsə, o zaman nədən bu qədər sevgisiz bir dünyada yaşayırıq? Niyə hamı bir birini aldadır, incidir, riyakarlıq edir. Axı bunlar bir arada ola bilməz, mümkün deyil.  

"Etiraf edirəm ki, oğlum, gücüm çatmır"
 
- Bu gün yeniyetmələrin intiharında, yaşanan faciələrin kökündə duran bir səbəb də övladla valideyn arasında olan uçurumdur. Bir ana kimi siz bu barədə nə düşünürsünüz, valideynlərə nə məsləhət görərdiniz, bu uçurumu neçə məhv etməli, övlada necə yaxın olmalı?

- Övladla dost olmaq lazımdır. Bilmirəm, bunu bacarıram, ya yox. Çünki yaş fərqimiz çox böyükdür. Amma buna can atıram çalışıram.  Bəzən bir şeyin məntiqini ona başa sala bilməyəndə sadəcə etiraf edirəm ki, oğlum, gücüm çatmır, bunu edə bilmirəm. Belə hallarda o dərhal məni anlayır, özü də məntiqlə deyil, ürəklə.  Qucaqlayır məni, "bunu dərd eləmə, gülümsə" deyərək könlümü alır. 
Bir sözlə, mən görmək istədiyim insan obrazına çox yaxındır oğlum. Özü də təbiətən, mahiyyəti etibarilə.. Bİzə, validyenlərə qalan isə, sadəcə korrektələr etməkdir. 

-----------

15:17

Aparıcı İlhamiyyə Rza ANS telekanalından ayrılmasının səbəblərini açıqlayıb.

Milli.Az-ın məlumatına görə, o, xeber365.com-a müsahibəsində gedişini telekanalın reytinq tələbi ilə əlaqələndirib:

"Reytinq tələb edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burada işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində. özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil.

Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman "iqnor" etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan.
 
Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burada məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə "get" deyən olmadı, sadəcə, mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək, ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil". 

Qeyd edək ki, İ.Rza növbəti aydan etibarən "Nəzər nöqtəsi" verilişinə aparıcılıq etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.