Cəmiyyət

Bakıda ehtiyacı olanlar üçün daha bir pulsuz geyim mağazası açıldı - FOTO

1 May 2016 00:05
0 Şərh     Baxış: 14 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pulsuz geyimlər mağazasını tapmaq heç də çətin olmadı. Buranı AMAY ticarət mərkəzində hamı tanıyır. Nişan verilən istiqamətdə getdim. Təsəvvürümdəki mağaza daha çox geyinilmiş və rəngi solmuş paltarlardan ibarət olmalı idi. Amma gördüyüm mənzərə məni əməlli-başlı çaşdırdı. Vitrində bəmbəyaz gəlinlik asılmışdı. Başımı qaldırıb yuxarı baxdım, düz gəlmişdim. Üzərində "Güvən"dən ehtiyac sahiblərinə geyim" sözləri yazılmış pulsuz paltarlar mağazasının qarşısında idim.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mağaza artıq bir aydır ki, fəaliyyət göstərir. Burada istənilən yaşda və istənilən ölçüdə paltar tapmaq mümkündür. Şənbə və bazar günləri saat 13:00-dan 17:00-a qədər xidmət göstərən mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa, mağazaya buyurub, ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa Allaha xatirinə geyimlərini mağazaya təhvil verə bilər.

"Ehtiyac sahiblərinə geyim" devizi ilə fəaliyyət göstərən mağaza hələlik həftənin iki günü işləyir. "Güvən" təşkilatının yaradıcısı Nigar Bayramlının virtualaz.org-a bildirdiyinə görə, belə bir ideya çoxdan yaransa da, yalnız indi xeyriyyəçi insanların dəstəyi, AMAY ticarət mərkəzinin təşəbbüsü nəticəsində reallaşdıra bilib.

"Mağazaya hər gün paltar gətirib verirlər. Arasında təzə paltarlar geyinilmiş paltardan daha çoxdur. Geyinilmiş olsa belə, daha çox təmiz olur. Mağaza kirayə haqqı vermir. Biz ehtiyacı olan hər kəsə geyim veririk. Amma mağazamızın fəaliyyət göstərdiyi vaxtda hələ kişilərin yaxınlaşıb nəsə almaq istədiyini görməmişik. Amma kişilərin də geyimə ehtiyacı var və əlbəttə, əgər gəlib istəsələr, problem yoxdur".

Yeri gəlmişkən, vitrindəki bəyaz gəlinliklə bağlı da soruşduq. Məlum oldu ki, bu bir qədər öncə xyriyyə təşkilatı tərəfindən internatı bitirmiş məzunlara toy edən zaman xeyriyyəçi bir xanım tərəfindən hədiyyə edilib. Valideyn himayəsindən məhrum gənclərə növbəti toyu planlaşdırdıqlarından gəlinlik vitrindən asılıb.

Mağaza rəhbərliyindən onu da öyrəndik ki, burada hər bir insana 2 paltar verilir. Amma ehtiyacları varsa və artıq götürmək istəyirlərsə, onlara əlavə paltarlar da verilir. Gələnlər isə şəxsiyyət vəsiqəsi və ya əlillik vəsiqəsini göstərirlər.

N.Bayramlının sözlərinə görə, mağazaya bəzən imkanlı şəxslər də girib paltar seçirlər, amma imkansızlar üçün pulsuz geyim mağazası olduğunu biləndə, onları geri qaytarırlar:

"Bir dəfə İran vətəndaşları gəlmişdilər. Onlar özlərinə xeyli paltar seçdilər. Sonra yaxınlaşıb qiymətini soruşanda bu geyimlərin imkansızlar üçün pulsuz olduğunu dedim. Azərbaycanda belə bir mağazanın olmasından çox təəccübləndilər. Hətta ticarət mərkəzindən özlərinə aldıqları bir çox geyimləri də mağazamıza imkansız insanlara vermək üçün bağışladılar".

N.Bayramlıya indiyə qədər ən çox təsir edən hadisə isə gözdən əlil ana və lal oğlunun mağazaya gəlməsi olub. Onların yaratdığı hissi sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyən təşkilat rəhbərinin sözlərinə görə, onların bir-birini anlaması, paltar seçmələri o qədər təsirli olub ki, hələ uzun müddət bu təsirdən çıxmayacaq:

"Onlar mənə anlatdılar ki, digər mağazalarda arxalarınca danışırlar, tənqid edirlər və qovurlar. Belə bir mağaza olduğunu eşidəndə paltar tapmaq ümidi ilə bura gəlmişdilər. Həqiqətən tapdılar da. Amma bilirsiniz, mənə həm də təsir edən o oldu ki, onlar seçdikləri geyimləri evə aparıb yoxlayanda bəziləri əyinlərinə olmayıb. O zaman əyinlərinə olmayan geyimləri geri qaytarmışdılar".

Bu cür mağazaların gələcəkdə Azərbaycanın bütün rayonlarında yaradılması planlaşdırılır. Artıq Mingəçevir və Şəki şəhərlərində belə mağazalar açılıb. Adi insanlar, məktəblilər özlərinin geyinmədikləri paltarları gətirilər. Satıcılar isə daha çox könüllülərdir. Mağaza haqqında isə insanlar daha çox "Facebook" vasitəsilə xəbər tuturlar.

Təşkilatın digər üzvü Aliyə İsmayılovanın sözlərinə görə, mağazaya hətta rayonlardan da gələnlər var:

"Ötən həftə burada insan əlindən tərpənmək mümkün deyildi. Rayonlardan, o cümlədən, Siyəzəndən, Qubadan, Yevlaxdan, Sumqayıtdan və digər yerlərdən insanlar gəlmişdi. Saat 17:00-da mağaza bağlanmalı idi, amma saat 20:00-a qədər işlədik. Hamı da özünə nəsə tapa bildi, razı getdi. Etiraf edim ki, bura gətirilən paltarların heç də hamısı təmiz olmur. Amma biz bura cırıq paltar qoymuruq, istəyirik ki, insanlar onları geyinəndə sevinsinlər".

Mağazanın əsas alıcıları isə tənha analardır. Onların əksəriyyəti həyat yoldaşlarından ayrılıblar və bir neçə uşaqla tək qaldıqlarından övladlarını geyimlə təmin etməkdə çətinlik çəkirlər. Belə təşrif buyuranlardan biri də 5 uşaq anası Vüsalə xanımdır. Uşaqları ilə geyim seçməyə gələn qadın göz yaşlarını saxlaya bilmədi. Onun sözlərinə görə, uşaqlarının məktəbə getməsində, ailəsinin təmin olunmasında, evinin kirayə haqqının verilməsində bu təşkilat köməklik edib. Elə Nigar xanımı şəxsən tanıdığından belə bir mağazanın olmasını da ondan öyrənib:

"Əvvəllər hər cür imkanımız var idi, sonradan yoldaşım müflis oldu və daha sonra ayrıldıq. Sabunçuda kirayədə yaşayırıq. Elə olur ki, heç yeməyə çörəyimiz olmur. Nigar xanım bizə çox kömək edir".

Digər bir alıcı Mehriban xanım da bura 2 uşağı ilə gəlib:

"Yoldaşım yoxdur, iki uşağı tək böyüdürəm. Burada geyimlər götürmək mümkündür. Təmiz paltarlardır. Hətta çoxu gəzməyə geyindirmək üçündür, evdə geyindirməyə adamın əli gəlməz".

Söhbətimiz bitmək üzrə idi ki, gözüm masanın üzərində olan arzular dəftərinə sataşdı. İçərisində alıcılar tərəfindən ürək sözləri yazılmış dəftəri Nigar xanım mənə də təqdim etdi. Bəlkə də, yazılanlar insan sevincinin, xoşbəxtliyinin məhsulu olduğundan, bu dəftərin çox xoş aurası var idi. Elə orada yazdıqlarımı burada da qeyd etmək istəyirəm: "Bir insanın üzünü güldürmək, bir insanı xoşbəxt etmək böyük savabdır. Bu yolda həmişə Allah yardımçınız olsun! Bir də, qoy dünyada imkansız, çıxılmaz vəziyyətdə olan, uşağının üzünə baxmağa utanan valideyn olmasın. Bütün xeyriyyəçilik təşkilatları, fondları işsiz qalsa belə".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.