Cəmiyyət

Rəsulullaha inanırsınızmı?

30 Aprel 2016 22:40
47 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmiyyətdə "ziyalı" olaraq tanınan və açıq sözlü olan bəziləri Allaha inandıqlarını, lakin Rəsula (sas) inanmadıqlarını söyləyirlər.
Qurani Kərimin ifadəsi ilə desək: Allah və Rəsulunun (sas) arasını ayıran, Allaha inanıb, Rəsuluna inanmayan bu insanlar ilk öncə
Allaha olan imanlarını nəzərdən keçirməlidirlər.

Milli.Az azerislam.com-a istinadən bildirir ki, onlar necə bir Allaha inanırlar ki, inandıqları Allah, on dörd əsrdir yeganə İlah olaraq sadəcə Allaha inanan milyardlarca səmimi möminin yalnız Rəsulu Muhəmmədə (sas) tabe olmalarına izin vermişdir!
Onlar necə bir Allaha inanırlar ki, inandıqları Allah, Rəsulu Muhəmmədi (sas) gizi və açıq yardımlarla dəstəkləmiş, onun əziz və bəxtiyar etmişdir!

Bu mümkündürmü?
Tarixdən də gördüyümüz kimi hər hansısa bir azğının peyğəmbər olduğunu iddia etməsi, Allah adına iftiralar söyləməsi mümkündür. Lakin Allahın belə bir azğını əziz və bəxtiyar etməsi mümkündürmü?
Əlbəttə ki, mümkün deyil. Belə ki, tarixdəki bütün yalançı peyğəmbərlərin zəlil aqibətləri açıq və aydın olduğu kimi Quranın bu barədəki hökümləri də açıq və aydındır:
"Əgər o (Peyğəmbər), Bizə qarşı bəzi sözləri uydurub söyləmiş olsaydı, şübhəsiz ki, onu qüvvətlə yaxalayar və sonra onun şah damarını kəsərdik. O zaman sizdən heç biriniz buna mane ola bilməzdiniz" (Haqqə, 44-47)

Bundan başqa Quranı Kərimin möhtəşəmliyi onun bir bəşər sözü olmadığına açıq-aydın bir dəlil olduğu kimi, Quranı Kərimdə Rəsulullahı (sas) ittiham edən və ona xəbərdarlıq edən ayələrin olması da bu İlahi Kəlamın qəti olaraq Peyğəmbərin (sas) sözü olmadığının başqa bir dəlilidir.
Allaha inandıqlarını, lakin Rəsuluna inanmadıqlarını söyləyən insanlar şübhə yoxdur ki, yaşadığımız coğrafiyada çox azdırlar. Cəmiyyətimizin böyük əksəriyyəti Allaha və Onun Rəsulu Muhəmməd Mustafaya (sas) inandıqlarını söyləyən və bu söylədiklərində olduqca səmimi olan insanlardır. Başqa sözlə desək bu insanların Peyğəmbərə (sas) inanıb, inanmadıqları haqqında deyil, bu inancın Quran işığında, Qurani həqiqətlərlə yenidən gözdən keçirilməsi gərəkdiyi haqqında danışacağıq.
Bütün müsəlmanların inandıqları, iman etdikləri Rəsulullah (sas) bir peyğəmbər olaraq niyə göndərilmişdir və göndərildikdən sonra nələr etmişdir?
Şanı uca Rəbbimiz bu önəmli suala Qurani Kərimdə belə cavab verir:
"And olsun ki, sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə, 128)

"Biz səni aləmlər üçün sadəcə bir rəhmət olaraq göndərdik" (Ənbiya, 107)

O, ümmilər içində, özlərindən olan və onlara ayələri oxuyan, onları arındırıb, təmizləyən və onlara Kitabı və hikməti öyrədən bir peyğəmbəri göndərəndir. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər." (Cümə, 2)

Aləmlərə rəhmət olaraq göndərilən, möminlərə Allahın ayələrini oxuyan və onları arındırıb-təmizləyən Rəsulullah (sas) bu halı və bu həyat tərzi ilə bütün dünya müsəlmanlarına örnəkdir. Belə ki, Qurani Kərim bu örnəkliyə işarə edərək bütün müsəlmanların Əfəndimizdən (sas) örnək almaqlarının vacibliyini zikr edir:

"And olsun ki, Allahın Rəsulu Allahı və axirət gününə ümid edənlər və Allahı çox-çox zikr edənlər üçün gözəl örnəkdir!"(Əhzab, 21)

Görəsən bizlər bu yetərincə örnək alır,
yetərincə yaşayır və bu örnəkliyi göstərə bilirikmi?
Təəssüf ki, xeyir!
Yaşadığımız cəmiyyətdə peyğəmbər varisi olduqlarını söyləyən bir çox din xadimlərində (təmsilçilərində) da bu örnəyi və bu örnəkliyi görmürük. Belə ki, bu günün insanlarına "İmamlıq bir işiniz varmı?" deyə sual verdiyimizdə o insanların ağlına o qədiqə ölülər gəlir və ona uyğun cavablar verirlər. Çünki imam (molla) deyilən bir çox din xadiminin "ən önəmli və əsl işləri" ölülərlə bağlı işlərdir!!!
Rəsulullah beləmi etmiş, ümmətinə beləmi örnək olmuşdur?!
Məscidə gələn insanlara namaz qıldırmaq və ölüləri dəfn etmək üçünmü göndərilmişdir?!
Məscidə gələrək namaz qılan insanların məsciddən çıxdıqdan sonra nə etdikləri ilə, hara getdikləri ilə, kim tərəfindən və necə idarə edildikləri ilə heç maraqlanmamışdırmı?
Həm də nə üçün ordu komandiri və Dövlət başçısı olmuşdur?! Orduda vakansiya yerlər vardır, yoxsa siyasətçi qıtlığı yaşanırdı?
Dövlət başçısı olduğu zaman hansı şeyxülislamdan fətva almış və ya özü hansı dövlət başçısına şeyxülislamlıq etmişdir?
Sultanlara şeyxülislamlıq etməyib, arzu və istəklərinə görə fətva istəyənlərə müftilikmi etmişdir?
İnsanları Allah adına xəbərdar edib qorxudarkən hakim mövqelərin desturunumu (izin), yoxsa İslamın düsturunumu nəzərə alırdı?
Açıq-aydın cavabları içində olan bütün bu suallar Rəsulullahı (sas) həqiqətən örnək almaq istəyən müsəlmanların daima nəzərə almaları vacib olan suallardır. Mövzu bu məqama gəlmişkən bir məsələni də gündəmə gətirmək lazımdır: İlahi dəvəti gündəmə gətirən bu günün müsəlmanlarına "Allah ilə qul arasına girilməz!" deyərək etiraz bildirənlərə də sual vermək istərdik:
Rəsulullah (sas) sizin söylədiyiniz mənada Allah ilə qul arasına girmişdirmi?
Sizin söylədiyiniz mənada Allah ilə qul arasına girərək insanlara Allahın əmr və qadağalarını bildirib, insanları Allahın yoluna dəvət etməmişdirmi?
"Allah ilə qul arasına giliməz" ifadəsi fitri baxımdan doğru olsa da onların istifadə etdiyi baxımdan yanlış və şeytani bir yanaşmadır. Çünki hər fürsətdə vəsvəsələri ilə Allahla qul arasına girərək insanları yoldan çıxartmaq istəyən şeytan onlara "Allah ilə qul arasına girilməz" deyə vəsvəsə verərək Allah ilə qul arasına özündən başqa heç kimin girməsini istəmir.
Xülasə Allah ilə qul arasına girən şeytandan deyil, insanları haqqa dəvət edən saleh müsəlmanlardan rahatsız olan bu insanlar bu yanaşmaları ilə Allahı deyil, şeytanı məmnun etmiş olurlar.
Peyğəmbər (sas) və peyğəmbərliklə bağlı olaraq bildirilən digər bir həqiqət isə onun son peyğəmbər olmasıdır.
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Nəbilərin sonuncusudur. Allah hər şeyi bilir." (Əhzab, 40)

Heç düşündünüzm?
Rəsulullahın (sas) peyğəmbərliyi, örnək və rəhbər olmaq vəsfi nə qədər vaxta qədər davam edəcək bir vəsf, nə qədər davam edəcək bir missiyadır?
Yuxarıdakı ayədə bu sualın cavabını verməklə və Rəsulullahın (sas) son peyğəmbər olduğunu bəyan etməklə, bu peyğəmbərliyin Dünya yaşantısının sonuna qədər, yəni qiyamətə qədər davam edəcəyini bildirməkdədir.

Bu həqiqəti unudaraq Rəsulullahın (sas) rəhbərlik və örnəklik missiyasıı sadəcə onun yaşadığı zaman diliminə nisbət edənlər, bu ayə ilə xəbərdar edilirlər:
"Muhəmməd yalnız bir elçidir (Rəsul). Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar." (Ali-İmran, 144)

Təbii ki, indiyə qədər anlatdıqlarımız məsələnin daha çox imanla bağlı tərəfləri idi. Lakin onun qədər digər tərəfi isə sevgi tərəfidir. Qurani Kərimdə Rəsulullaha duyulması lazım olan sevgi ilə bağlı belə deyilir:
"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz". (Tövbə, 24)

"Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır..." (Əhzab, 6)
Bu ayələrdən nə anlayırıq?
İman etdiyini söylədiyiniz Rəsulullah (sas) sizlərə həyat yoldaşlarınızdan, uşaqlarınızdan, malınızdan, öz nəfsinizdən daha sevimli, daha önəmli deyilsə deməli sizlə o rəhmət peyğəmbərini (sas) tanımırsınız və deməli tanımadığınız bir peyğəmbərə iman etdiyinizi söyləyrsiniz.
Çünki, onu tanımağa çalışıb sevməmək, onu anlamağa çalışıb da heyran olmamaq mümkün deyil.
Yetər ki, Rəsulullahı tanımağa və anlamağa çalışaq. O rəhmət peyğəmbərini tanıdıqca daha çox anlayacaq, daha çox anladıqca da daha çox sevəcəyik.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.