Cəmiyyət

Könlümün Sultanı, gözümün nuru...

30 Aprel 2016 21:45
14 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, Allah-Taalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir;
O, Allahın Elçisi, Sevimlisi; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfi;
O, Allah-Taalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibi;
O, bəşəriyyəti Allah-Taalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşid;
O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nur;
O, Allah-Taalanın Qurani-Kərimdə "Allaha iman etdim deyənlər Ona itaət etsinlər"- buyurduğu Böyük Vəkil, Xəlifə;
O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçi;
O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.
***
Miladi təqvimi ilə 571-ci ilin aprel gününə açılan dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də, dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Muhamməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş.
Onu sevənlər havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb, üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi... Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır.
***
Ona Allah-Taala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Taalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.
O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirdisə, vermək üçün istəyirdi; Onun yolunu tutmaq bizi qurtuluşa çıxarar, bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.
***
1400 ildir ki, İslam aşiqləri Rəsulullah sevgisiylə coşub çağlayırlar. Peyğəmbərimizin vəsfinə yazılmış nəti-şərifləri bir araya yığsanız yüzlərlə cild kitablar ortaya çıxar. Amma bütün bu gözəl duyğular və şeirlər arasında biri var ki, Pəsulullahı sevən bütün könüllərin tərcümanıdır. Süleymən Çələbinin nəti-şərifini deyirik. Elə bu mübarək Mövlud Qəndili münasibətilə Süleymən Çələbiyə, Yunus Əmrəyə, Mövlanaya, Sədi Şiraziyə, Məhəmməd Füzuliyə, Mehmet Akifə, Seyyid Nigariyə, adını çəkə bilmədiyimiz bütün Rəsulullah aşiqlərinə, İslam bülbüllərinə Allahdan rəhmət diləyirik.
***
Yeri gəlmişkən, onu da xatırladaq ki, klassik ədəbiyyatda bütün nəzm əsərləri bir qayda olaraq minacatla başlayır, nətlə, zamanın padşahının mədhi ilə davam edir, əsərin yazılma səbəbi açıqlanandan sonra mövzuya keçilir. Minacat - Allaha həmd etmək, Onun uca şanını vəsf etmək üçün yazılan ədəbi parçadır; nət - Rəsulullahı (s.ə.s.) vəsf edən şeir növüdür. Klassik ədəbiyyatımızın ən geniş yayılmış janrlarından biri də elə nətdir. Hətta nət müsabiqələri keçirmək tarix boyunca ənənə halını almışdır. Şairlərdən biri bu mövzuda yazır: "Ey Allahın Peyğəmbəri (Allahın salamı Sənin üzərinə olsun!), mənim Sənin adına dastan yazmağım Sənə bir şey qazandırmır, amma Sənin adın mənim əsərimin içində bərəkət toxumu kimi boy verdikcə onu sevdirir, yaşadır".
***
Onu vəsf edən minlərlə şeirlər yazılıb. Hər birisi də bir sevginin, vəfa borcunun ifadəsidir. Amma o yazılanlar arasında Süleyman Çələbinin qələmə aldığı Nəti-Şərif hər zaman seçilib. Mütəxəssislər bu əsəri çox yüksək dəyərləndirir, hətta heyrət doğuracaq ədəbi nümunə adlandırırlar.
Yazımızın sonunda Süleyman Çələbinin o məşhur Nəti-Şərifindən seçmələri dəyərli oxucularımızın diqqətinə təqdim edirik:
"Nəti-Şərif"dən parçalar
Allah adın zikr edəlim əvvəla,
Vacib oldu cümlə iştə hər qula.
Allah adın hər kim ol əvvəl ana.
Hər işi asan edər Allah ona.
Allah adı olsa hər işin önü,
Hərgiz əbtər olmaya anın sonu.
Bir kəz Allah dersə şövq ilə lisan,
Tökülür cümlə günah misli-xəzan.
İsmi-Pakin pak olur zikr eyləyən
Hər murada yetişir Allah deyən.
Eşq ilə gəl indi Allah deyəlim,
Dərd ilə, göz yaş ilə ah edəlim.
Ola kim rəhmət qıla ol padişah,
Ol Kərimü ol Rahimü ol ilah.
***
Bu gələn elmi-lədun sultanıdır,
Bu gələn tövhidi-irfan kanıdır.
Bu gələn eşqinə dövr eylər fələk,
Yüzünə müştaq dürür insü-mələk.
Bu gecə ol gecədir kim, ol şərif,
Nur ilə aləmləri eylər lətif.
Bu gecə şadan olub ərbabi-dil,
Bu gecəyə can verir əshabi-dil.
Rahmətən lil-aləmindir Mustafa,
Həm şəfi ül-müznibindir Mustafa.
***
Cümlə zərrati-cahan edib səda,
Çağrışuban dedilər kim, mərhəba!
Mərhəba, ey ali-sultan, mərhəba!
Mərhəba, ey kani-ürfan, mərhəba!
Mərhəba, ey sirri-Furkan, mərhəba!
Mərhəba, ey dərdə dərman, mərhəba!
Mərhəba, ey bülbülü-bağı-cəmal,
Mərhəba, ey dərdə dərman, mərhəba!
Mərhəba, ey mahü xurşidi-Xuda,
Mərhəba, ey Haqdan olmayan cüda!
Mərhəba ey asi ümmət məlcəi,
Mərhəba ey çarəsizlər əşfai!
Mərhəba, ey cani-baqi, mərhəba,
Mərhəba, uşşaqə saki, mərhəba!
Mərhəba, ey qüdrəti ayni-Xəlil,
Mərhəba, ey xasi-məhbubi-Cəlil!
Mərhəba, ey rahmətən lil aləmin.
Mərhəba, sənsin şəfi əl-münzibin.
Mərhəba, ey padişahi-du cahan,
Sənin üçün oldu kövn ilə məkan.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.