Cəmiyyət

Övladımıza qənim kəsilməyək...

29 Aprel 2016 21:56
29 Şərh     Baxış: 3 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər dəfə valideynlərinin 2-3 yaşlı qız uşaqlarını hicaba bürüdüklərini görəndə bu fikirlər keçir ağlımdan...

Deməli, filosoflardan biri yazır ki, hər bir uşaq Budda kimi doğulur. Onun şüurun yüksəlişinə çatmağa, həqiqəti tapmağa lazımi potensialı olur. Bəs niyə belə az Budda var? Çünki ailə uşağın potensialını dağıdır. Ailə müəyyən dini ideologiyanın, siyasi ehkamların, hansısa fəlsəfi görüşlərin, ilahiyyat məktəblərinin, cəmiyyət qaydalarının, "olmaz"ların uşağa təsir etməsinə şərait yaradır. Ondan yararsız bir varlıq düzəldir, uşaq üçün yaşamaq əzaba çevrilir.

Bəzən də ailə və uşaqlar cəmiyyətin qurbanına çevrilirlər. 

Con Steynbekin "Mirvari" adlı əsəri var. Romanda bir buxtada yaşayan kasıb mirvari ovçusunun - Kino və ailəsinin hekayəsi danışılır. Onun övladını xilas etmək ümidiylə üz tutduğu dənizdən çıxardığı misli görülməmiş mirvari təkcə ümid deyil, bədbəxtlik də gətirir.

Bunu hiss edən Kinonun arvadı Juana mirvaridən qurtulmaq istəyir, bunun üçün ərinə təkid edir. Ancaq Kino razılaşmır. Əsas səbəb isə mirvarinin pulu ilə oğlunu oxutmaq istəyi olur. Kino: "Oğlum oxuyacaq, kitabları vərəqləyəcək, yazmağı da öyrənəcək, onun bunları bilməsi bizə azadlıq bəxş edəcək", - deyir.

Uşağı əqrəb çalır. Bu zaman kənddə ona kömək edəcək tək bir həkim olur. O da qapısına mədəd üçün gələn Kinonun, ailəsinin, kəndlilərin əyin-başına, üz-gözünə baxıb kömək etmir, qapını üzlərinə bağlayır. Bir az sonra Kinonun dənizdən qiymətli daş tapdığını eşidən kimi onun evinə qaçır, uşağı müayinə edir və vaxtında çatmasaydı, ölə biləcəyini deyir.

Kinonun qəzəbi yerini qorxuya verir. Özü savadsız, cahiliydi, işin içini bilmirdi, amma həkim bilirdi. Ona görə də özünün dəqiq bilmədiyini həkimin dəqiq bildiyi ilə eyni gözə qoymağı gözə ala bilməzdi. Amma bilirdi ki, bununla da xalqının həmişə düşdüyü tələyə o da düşmüşdü və kitabda yazıldığı deyilən şeylərin həqiqətən kitabda yazılıb-yazılmadığını bilməyənə qədər bu cür tələlərə çox düşəcəkdilər.Yüz illərdir savadsızlıq ucbatından boyun əymək məcburiyyəti Kinonun içini sızladır.

Uşaq sağalır. Mirvari alverçilərinin, qonşuların bu qiymətli daşı ələ keçirmək istəyi gücləndikcə ailənin də qorxuları artır. Juana mirvarini dənizə ataq desə də, Kino yenə öz fikrində qalır: "O, bizim tək şansımızdır. Oğlum oxuyacaq, bizi içinə tıxan bu qaranlığı yırtıb çıxacaq".

Gün çatır, Kino, arxasında da bütün kənd mirvarini satmağa gedirlər. Ancaq artıq daş-qaş alverçiləri öz aralarında sözləşmişdilər. Mirvarini ən ucuz qiymətə almaq üçün hiylə qurmuşdular. Ancaq Kino onların hiylə qurmasından şübhələnir, əlindəki mirvarinin bu qədər ucuz ola biləcəyinə inanmır və onu satmır.

Həmin gün çaşqınlıq içində olan qonşular arasında belə bir dialoq keçir:

- Alverçilər heç mübahisə belə etmədilər. Üçü də mirvarinin dəyərsiz olduğunu dedi. 
- Bəlkə də, razılaşdırılmış döyüş idi bu.
- Əgər elədirsə, deməli, biz həyatımız boyu hamımız aldadılmışıq. 
Beləcə, bütün kənd mirvari üstündə Kino ilə savaşır, onu ələ keçirmək üçün balaca daxmasını belə yandırırlar. Kino adamlardan birini öldürür və kənddən qaçmağa məcbur olur. Bu əzablı yollarda oğlu ölür...
Camaat arzusuna çatır, Kino oğlunu oxuda bilmir, onlar qaranlıqdan çıxa bilmirlər. Ümidin, işığın nəğməsi qaranlığın, bədbəxtliyin ağısına çevrilir...

Elmsizlik qaranlıqdır, elmsiz insanlar hər kəsi bu qaranlıqda görmək istəyirlər. Ya da elmli insanlar elmin gücünü yaxşı bildiklərindən hamının aydınlanmasından qorxurlar.
Oxumaq, aydınlanmaq üçün nə mirvariyə ehtiyac var, nə o mirvarini xilas etmək üçün mübarizələrə, savaşlara, ölümlərə...

Əsl mirvari  bizim öz əlimizdədir, əlimizi uzatsaq, çatacaq. Bu mirvarinin adı təhsil, elm, və maarifdir. Gözümüzün qabağında olan sərvətə yiyə dura bilsək, dünyanın yerdə qalan sərvətləri ayağımızın altına səpələnəcək.
Mən buna bütün qəlbimlə inanıram, bütün qəlbimlə!

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.