Suyuna xlor qarışdırılan üzgüçülük hovuzuna murdar əşya düşsə, həmin hovuzda üzən adamın bədəni də murdar olacaqmı?
Milli.Az islam.az-a istinadən bildirir ki, İslam şəriətinə görə, əgər su müəyyən miqdardan çox olarsa, içinə düşən nəcasəti özündə həll edir və pak sayılır. Yetər ki, nəcasətin iyi, dadı və ya rəngi suda hiss olunmasın. Bu miqdara "kür" deyirlər. Eni, uzunluğu və dərinliyi 3 qarış və ya 3,5 qarış olan fəzanı doldurmuş su kür sayılır. Bu da təqribən 377-384 litrdir. Üzgüçülük hovuzları bundan qat-qat böyük həcmə malikdir. Suyun tərkibində az miqdarda xlorun olması maneçilik yaratmaz. Yəni hovuza düşən nəcasət əgər suyun rəngini, iyini və ya dadını dəyişmirsə, su pak hökmündədir və üstəlik, suyun içinə düşən hər hansı bulaşıq əşyanı da pak edər.
Milli.Az