Cəmiyyət

Bakıda Wi-Fi problemi: yenə vəd verilir?

11 Fevral 2016 23:44
1 Şərh     Baxış: 3 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə ictimai yerlərdə hər il pulsuz Wi-Fi sisteminin quraşdırılması söz verilsə də, amma nədənsə, bu proses uzadılır. Şəhər parklarında və digər məkanlarda gəzib dolaşdığınız vaxt internetə qoşulmaq istəsək də, təəssüf ki, bu, mümkün olmur. Mobil operatorların İnternet paketləri də ucuz deyil ki, hər kəs onlardan istifadə edə bilsin. Bir çox kafe və restoranlar müştərilərə pulsuz Wi-Fi təqdim edir, lakin bundan faydalanmaq üçün mütləq masa arxasında əyləşib sifariş vermək lazımdır. Belə olan halda, tam pulsuz Wi-Fi sisteminin ölkəmizdə nə vaxt tətbiq olunması problemi ilə üz-üzə qalırıq.

Milli.Az anspress-ə istinadən bildirir ki, hələ ötən ildən dayanacaqlarda, avtobuslarda, Dənizkənarı Bulvarda və s. kimi ictimai yerlərdə Wi-Fi sisteminin tətbiq ediləcəyi ilə bağlı məlumatlar verilsə də, amma görünən budur ki, hələ də vədlərə əməl olunmur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyir ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır: "Hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır. Odur ki, metroda belə bir sistemin nə vaxt quraşdırılacağı barədə də konkret zaman deyə bilmərəm".

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov hazırda parkın bir çox yerlərində obyektlərdə WİFİ şəbəkəsinin olduğunu dedi. Onun sözlərinə görə, əhali üçün Bulvarın bütün ərazisində bu sistemin quraşdırılması yaxşı olardı, amma bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səyi nəticəsində həyata keçirilə bilər.

Nazirlikdən aldığımız məlumata görə isə, Dənizkənarı Bulvar ərazisində hazırda pulsuz wifi sisteminin quraşdırılması məsələsi müzakirə obyekti deyil.

"Bakubus"-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında avtobuslarda bu sistemin quraşdırılması bu ilin birinci rübündə yekunlaşacaq. "Bizim avtobuslarda sistem fəaliyyət göstərir. Sadəcə, biz tender elan etmişik. Hansı şirkət qalib gəlsə, onun wi fi-dan istifadə ediləcək. Biz keyfiyyətli sistem istəyirik. İstəmirik ki, sərnişinlər internetdən istifadə edərkən, əziyyət çəksinlər. Avtobuslarımızda maksimum yüksək keyfiyyətli wifi olacaq", - deyə Nuridə Allahyarova əlavə etdi.

Qeyd edək ki, ötən il Baku 2015 ilk Avropa Olimpiya oyunları zamanı Dənizkənarı Parkda, London taksilərində, avtobus dayanacaqlarında, habelə bir sıra digər məkanlarda pulsuz İnternet təqdim olunmalı idi. Lakin bir çox məkanlarda bu Wi-Fi şəbəkəyə rast gəlinmir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin sabiq rəhbəri Şəfa Mehmanqızı "Bakı Taksi Xidməti" MMC-yə məxsus olan taksilərə quraşdırılacaq sistem ilə bağlı hazırlıq işlərinin getdiyini və bu ilin sonunadək bu istiqamətdə işlərin yekunlaşacağını bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov isə I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq 2015-ci ildə bütün dayanacaqlarda Wi-Fi quraşdılacağını vurğulasa da də, gördüklərimiz bunun əksini deyir.

Azərbaycandan fərqli olaraq, xarici praktikaya nəzər salsaq, görərik ki, pulsuz Wi-Fi zonaları, demək olar ki, ölkənin hər bir sahəsini əhatə edir. Məsələn, 2000-ci illərin əvvəllərindən xarici ölkələrdə bu sistem istirahət parkları, metro stansiyaları, idman mərkəzləri, təhsil ocaqları, intensiv hərəkətli küçələrdə və s. məkanlarda quraşdırılmağa başlanılıb. Kütləvi şəkildə həyata keçirilən bu addımlarda məqsəd həmin ölkənin və ya şəhərin daha inkişaf etmiş olduğunu göstərmək olub. Wi-fi sistemini ictimai yerlərdə yayan ilk ölkələr bunlardır:

ABŞ-ın Kentukki ştatında isə qəbirstanlıqda da bu möhtəşəm sistemə rast gəlsəniz, təəccüblənməyin. Belə ki, Oak Grove qəbiristanlığının rəhbərliyi bu ərazidə dəfn edilmiş insanların qohumlarını qeyri-adi ideya ilə şoka salıb. Baş daşıların bir hissəsi QR-kod lövhəcikləri ilə təchiz olunub ki, insanlar mərhuma aid səhifəyə keçib onun haqqında ətraflı məlumat ala bilirlər. Bunun sayəsində mərhumun həyatı haqqında məlumat almaq, onun şəkillərinə baxmaq və ya hətta qonaq kitabında öz başsağlığını vermək mümkün olur.

Wİ-Fİ - kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz texnologiyadır. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Odur ki, yuxudan oyanan kimi əlimizi ilk növbədə mobil telefona uzadan bir cəmiyyətdə yaşayırıqsa, ictimai yerlərdə, əhalinin daha çox yığışdığı məkanlarda bu sistemin olması zəruridir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.