Cəmiyyət

Şəhid zabitin yeznəsi: “Bu yay evlənmək istəyirdi...” - VİDEO

11 Fevral 2016 23:18
12 Şərh     Baxış: 3 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rahibi bu yay evləndirmək istəyirdik. Hətta qonşu kənddə gözaltı elədiyi qız da var idi".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu ötən gün düşmən təxribatının qarşısını alarkən şəhid olan Tovuz rayonunun Bozalqanlı kənd sakini Rahib Quliyevin yeznəsi Vüqar Quliyev deyib.
 
Onun sözlərinə görə, qaynı Rahib ötən ilin sentyabr ayında məzuniyyətə gələrək, ailə qurmaq üçün hazırlıq işlərinə başlamışdı: "Biz də burda qalan adam kimi onun ev-eşiyini düzəldirdik. Təmir edirdik ki, Allahın köməyi ilə bu yay toy edəcəyik. Bir də ayın 20-də məzuniyyətə gəlməli idi. Biz də səbirsizliklə gözləyirdik ki, gələcək ev-eşiyinin qalanını da düzəltdirəcək. Çox qoçaq adam idi. Həyət-bacanı, hamısını özü səliqə-sahmana saldı ki, toy edəcəyik".
 
Məzahir Quliyev, əmisi: "Çox ağıllı uşaq idi. Əziyyət çəkdik, 9 il oxutduq. 10 ilə yaxın idi xidmət edirdi. Qisməti də bu idi. Allah bütün şəhidlərə rəhmət eləsin, qalanlara da cansağlığı versin".
 
Rahib Quliyev 1990-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Orta təhsilini kənd orta məktəbində alıb. 9-cu sinfi bitirdikdən sonra əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra isə xidmət üçün ön cəbhəyə gedib.
 
Qənirə Paşayeva, millət vəkili: "Mən onu əvvəldən tanıyırdım. Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. Bizim hər zaman dəstəklədiyimiz uşaqlardan biri idi ki, hərbi məktəbdə oxumaq lazımdır. Bizim ən yaxşı gənclərimiz hərbi kadrlar olmalıdır. Ali Hərbi Məktəbdə onlarla görüşmüşdüm də. Görüş zamanı da o, çox fərqlənən bir gəncimiz idi. Böyük idealları, xəyalları olan gəncimiz idi ki, torpaqlarımızı işğaldan azad etməliyik. Vətənimizi daha güclü şəkildə qorumalıyıq. Torpaqlarımız uzun müddət işğalda qalmamalıdır. Biz lazım gəldiyi anda canımızı qurban verməyə hazır olmalıyıq".
 
Nüsrət Quliyev, məktəb direktoru: "Mən onu daim izləyirdim. Bütün məzunları izləyirik, onu da xüsusilə. Orda həmişə vətən haqqında düşünürdü. Vətənin işğal olunmuş torpaqları, ermənilərin o torpaqlardan təmizlənməsi haqqında düşünürdü. Həmişə onunla əlaqələr qururduq".
 
Rahib oxuduğu sinifdə hərb sənətini sevən 6 nəfərdən biri idi. Yoldaşları onu mərd, qorxmaz bir dost kimi xatırlayırlar.
 
Elvin Abbasov, dostu: "Qorxmaz idi ilk növbədə. Deyim elə dəcəlliyi yox idi. Uşaqlar arasında mehribançılıq var idi. Hamı ilə səmimiyyət yaradırdı. Biz də fəxr edirik ki, bizim başucalığımızıdır Rahib. Təki hər bir igid oğlan onun kimi olsun".
 
Yaşar Bağırov, dostu: "Hər dəfə şəhərdən gələndə bizi itirib axtarardı. Çox canfəşan biri idi. Dostdan ötəri canını verən bir insan idi".
 
Şəhidin hüzn mərasimində onun xidmət etdiyi hərbi hissənin nümayəndələri də iştirak edib. Onlar Rahibin vətənini, xalqını sevən bir zabit olduğunu bildiriblər.
 
Ceyhun Məmmədov, mayor: "Öz vətənin sevən, hərb işinə sadiq olan, şəxsi heyətin qayğısına qalan bir zabit idi. Qəhrəman, mərd oğul kimi döyüş şəraitində şəhid oldu. Şəhidin valideynlərinə, qohumlarına səbir diləyirəm. Xalqımız əmin ola bilər ki, heç bir şəhidin qanı yerdə qalmayıb. Rahibin də qanı yerdə qalmayacaq. Düşmən öz əməlinin cavabını bir on qat alacaq".
 
Rahib Quliyev doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində deputat Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti iştirak edib.
 
Qeyd edək ki, Rahib Nəriman oğlu Quliyev ailənin tək oğlan övladı idi. Üç il əvvəl atası xəstəlikdən dünyasını dəyişib. Rahib Quliyev fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olub. Allah rəhmət eləsin!
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəhid zabitin yeznəsi: "Bu yay evlənmək istəyirdi..."

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.