Cəmiyyət

O qədər mənə cadu, əməl ediblər ki...

12 Fevral 2016 21:17
19 Şərh     Baxış: 5 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan telekanallarını sevirəm. Ölkənin ümumi əhval-ruhiyyəsini, efirlərimizin vəziyyətini, aparıcılarımızın səviyyəsini bir daha gözdən keçirmək üçün televiziya proqramlarını şövqlə və zövqlə izləyirəm. Bəzi intellektual dostlarımız kimi, efirlərdən biryolluq imtina etmək indiki ruh halıma görə mənə sərf eləmir. Dağ başında yaşayan bir vətəndaş kimi, paytaxtın o ağır intellektual, doyumsuz mədəni, fövqəladə ədəbi, postmodern bədii, ciddi tərbiyəvi, gərgin psixoloji aurasını duymaq, uzaqdan da olsa bu "mədəni" mühiti sərf-nəzər etmək mənim üçün maraqlıdır, hətta vacibdir.

Məsələn, hansısa televiziya kanalının ciddi xəbərlər proqramında teleserial anonsu, şou proqramında siyasi-analitik ricətlər, mədəniyyət proqramında iqtisadi-sosial təhlillər izləmək inanılmaz zövqdür. Zaur Baxşəliyevin müdrik-didaktik söhbətlərini, kamali-ədəblə qonaqlarına verdiyi öyüd-nəsihətləri dinləyəndə özümü məsud və bəxtiyar hiss etməmək üçün heç bir səbəbim qalmır. Hərdən günümə Turanla başlayıb, Yusiflə həyatıma rəng qatıb, Mikayıloğlu İlqarla gecəmi xeyrə calayıram. Hələ bir Mikayıl vardı...

Azər Axşamı, Mətanət Əliverdiyevanı, Elgizi efirdə görəndə sevincdən yerimdə atılıb-düşürəm. Hələ incəsənətimizdə xarüqələr yaradan, mistik və kosmik, əbədiyaşar və zövqlü, sənətləri ilə xalqımızı sürətlə irəli aparan müğənniləri, hərdən məməsinin birini, budlarının hər ikisini xalqa göstərən sənət adamlarını görəndə hönkür-hönkür ağlamağımdan danışmıram. Xülasə, mən Azərbaycan televiziyalarına baxmaqdan xüsusi zövq alıram. Sadəcə, özümə yalnız ayda bir-iki dəfə bu zövqü yaşadıram. Çün, bir məsum yazıçı üçün bu qədər əyləncə kifayət edir.

O gün görürəm, yarlı-yaraşıqlı, geyimli-keçimli, səsli-ünlü, sənətiylə zirvələr fəth etmiş müğənnimiz Elton Zaurun adını əzbər bildiyim proqramında ibadətdən, cin-şəyatindən, dua-cadudan və bu kimi digər vacib, aktual, ümummilli problemlərdən, dəruni mətləblərdən danışır. Zati-möhtərəm ərz edir ki, "ibadət edirəm, depressiyaya düşürəm, qara qüvvəllərlə mübarizə aparıram, toyda tamadalıq edib, el məclislərində mahnılar oxuyuram". Şükür səni xəlq edənə! Bu zəkada bir insana xalqımızın əşəddü ehtiyacı var. Niyə? Çün hər oğulun işi deyil həm depresiyaya düşsün, həm də qara qüvvələrlə mübarizə aparsın, həm ibadət eləsin, həm də mahnı oxusun. Xülasə, bu mömin qardaşımızın ürəkdağlayan fəryadı hələ də qulağımdan getmir.

Zavallı Elton Zaura yazıq-yazıq baxıb belə deyirdi: "O qədər mənə cadu, əməl ediblər ki... Bilmirəm, kim edib, amma şübhələndiklərim var". Bu sözləri eşidəndən sonra məndə can qalar? Əlimi üzümə tutub qaçdım bayıra ki, arvad-uşağın yanında hönkürüb ağlamayım. Eləcə qarın üstünə çöküb yalan olmasın, yarım saat hıçqırdım. Baxdım ki, nə ağaclar, nə soyuqdan donan sərçələr, nə buz bağlamış su boruları məni kiritmək istəmir, dərindən bir hönkürtü vurdum. Elton qardaşımızın halı məni göyüm-göyüm göynətdi, sızım-sızım sızlatdı, ağulu-ağulu ağlatdı. Son öz-özümə: "Üzülmə, igid, vaxt gələr, bütün müğənnilərimiz depressiyadan çıxarlar, xalqımız da xoşbəxt həyatına qaldığı yerdən davam edər", - dedim.

İnanın ki, bu günahsız, məsum, küskün insanların depressiyaya düşməsi bir vətən övladı kimi məni çox narahat edir. Hiss edirəm ki, belə vacib mətləblər xalqımızı da çox düşündürür. Bir tərəfdən də qəddar insanlar onlara cadu edirlər.

Vicdanınız olsun, ey qara qüvvələr! Niyə eltonlara-meltonlara, şansonlara-pritonlara dua-cadu edirsiniz? Günah deyilmi?

Niyə imkan vermirsiniz ki, onlar sənətimizi çiçəkləndirsinlər?

Ehh...Heç bilmirəm, nə deyim...

İstəyirəm, Elton bilsin ki, bütün xalqımız bu ağır günlərdə onun yanındadır!

(Bu yerdə müəllifi ağlamaq tutduğu üçün bir siqaret yandırıb, bayıra qaçır...)

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.